Məhkəmə qərarları › İş №2(103)-4320/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4320/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4320/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 İlham oğlunun və cavabdeh İddiaçı nümayəndəsi (övladı) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 28.000 ABŞ dolları (ödəniş anına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 10.300 ABŞ dolları (ödəniş anına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), mənəvi zərərə görə 10.000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xalası olan və ticarətlə məşğul olan cavabdeh, ticarət işlərinin genişləndirilməsi məqsədi ilə 2016-cı ilin ortalarında iddiaçıdan borca pul istəmiş və borcun qaytarılması ilə yanaşı iddiaçıya əlavə vəsait verəcəyi barədə vəd vermişdir. İddiaçı, doğma xalasına inandığı üçün xalasına 30.000 ABŞ dolları məbləğində pulu vermişdir. Aradan 1 il keçdikdən sonra iddiaçı borcun qaytarılmasını xahiş etdikdə, cavabdeh, pulun malda olduğunu iddiaçıya bildirmiş və bir qədər gözləməyi xahiş etmişdir. Bu kimi hal bir neçə dəfə təkrarlanmışdır. Həmin dövrlərdə cəmi iki dəfə olmaqla, cavabdeh guya əldə edilmiş gəlirdən iddiaçıya xeyir vermək adı ilə iddiaçıya bir dəfə 300 manat, bir dəfə də 500 manat pul vermişdir. Sonra “COVİD 19” virusu ilə bağlı pandemiya dövrü başlamış, cavabdeh də pandemiyanı bəhanə edərək borcu pandemiyadan sonra qaytaracağını bildirmişdir. Pandemiyadan sonra isə cavabdeh iddiaçıya cəmi 2.000 ABŞ dolları pul qaytarmış, yerdə qalan 28.000 ABŞ dolları məbləğində pulu isə bugünədək qaytarmamışdır. İddiaçı, cavabdehin hərəkətləri barədə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin Polis Şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin ona olan borcunun ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 28.000 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə isə illik 5% hesablanmaqla 10.300 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı bildirir ki, cavabdehin hərəkətləri nəticəsində o, stress keçirmiş, ona mənəvi zərər dəymişdir. Hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazını onunla əsaslandırılmışdır ki, cavabdeh əri ilə birlikdə ticarətlə məşğul olur və pul lazım olanda onlar banklardan kredit götürürdülər. 2015-ci ildə cavabdehin bacısı, yəni iddiaçının anası cavabdehə demişdir ki, pul lazım olanda iddiaçıdan aşağı faizlə borc götürə bilər. Bundan sonra cavabdeh iddiaçıdan 25.000 ABŞ dolları məbləğində pulu 3%-lə almışdır. Həmin vaxt olan məzənnəyə uyğun olaraq 1 ABŞ dolları 1,05 Azərbaycan manatı dəyərində idi. Cavabdeh aldığı borca görə iddiaçıya hər ay 750 ABŞ dolları, ümumilikdə isə hər il 9.000 ABŞ dolları ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya cəmi 32.100 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Pandemiya dövrü ticarət zəiflədiyindən, cavabdeh, əsas borcu qaytarmağa başlamış və cəmi 8.100 ABŞ dolları məbləğində pulu iddiaçının özünə, 12.000 ABŞ dollarını isə iddiaçının anasına ödəmişdir. Daha sonra cavabdeh iddiaçının anasına 2.000 ABŞ dolları və 2021-ci ilin dekabr ayında evini sataraq iddiaçının anasına 10.000 ABŞ dolları ödəmişdir. Cavabdeh iddiaçıya 32.100 ABŞ dolları məbləğində pulu qaytarsa da, iddiaçı yenə də faizin ödənilməsini cavabdehdən tələb edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə yalnız pulun verilməsi faktı cavabdehin etirafı ilə öz təsdiqini tapdığına görə, yəni iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsinə dair heç bir sübut təqdim edilmədiyindən iddia tələbi 28.000 manat ABŞ dolları məbləğin qaytarılması hissədə təmin edilə bilməz. Əsas borcun mövcud olması sübuta yetmədi üçün iddia tələbinin “borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 10.300 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi də əsaslı hesab edilərək, təmin edilə bilməz. Yuxarıda qeyd edilən “borcun ödənilməsi məqsədi ilə pulun tutulması barədə” tələb sübuta yetmədiyi üçün iddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb də əsassız hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

8. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh və apellyasiya baxışının növbəti iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (övladı) şikayətin dəlillərinə etiraz edərək, iddiaya qarşı etirazın və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

11. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan bəlli olur və iş tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh iddiaçıdan borc almışdır.

12. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının cavabdehin barəsində verdiyi şikayət ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, şikayət ərizəsində qeyd edilmiş fakt cinayət xarakterli deyil, mülki xarakterlidir. Bu nəticəyə gəlmiş tədqiqat orqanı cinayət işinin başlanmasını rədd etmişdir.

13. İş üzrə tərəflər arasında mübahisə doğuran hal cavabdehin iddiaçıya borcunun hazırda olub-olmamasıdır.

14. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, iddiaçının dayısı, cavabdehin qardaşıdır. İş üzrə tərəflər arasında pulun verilib-alınması barədə eşitmiş, lakin həmin vaxt iş üzrə tərəflərin yanında olmamışdır. Eşitmişdir ki, cavabdeh tərəfindən iddiaçıya bir dəfə 10.000 ABŞ dolları, bir dəfə də 2.000 ABŞ dolları məbləğində pul qaytarılmışdır.

15. Məhkəmə hesab edir ki, şahid tərəfindən pulun verilməsi və ya qaytarılması halı bilavasitə müşahidə edilmədiyindən və eşitdiyi məlumatların mənbəyi barədə dəqiq məlumat vermədiyindən ifadəsinin işdə olan hər hansı digər sübutlarla təsdiq olunmadığından şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul almışdır. Tərəflər arasında hansı məbləğdə pulun hansı şərtlərlə verilməsi və qaytarılması üçün əsas olan hər hansı əqd bağlanmamışdır. Pulun iddiaçı tərəfindən nə zaman hansı məbləğdə verilməsi və cavabdeh tərəfindən alınması, yaxud cavabdeh tərəfindən hansı məbləğdə geri qaytarılmasına dair hər hansı yazılı sübut (məsələn, qəbz və s.) məhkəməyə təqdim edilməmişdir.

18. Odur ki, Məhkəmə tərəfindən iş üzrə tərəflərin izahatları bir-birinə ziddiyyət təşkil etməyən hissədə əsas götürülməklə işin halları müəyyən edilmişdir.

19. MPM-in 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.).

20. İddiaçı bildirir ki, cavabdehə 30.000 ABŞ dolları vermiş, həmin məbləğdən 2.000 ABŞ dolları qaytarmışdır. Bu səbəbdən də iddia tələbində 28.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir.

21. Lakin cavabdeh iddiaçıdan 25.000 ABŞ dolları məbləğində pul aldığını qəbul edir.

22. Belə olan halda, tərəflər arasında 25.000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi məsələsində fikir ayrılığının olmadığı müəyyən edilir. Həmin məbləğdən daha artıq pulun verilməsi isə iş materialları ilə öz təsdiqini tapmır.

23. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıdan borca aldığı pul vəsaitini iddiaçıya qaytardığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

24. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçı tərəfindən verilən borcun məbləği 25.000 ABŞ dolları məbləğindədir.

25. İddiaçı bildirir ki, cavabdeh ayrı-ayrı vaxtlarda ona 300 manat və 500 manat pul qaytarmışdır. Həmin məbləğlərin cəmi 800 manat edir və Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə əsas götürülməklə ABŞ dollarına çevirdikdə 470 ABŞ dolları təşkil edir.

26. Qeyd edilən məbləğ 25.000 ABŞ dollarından çıxıldıqda müəyyən edilir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu vəsaitin həcmi (25.000 – 4.700 =) 24.530 ABŞ dolları təşkil edir.

27. Beləliklə qaytarılmalı olan məbləğin həcmini müəyyən edən Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından tərəflər arasında yaranmış mübahisəyə əsassız varlanmaya dair qanunun müddəaları tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir (maddə 1092.1.1.).

29. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, 24.530 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi iddianı tam rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassız deyil.

31. Məhkəmə iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% pul tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. Mülki Məcəllənin qeyd edilən müddəası öhdəliyin pozulması halında tətbiq edilməklə öhdəlikdən kənar yaranmış münasibətlərə şamil edilə bilməz.

33. Qeyd edildiyi kimi tərəflər arasında yazılı borc müqaviləsi olmadığı üçün iddiaçı tərəfindən cavabdehə pul öhdəlikdən kənar ödənilmiş sayılır.

34. Hazırki iş üzrə öhdəlikdən kənar yaranmış mübahisəyə əsassız varlanmadan irəli gələn müddəalar tətbiq edilmişdir. Bu səbəbdən iddiaçının illik 5 faiz pul ödənilməsi tələbi əsassız hesab edilir. Buna görə də. qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

35. Məhkəmə həmçinin iddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

36. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

37. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir.

38. Odur ki, iddia tələbi mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində əsassız hesab edilir. Başqa sözlə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

39. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bişin ütün faktiki halların aydınlaşdırılmamışdır. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlmir.

40. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

41. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, 24.530 ABŞ dolları (qətnamənin icra ediləcəyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

42. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 24.530 (iyirmi dörd min beş yüz otuz) ABŞ dolları məbləğində pul, qətnamə icra ediləcəyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar