Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4309/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-1659/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “əmək haqqı və digər ödənişlərin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ödənilməmiş məzuniyyət haqqına görə 3.900 manat, 9 ay verilmiş istirahət günlərinə görə 6.240 manat, 3 il ərzində artılmalı əmək haqqına görə 3.600 manat, verilməmiş 3 aylıq əmək haqqına görə 1.950 manat, cəmi 15.690 manat məbləğində pulun Cavabdeh1-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə iddiaçı və cavabdeh QSC arasında əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.16-cı bəndinə əsasən işçinin həftədə 40 saatdan çox olmayaraq işləməli olması göstərilsə də, iddiaçı, faktiki olaraq son 3 ildə həftədə 60 saat işləmiş, artıq iş saatlarına görə iddiaçıya əlavə əmək haqqı verilməmişdir. Bundan başqa, ildə bir dəfə verilməli olan məzuniyət günləri qısaldılmış və 6 aylıq məzuniyyət pulu ödənilməmişdir. Müqavilədə hər 6 aydan bir maaşının 50 manat artması nəzərdə tutulsa da, iddiçıya həmin artımı ala bilməmişdir. İddiaçının son əmək haqqının məbləği 650 manat olmuşdur. İddiaçıya qarşı edilən bütün qanunsuzluqlara baxmayaraq o, susmağa məcbur olmuşdur. Lakin, xx.xx.2019-cu il tarixdə QSC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək qanunvericiliyinə əsasən işçi heç bir səbəb olmadan işdən çıxarılarsa, əvvəlcədən xəbərdarlıq edilməli və ona son üç aylıq əmək haqqı ödənilməlidir. Lakin, cavabdeh QSC iddiaçıya işlədiyi 15 gün üçün əmək haqqını da verməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, onunla QSC arasında bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəliklər QSC tərəfindən yerinə yetirilməli, ödənilməmiş məzuniyyət haqqına görə 3.900 manat, 9 ay verilmiş istirahət günlərinə görə 6.240 manat, 3 il ərzində artırılmalı əmək haqqına görə 3.600 manat, verilməmiş 3 aylıq əmək haqqına görə 1.950 manat, cəmi 15.690 manat məbləğində pul QSC-dən onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4309/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, araşdırma aparmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçının əslində əmək müqaviləsində göstərildiyi kimi, həftədə işlədiyi iş saatlarının cəmi 40 saatdan artıq olmamış, hətta çox vaxt işlədiyi saatlar həftəlik olaraq daha az saat təşkil etmiş, ona bütün illərdə məzuniyyət haqqı tam olaraq verilmiş, əmək haqqısı da müqavilədə qeyd olunan tarixlər üzrə dəyişmiş məbləğdə, yəni artırmalarla olan əmək haqqısını alması Bankdan alınmış hesabdan çıxarış sənədləri ilə təsdiq olunur. Odur ki, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə ilə işəgötürən QSC tərəfindən xx.xx.2014cü il tarixdən iddiaçı qənnadı köməkçisi vəzifəsinə işə götürülmüşdür. Həmin əmək müqaviləsinin 4.1-ci bəndinə görə 135 manat aylıq əmək haqqı, 4.16-cı bəndinə görə gündə 7 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayan iş vaxtı, 4.27-ci bəndinə görə 21 təqvim günü əsas məzuniyyət müddəti müəyyən edilmişdir. Əmək müqaviləsinin 8.2-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdən işçnin aylıq əmək haqqı 190 manat, xx.xx.2017-ci il tarixdən 220 manat, xx.xx.2019-cu il tarixdən isə 255 manat müəyyən edilmişdir. Həmin əmək müqaviləsinin 9.3-cü bəndinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. «xxxx» ASC tərəfindən Cavabdeh1-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli PBCOS-3410 №-li arayışdan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixə qədər əmək haqqı ödənilmişdir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti üzrə verilmiş 02/M №-li, 31/M №-li, 23/M №-li, 54/M №-li, 06/M №-li, 21/M №-li, 42/M №-li və 15/M №-li əmrlərdən görünür ki, İddiaçı 2014-cü ilin aprel ayından 2020-ci ilin aprel ayına qədərki iş dövrü üzrə əmək məzuniyyətlərindən tam istifadə etmişdir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Buna görə də cavabdehin 17/19 №-li xx.xx.2019-cu il tarixli bildirişi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «B» bəndinə əsasən iddiaçı ilə əmək münasibətlərinin xx.xx.2019-cu il tarixdən ləğv edilməsi barədə iddiaçıya məlumat verilmişdir. Hazırda iddiaçı işəgötürən tərəfindən ona əmək haqqı və digər ödənişlərin ödənilməməsinə istinad edərək həmin ödənişlərin edilməsini tələb edir. Bu barədə iddia ilə məhkəməyə müraciət etsə də, iddiaçının ddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın iddia tələbini rədd etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, iddiaçı və cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında tərəfər arasında əmək münasibətləri mövcud olmuş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının QSC-də işlədiyi bu müddət ərzində işəgötürən tərəfindən əmək müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında da hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia tələblərinin və onlara qarşı etirazların sübut edilməsi yükü iş üzrə tərəflərin üzərinə düşür. Hazırki işdə iddiaçı işçi olaraq ona münasibətdə işəgötürən olan cavabdeh QSC tərəfindən ona məzuniyyət pullarının və 3 aylıq əmək haqqının ödənilmədiyini, iş vaxtından artıq iş saatlarına görə əmək haqqının ödənilmədiyini bildirsə də, o, tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə, işdə olan davamiyyət tabellərində əks olunmuş məlumatlara görə iddiaçının aylıq iş saatı və iş günü aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı - 23 iş günü 146 iş saatı; 2018-ci ilin dekabr ayı - 23 iş günü 146 iş saatı; 2019-cu ilin yanvar ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin fevral ayı - 21 iş günü 133 iş saatı; 2019-cu ilin mart ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin aprel ayı - 13 iş günü 83 iş saatı; 2019-cu ilin may ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin iyun ayı - 23 iş günü 125 iş saatı; 2019-cu ilin iyul ayı - 23 iş günü 146 iş saatı; 2019-cu ilin avqust ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin sentyabr ayı - 21 iş günü 146 iş saatı; 2019-cu ilin oktyabr ayı - 21 iş günü 133 iş saatı. Göründüyü kimi, iddiaçının iş vaxtının müddəti həftə ərzində 40 saatdan, gün ərzində isə 7 saatdan artıq olmamışdır. İşdə olan “xxxx” ASC-nin verdiyi iddiaçının adına olan bank hesabı üzrə xx.xx.2018-xx.xx.2019-cu il dövrünü əhatə edən çıxarışdan görünür ki, iddiaçıya əmək müqaviləsinin şərtləri ilə müəyyən edilmiş işlədiyi iş satlarına uyğun əmək haqqı ödənilmişdir. Eyni zamanda Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin əmrlərindən görünür ki, İddiaçı 2014-cü ilin aprel ayından 2020-ci ilin aprel ayına qədərki iş dövrü üzrə əmək məzuniyyətindən tam şəkildə istifadə etmişdir. Bununla bağlı ödənişlərin edilməsi faktı iş materiallarında olan “xxxx” ASC-nin arayışı ilə də öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar, yəni işəgötürən tərəfindən əmək müqaviləsinin müddəalarının yerinə yetirilməməsi ilə bağlı dəlillər iş üzrə öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsi iddianı rədd etməklə bağlı düzgün qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas yaratmadığından qəbul edilmir. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1659/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Ülvi Mayılov Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-4309/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4309/2020
05.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver