Məhkəmə qərarları › İş №2(103)-4317/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4317/2020

30.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4317/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Mədətov Asif Hökümalı oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 massivində, Xiyabani küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 59,0 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair xx xxx 2016-cı il tarixli mənzilin alğı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 50000 manat pul vəsaitinin Cavabdeh2, 54 saylı notariat ofisindən isə 92 manat notarius haqqının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon qətnaməsində qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx xxx 2016-cı il tarixli mənzilin alğı-satqısına dair ilkin müqavilənin bağlanması zamanı ona 50 000 manat ödənilməmiş və bu pul vəsaitinin ödənilməsi haqqında notarial hərəkətlər aparılmamışdır. Bundan başqa qətnamədən də görünür ki, iddiaçının ona qarşı iddia etdiyi 50 000 manat pul vəsaitinin ödənilməsi haqqında heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyri-yaşayış sahəsinə aid olan sənədləşdirilmə prosesinin aparılması üçün lazım olan pul vəsaiti iddiaçı tərəfindən ödənilməmiş və mənzilə ilkin müqavilə bağlanan zaman razılaşdırılmış şərtlər onun tərəfindən pozulmuşdur. Həmçinin iddiaçının xx xxxxxxx 2019-cu il tarixli pretenziya məktubundan onun heç bir məlumatı olmamış, həmin pretenziya ona təqdim olunmamışdır. Rayon Məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh məhkəmə icraatına cəlb edilməmiş və məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili A.Mədətov ayrılıqda apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçının xx xxxxxxx 2019-cu il tarixli pretenziya məktubundan cavabdehin heç bir məlumatı olmamış, həmin pretenziya ona təqdim olunmamışdır. Birinci instansiya məhkəməsində işə cavabehin iştirakı olmadan baxılmışdır. Hesab edir ki, pretenziya qayasına əməl edilmədiyi üçün qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. Məhkəmə kollegiyası həmin pretenziya məktubu ilə bağlı qeyd edir ki, qeyd edilən məktubun cavabdeh tərəfindən qəbul edilməsi təsdiq olunmur. Göründüyü kimi, iddiaçı mübahisəni məhkəmədənkənar həll etmək üçün məhkəməyə qədər cavabdehə müraciət etməmiş, pretenziya qaydasına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar