Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4326/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X1, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(004)-959/2021 nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh Rafiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağışlanmış 05.07.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmış ki, cavabdeh doğma qızıdır. Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanındakı həyət evini 2013-cü ildə almışdır. Evdə qızı ilə qalırdı. Sonradan yaşlı adam olduğunu fikirləşərək, evi qızının adına keçirmək qərarına gəlmişdir. Beləliklə, 05.07.2018-ci il tarixində bağışlama müqaviləsi ilə notarial qaydada öz evini qızı Sonaxanıma bağışlamışdır. Sonaxanım hüquqşünaslardan öyrənib ki, bağışlama müqaviləsinin ləğv olunma üçün mübahisələndirmə müddəti bir ildir. Ona görə müqavilədən bir il ötdükdən sonra ona münasibətini tamamilə dəyişmişdir. Belə ki, ona bildirmişdir ki, “köç oğlungildə yaşa, mən bu evi satacağam”. Demişdir ki, “ay qızım, öz evim ola-ola mən, niyə başqa yerdə qalmalıyam. Oğlumgildə arabir gedib qonaq qalıram. Daimi yaşamaq üçün mənə yalnız öz evim münasib və rahatdır.” Göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qızı Sonaxanıma bağışladığı evi geri qaytarmaq istəyir. Qızı Sonaxanım ona, öz yaşlı anasına baxmır, onu çölə atmaqla hədələyir, evi satmaq istəyir. Halbuki, ona ayrıca ev (faktiki ünvanı göstərilən), avtomobil almışdır. Heç vaxt bilməzdi ki, ona qarşı belə nankorluq edər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(004)-959/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh doğma övladıdır və etibarından və ona olan doğmalıq hissindən sui-istifadə edərək ona məxsus Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanındakı həyət evini 05.07.2018-ci il tarixində bağışlama müqaviləsi əsasında götürmüş, yəni notarial qaydada öz evini qızı Sonaxanıma bağışlamışdır. Sözügedən bağışlama müqaviləsini imzalamadan öncə cavabdeh iddiaçıya (anasına) ona yaxşı baxacağını, qayğısına qalacağını və əsla ona hər hansı bir problem yaratmayacağını vəd verərək onu bağışlama müqaviləsinə vadar etmiş, lakin təxminən 1 il müddətdən sonra cavabdeh iddiaçını qərəzli şəkildə, məcburi qaydada döyərək mənzildən kənarlaşdırmış, mənzilin açarlarını dəyişərək onun mənzilə girməsinə qadağa qoymuşdur. Bununla bağlı, iddiaçı aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə şikayət ünvanlamış, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mənzilin açarları dəyişdirilmiş və iddiaçının qərəzli şəkildə mənzilə girməsi məhdudlaşdırılmışdır. Bununla bağlı polis orqanı tərəfindən qəbul edilmiş qərar məhkəmənin nəzərinə çatdırılacaq. Məhkəmə qərar qəbul edərkən əslində iddiaçının iddia tələbini doğru qiymətləndirməmiş və iddia müddəti ilə bağlı əslində 1 illik iddia müddətini deyil, Mülki Məcəllənin 373.2-ci maddəsinin (müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir) tətbiq edilməsini nəzərdən qaçırmış və iddiaçının əleyhinə qanunsuz qətnamə elan etmişdir. Sözügedən iddia tələbinə əslində 1 illik iddia müddəti deyil, 6 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iclasında iddiaçı X2 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, cavabdeh qızı olduğu üçün mənzili bağışladı. Amma qızı sonra onu evdən qovdu. İndi də onu illərdir yaşadığı evə buraxmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 bildirdi ki, cavabdeh mənzili öz adına keçirdikdən sonra iddiaçını güc tətbiq etməklə evdən çıxarmışdır. Cavabdeh heç bir əsas olmadan, qərəzli olaraq bağışlama müqaviləsindən sonra iddiaçını mənzildən çıxarıb. Mənzilin açarlarının dəyişdirilərək iddiaçının evə buraxılmaması və onun mənzildən kənarlaşdırılması polisin qərarında öz əksini tapıb. Hazırda məcbur qaldığı üçün oğlunun evində yaşayır. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Rafiq qızı teleqramla müraciət edərək, apellyasiya şikayəti ilə tanış olduğunu, savadsız və əsassız tərtib edildiyini, şikayətin heç bir hüquqi əsaslandırması olmadığına görə, ona qarşı etiraz təqdim edilməsi zərurəti də yaranmadığını, səhhəti ilə bağlı qeyd olunan tarixdə məhkəməyə gələ bilməyəcəyini, iştirakı olmadan işə baxıb apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X3 tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerəşən ümumi sahəsi 44,2 kv/m, yaşayış sahəsi 33.4kv/m, yardımçı sahəsi 10.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evi qızı Cavabdeh Rafiq qızına bağışlanılmışdır. Hazırki tələbi ilə iddiaçı müvafiq müqavilənin onun hüquqlarını pozduğunu iddia edərək onun ləğv edilməsini xahiş etmişdir.Halbuki mülki qanunvericiliyin tələblərindən görünür ki, bağışlama müqaviləsinin ləğv edilməsinə hər hansı bir əsas mövcud deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin, iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın rədd edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətində iddianın təmin edilməməsini mübahisələndirir, buna görə də qətnamə iddiaçının mübahisələndirdiyi hissədə tam yoxlanılılır. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin nəticə hissəsində 05 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv olunmasının qeyd olunması iddianın yalnız bu qaydada təmin olunması yaxud ləğv olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Hazırki iş üzrə də əslində iddiaçının niyyəti müqavilənin ləğvini tələb etməklə bağışlamadan imtina etmək olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə... mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. ...Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında həmçinin izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MMin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Ona görə də iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin mövcud olub-olmamasının yoxlanılması əhəmiyyət kəsb etdiyi halda həmin hallar məhkəmə tərəfindən tam araşdırılmamış və həmin hallara müvafiq hüquqi qiymət verilməmişdir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi iddiaçı 1946-cı il təvəllüdlü və tənha olmaqla əmək qabiliyyəti olmadığına görə onun köməyə və qayğıya ehtiyacı vardır. İddiaçının bildirdiklərindən görünür ki, mübahisəli evi qızı olan cavabdehə ona görə bağışlamışdır ki, sonuncu ona yaxşı baxacağına, qayğısına qalacağına və əsla ona hər hansı bir problem yaratmacayacağını vəd vermişdir. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh onun ümid etdiklərinin əksinə hərəkət etməyə başlamış onun nəinki məişət qayğılarını çəkməmiş, hətta evdən qovmuş və evin açarını da dəyişmişdir. İddiaçı bununla bağlı sonradan Abşeron rayon Polis Şöbəsinə də müraciət etmişdir. Əvvəla, Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Bu cür öhdəlikdən biri hədiyyə alan üçün Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Demək həmin maddənin tələbinə əsasən cavabdehin iddiaçı qarşısında bir öhdəliyi, həmdə mənəvi borcu olmuşdur. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıydı. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan anasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan və ev xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İkincisi, bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsini istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirlməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Üçüncüsü, işdən görünür ki, cavabdeh nə birinci instansiya məhkəməsində keçirilən iclaslarda, nədə apellyasiya baxışı iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinə yalnız səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyinə dair əvvəlcə teleqram göndərmiş(bax.i.v.26), sonradan isə məhkəmə iclasında iştirak etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia tələbinə qarşı etiraz və mülahizə (bax.i.v.37-44) göndərmişdir. Apellyasiyasi baxışında da iştirak etməyərək yuxarıda qeyd olunan məzmunda teleqram göndərmişdir. Düzdür, cavabdehin məhkəmə iclaslarında iştirak etmək istəməməsi o demək deyil ki, ona qarşı irəli sürülən iddia mütləq təmin olunmalıdır. Ancaq ən azından məhkəmə iclaslarında iştirak edib iddiaçı olan anası ilə qarşı-qarşıya münasibətlərini aydınlaşdıra bilərdi yaxud iddiaya olan etirazını bilavasitə özü məhkəmə iclasında bildirə bilərdi. Lakin cavabdeh bunu etməmiş, əvəzində bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Düzdür, Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalınz onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Ancaq həm iddia ərizəsindən, həm də cavabdehin cinayət mühakimə icraatı qaydasında Abşeron rayon Polis Şöbəsində verdiyi izahatından da bəlli olur ki, imtinanın əsası müqavilə bağlandığı vaxtdan bir il sonra yaranmış və iddiaçıya məlum olmuş, cavabdeh isə 2020ci ilin oktyabr ayından anasının onunla kobud davrandığını göstərmişdir. İddia ərizəsi isə məhkəməyə 20.11.2020-ci il tarixdə daxil olmuşdur. Demək, hər hansı bir müddətin keçmədiyini cavabdeh özü də təsdiq etmiş olur. Bu cür vəziyyətdə müddətin keçməsinə görə iddianın rədd edilməsi də əsaslı ola bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(004)- 959/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(004)- 959/2021 nömrəli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. X3 ilə Cavabdeh Rafiq qızı arasında Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədəki 193 nömrəli evə dair bağlanmış 05.07.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin və həmin evə dair Cavabdeh Rafiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4326/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4326/2021
24.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver