Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-431/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, ekspert rəyinin mötəbərliliyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “X10” markalı, 2016-cı il buraxılışlı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh1 mülkiyyətindədir.
2. “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərərəfindən xx.xx.2022-ci il tarixli etibarnamə əsasında xx.xx.2028-ci il tarixinədək X3 istifadəsinə (sahibliyinə) verilmişdir.
3. 09 aprel 2022-ci il tarixdə, saat 22:29 radələrində X4 idarə etdiyi “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “X10” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə “X10” markalı avtomobilə ziyan dəymiş, Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolu ilə X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, eyni tarixli qərarla o, 40 manat məbləğində cərimə olunmuşdur.
4. “X10” markalı avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qiymətləndirmə aktında göstərilmişdir ki, “X10” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 2758,47 manat işçilik haqqı, 11 720,34 manat ehtiyat hissələrinin dəyəri, 2606,19 manat ƏDV olmaqla 17 085 manat təşkil edir.
5. “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış, “X10” markalı **- GG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə həmin sığorta şirkəti tərəfindən İddiaçı 5000 manat ödənilmişdir.
6. "xxxx" ASC-nin sifarişi əsasında “Haval Azerbaijan” şirkəti tərəfindən verilən qiymətləndirmə aktında göstərilmişdir ki, “X10” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün 7838 manat tələb olunur.
7. İddiaçı sifarişi əsasında "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, “X10” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 10 050 manat, işçilik xidmətləri 1570 manat olmaqla ümumi zərər 11 360 manatdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 6360 manat dəymiş zərərin əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azadlıq prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyət hüququ ilə ona məxsus olan və etibarnamə əsasında X5 tərəfindən idarə edilən “X10” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən zərər vurulmuşdur. “Toyota Prius (HİBRİD)” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. xx.xx.2022-ci il tarixli elektron qərara əsasən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası və Kriminalistika Bürosunun Texniki Ekspertizasının ekspertiza rəyinə əsasən “X10” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11 360 (on bir min üç yüz altmış) manat qiymətləndirilmişdir. Dəymiş zərərin 5000 (beş min) manatı sığorta şirkəti tərəfindən ödənilmiş, qalan zərərin ödənilməsi üçün cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, hadisəni törətdiyinə görə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə etiraz etmir. Lakin iddiaçı zərərin məbləğini şişirdilmiş formada ondan tələb edir. Bu səbəblə iddianı qəbul etmir və əgər iddiaçı razı olarsa, ona 2000 manat ödəməyə razıdır.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hadisəni o törətmədiyinə görə dəymiş zərərin ona hər hansı aidiyyəti yoxdur.
12. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu Texniki ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “X10” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11 059,0 manat müəyyən edilir.
13. Birinci instansiya məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 dəymiş maddi zərərə görə 6059 (altı min əlli doqquz) manatın və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsinin tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 48 (qırx səkkiz) manatının Cavabdeh2, 2 (iki) manatının isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin rəyində “X10” markalı **-GG-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11 059,0 manat məbləğində müəyyən edilmiş, zərərin 5000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Buna görə də iddiaçının avtomobilinə dəymiş zərərin 6059 (11 059-5000) manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
15. Məhkəmə vurğulamışdır ki, delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh1 hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmadığından, ona aid hissədə iddia təmin edilməmılidir.
16. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1108.1-ci, “İcbari Sığortalar haqqında” Qanunun 56.1.2-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin əsas götürdüyü ekspert rəyinin şübhəli olması, ekspertiza tədqiqatının natamam aparıldığı, ekspertin iddiaçının avtomobilinə baxış keçirmədən və "xxxx"nin saxta arayışı üzərində manipulyasiyalar etməklə əsassız rəy verdiyi, sığorta şirkətinin qiymətləndirmə aktının nəzərə alınmadığı, işin hallarına düzgün qiymət verilmədiyi, iddiaçının avtomobilinə dəydiyi irəli sürürlən zərər məbləğinin şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılmsı xahiş olunmuşdur. Apellyasiya baxışı, verilən izahatlar
19. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, şikayətin dəlillərinə qiymət verilməsi üçün təkrar ekspertiza təyin edilməli olduğunu bildirmişdir.
20. Məhkəmə iclaslarında iştirak edən digər cavabdeh də apellyasiya şikayətinin əsaslı olduğunu, ziyan məbləğinin həddindən artıq şişirdildiyini bildirmişdir.
21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi (vəkili) Vəkil ərizələr ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.
22. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla təkrar avtotexniki və təkrar əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı məsələlərin həlli qoyulmuşdur:
- “X10” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsin və mülki işin materiallarında olan fotoşəkillər, habelə “Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu Texniki "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi əsasında müqayisəli təhlil aparılmaqla avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və təmirə (yaxud dəyişdirilməyə) ehtiyacı olan hissələri müəyyən olunsun. - Yuxarıda göstərilən məsələ aydınlaşdırıldıqdan sonra, nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin hazırkı dövrə dəyəri, həmin hissələrin təmiri (və ya dəyişdirilməsi) üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) dəyəri müəyyən edilsin.
23. Həmin təyinat əsasında aparılan ekspertiza tədqiqatı zamanı “X10” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ekspertə təqdim olunmuş, lakin ixtisaslaşmış servis şəraitində həyata keçirilməsi nəzərdə tutulmuş baxış üçün mütəxəssisə ödənilməli olan vəsait əvvəlcədən apellyatordan tələb edildiyi və o, həmin vəsaiti ödəmədiyi üçün, mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
28. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Qanun
29. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
30. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
31. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Maddə 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.
37. Maddə 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
38. Maddə 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
39. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
40. Maddə 99.2. Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər.
41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh2 dəymiş maddi zərərə görə 6059 (altı min əlli doqquz) manatın və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsinin tutulub İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 48 (qırx səkkiz) manatının Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Yuxarıda qeyd olunduğu kimi, “X10” markalı avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC avtomobilə dəymiş zərərin məbləğini dəyişdirilməli hissələr və görüləcək işlər daxil olmaqla 17 085 manat, “Toyota Prius (HİBRİD)” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti 7838 manat, iddiaçının sifarişi əsasında hesablama aparan şirkət isə 11 360 manat müəyyənləşdirilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti həmin məbləği avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11 059,0 manat hesablamış, “Toyota Prius (HİBRİD)” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkətinin “X10” markalı avtomobilə dəymiş ziyanın 5000 manat hissəsini İddiaçı ödədiyini nəzərə alan birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürməklə müvafiq nəticəyə gəlmişdir.
50. “X10” markalı avtomobilin təqdim olunmuş fotoşəkillərini sözügedən qiymətləndirmə aktları (o cümlədən ekspert rəyi) ilə müqayisəli tədqiq edən kollegiya hesab edir ki, mübahisənin ədalətli həlli üçün sığorta şirkətinin aktı əsas götürülməli, iddiaçıya dəymiş ziyanın məbləği məhz həmin akt əsasında müəyyənləşdirilməlidir.
51. Belə ki, “X10” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotoşəkillərində avtomobilin zədələnmiş hissələri aydın şəkildə görünür – "xxxx" MMC-nin və iddiaçının sifarişi əsasında hesablama aparan şirkətin qiymətləndirmə aktlarında isə həmin fotoşəkillərdə zədələnmədiyi açıq-aşkar görünən ehtiyat hissələrinin də dəyişdirilməli (yaxud təmir edilməli) olduğu göstərilmişdir.
52. Buna görə də kollegiyanın qənaətinə görə, Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olan məbləğ 2838 manat (7838-5000) məbləğində müəyyənləşdirilməlidir.
53. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də apellyatora aid olunmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-341/2023 saylı iş üzrə 23 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh2 dəymiş maddi zərərə görə 6059 (altı min əlli doqquz) manatın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 2838 (iki min səkkiz yüz otuz səkkiz) manat tutulsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə