Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4311/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunacaq pul məbləğinin bölünməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin ümumi əmlakı hesab edilən “Cadillac CTS” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul məbləğinin onların arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə onların əldə etdikləri hər iki avtomobil Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(009)-430/2017) ilə onların ümumi əmlakı hesab edilmiş və avtomobillər üzərində onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, lakin cavabdeh, qətnamənin icrası ilə bağlı iddiaçı ilə hər hansı bir formada razılaşmaya gəlmir, ümumiyyətlə bu barədə iddiaçı ilə danışıqlar aparmır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, hər iki avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə olunacaq pul vəsaitinin bərabər hissələr ilə iş üzrə tərəflərə ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli avtomobillərin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tərəfindən vəsatət verilsə də, Rayon Məhkəməsi ekspertiza təyin etməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinı etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamələrin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin verdikləri məlumatlardan məlum olur ki, iddiaçı ilə cavabdehin arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddia ərizəsində qeyd edilən hər iki avtomobil onların birgə nikahları dövründə əldə olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş № 2(009)-430/2017) görünür ki, avtomobilləri iş üzrə tərəflərin ümumi əmlakı hesab edilmiş və avtomobillər üzərində onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, lakin qətnamənin icrası ilə bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı bir formada razılaşma əldə olunmamışdır, baxmayaraq ki, iddiaçı cavabdehə yazılı surətdə müraciət edərək avtomobillərin dəyərinin 1/2 hissəsinin ona kompensasiya olaraq ödənilməsini cavabdehdən xahiş etmişdir. Qeyd edilənlərə əsasən işin araşdırılmış halı kimi müəyyən edilir ki, mübahisəli avtomobillərə paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Tərəflər arasında avtomobillərdən istifadə qaydalarına dair vahid bir fikir olmadığından iddiaçı avtomobillərin açıq hərracdan satılaraq, əldə ediləcək pul məbləğinin ona məxsus 1/2 hissədə olan payına müvafiq olaraq bölünməsini xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı avtomobillərin açıq hərracda satılaraq əldə olunan məbləğin paylara mütənasib formada bölünməsini tələb etməkdə haqlıdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi avtomobillərin qiymətini müəyyən etməmiş, qiymətin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsini xahiş etsə də, vəsatəti təmin olunmamışdır. Məhkəmə bildirir ki, satılması üçün hərraca çıxarılmalı olan əmlakların ilkin satış qiyməti yalnız o halda müəyyən edilir ki, həmin əmlaklar ipoteka predmeti və onlara tələb yönəlmiş olsun. Lakin hazırki halda həmin avtomobillər ipoteka predmeti deyil və onlara tələb yönəlməmişdir; avtomobillər ər-arvad olmuş iş üzrə tərəflərin ümumi əmlakıdır və tələb avtomobillər üzərində məhkəmə qaydasında tanınmış mülkiyyət hüququnun təmin edilməsinə yönəlmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi avtomobillərin ilkin satış qiymətinin müəyyən edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4311/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4311/2022
08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver