Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4323/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı cavabdeh təşkilatın Aqrar süzmə sexində qablaşdırıcı vəzifəsində işləyib. O, 2021-ci il ərzində 2 dəfə ödənişsiz məzuniyyətə buraxılıb, hər məzuniyyətin müddəti 6 ay olub. 1-ci ödənişsiz məzuniyyət xx.xx.2021-ci ildən başlayıb, xx.xx.2021-ci ildə bitib. Bu barədə işəgötürən xx.xx.2021-ci il tarixli 02 nömrəli əmr (iş v. 39) və xx.xx.2021-ci il tarixli 03 nömrəli əmr (iş v. 40) verib. 2-ci ödənişsiz məzuniyyət xx.xx.2021-ci ildən başlayıb, xx.xx.2021-ci ildə bitib. Bu barədə işəgötürən xx.xx.2021-ci il tarixli 04 nömrəli əmr (iş v. 41) və xx.xx.2021-ci il tarixli 05 nömrəli əmr (iş v. 42) verib. Bundan sonra, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2021-ci il tarixli 22/ŞH nömrəli əmri ilə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarına görə) xitam verilib (iş v.16). Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, 2021-ci il üzrə 12 ayın əmək haqqı olan 3.720 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, xx.xx.2021-ci ildən iddiaçının ödənişsiz məzuniyyətdən geri çağırıldığı xx.xx.2021-ci ilədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh iddiaçının 1 təqvim ili ərzində hər dəfə 6 ay olmaqla 2 dəfə ödənişsiz məzuniyyətə buraxılmasını Əmək Məcəlləsinin 129-cu maddəsinin göstərişi ilə əsaslandırır. Həmin maddədə ödənişsiz məzuniyyətin müddəti “altı aydan çox olmayaraq” kimi göstərilib. Lakin hazırkı mübahisəyə Əmək Məcəlləsinin 129-cu maddəsinin deyil, 146-cı maddəsinin göstərişi tətbiq olunmalıdır. Belə ki, cavabdeh təşkilatda (müəssisədə) işçilər qrup halında məzuniyyətə buraxılıb və bu, müəssisədə işin dayandırılması ilə əlaqədar olub. İddiaçı da həmin qrupda olub. 129-cu maddənin göstərişi işçilərin qrup halında məzuniyyətə buraxılmasına aid deyil, belə halda məzuniyyətin müddətinə dair məsələni 146-cı maddə tənzimləyir. 146-cı maddəyə görə, belə halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Lakin 2021-ci ildə ödənişsiz məzuniyyətin müddəti bu həddi aşıb. Belə ki, 2021-ci ildə iddiaçının buraxıldığı 1-ci ödənişsiz məzuniyyətin müddəti (xx.xx.2021-ci ildən xx.xx.2021-ci ildək olan məzuniyyət) 6 ay 2 gün olub. Bu müddət iddiaçının əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çoxdur. Bununla işəgötürənin işçiləri qrup halında ödənişsiz məzuniyyətə buraxmaq imkanı tükənib, yəni cavabdehin iddiaçını yenidən ödənişsiz məzuniyyətə buraxmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, 2021-ci ildə cavabdeh iddiaçını 2-ci ödəniş məzuniyyətə (xx.xx.2021-ci ildən xx.xx.2021-ci ildək olan məzuniyyətə) buraxılıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq qət edib ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ödənilmiş əmək haqqı iddiaçıya ödənilsin. Qətnamədə “əmək haqqı hesablanaraq ödənilsin” qət olunub, lakin ödəniləcək əmək haqqının miqdarı göstərilməyib. Ona görə də hesab olunur ki, qətnamədə “əmək haqqı hesablanaraq ödənilsin” deyiləndə Əmək Məcəlləsinin tələblərinə uyğun ödənilməli olan əmək haqqı nəzərdə tutulub. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə görə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr işçinin (iddiaçının) təqsiri olmadan boşdayanma hesab olunur. Odur ki, həmin dövr üçün iddiaçıya 169-cu maddənin 1-ci hissəsində müəyyən edilmiş miqdarda əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4323/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4323/2023
21.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver