Məhkəmə qərarları › İş №2(103)-433/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-433/2022

11.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-433/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması, prosessual pozuntu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsi (0.12 ha) xx.xx.2016-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmış, ona məxsus bağ sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində Cavabdeh Qnyaz oğlu tərəfindən tikinti işləri həyata keçirilmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148q, 5148z, 5148v, 5148t və 5148ç saylı bağ sahələri Cavabdeh Qnyaz oğlunun xüsusi mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5147X ünvanında yerləşən sahənin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən 27 oktyabr 2016-cı il tarixdən etibarən mülkiyyətində olduğunu, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində 500 kvadratmetrə yaxın sahədə qanunsuz olaraq 3 mərtəbə səviyyəsində tikinti işlərinin və 400 kvadratmetrə yaxın sahədə bünövrə səviyyəsində betonlama işlərinin həyata keçirildiyini, həmin tikinti işlərinin tikintiyə icazə almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparıldığını, sözügedən tikinti işləri həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədiyini, bu halın onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasına səbəb olduğunu, cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoyulmadığını, nəticədə öz mülkiyyətindən səmərəli istifadə etməsinə maneələr yarandığını, eləcə də əmlakının dəyərinin əhəmiyyətli dərəcədə azaldığını irəli sürmüş, buna görə də Cavabdeh tərəfindən ünvan ünvanında (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar dairəvi yolun sağ tərəfində) qanunsuz inşa edilmiş tikililərin, tikinti və betonlama işlərinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5147X ünvanında yerləşən sahənin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində 500 kvadratmetrə yaxın sahədə heç bir hüquqmüəyyənedici sənəd olmadan, müvafiq razılıq alınmadan qanunsuz olaraq 3 mərtəbə səviyyəsində tikinti işləri və 400 kvadratmetrə yaxın sahədə bünövrə səviyyəsində betonlama işləri aparılmış, bunun nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur.

6. Gəldiyi nəticənin hüquqi əsaslandırması kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 148.2-ci, 152-ci, 180-ci, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 92.4-cü və 92.4.1-ci maddələrinə istinad etmişdir.

7. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə iştirakı olmadan baxıldığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sökülməsi tələb olunan tikintilərin yerləşdiyi torpaq sahələrinin mülkiyyətində olduğu, tikintiyə lazımi icazələrin alındığı, mülkiyyətindəki torpaq sahələrində qanunvericiliyə uyğun tikinti işləri həyata keçirdiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh, habelə onun növbəti iclasda iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

10. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

11. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

16. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

21. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

23. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

24. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsi (0.12 ha) xx.xx.2016-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmış, ona məxsus bağ sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində cavabdeh tərəfindən tikinti işləri həyata keçirilmiş və iddiaçı həmin tikinti işlərinin qanunsuz olduğunu irəli sürdüyü üçün tərəflər arasında mübahisə yaranmışdır.

25. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148q, 5148z, 5148v, 5148t və 5148ç saylı bağ sahələri onun xüsusi mülkiyyətində olmaqla həmin sahədə aparılan tikinti işlərinin layihəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstututu tərəfindən tikintinin şəhərsalma layihə sənədləri ona (cavabdehə) təqdim olunmuşdur.

26. Bununla belə, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 Ç-Q-T-V-Z saylı bağ sahələrində aparılan özbaşına tikinti işlərinin dayandırılması və tikilmiş hissənin sökülməsi üçün müvafiq tədbirlərin görülməsi barədə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və Vəkil1 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli müraciəti əsasında keçirilən monitorinq nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, kənar dairəvi yolun sağ tərəfində mövcud hasarlanmış ərazinin daxilində 500 kv.m yaxın sahədə 3 mərtəbə səviyyəsində tikinti işlərinin aparılması və 400 kv.m yaxın sahədə bünövrə səviyyəsində betonlama işlərinin görülməsi müşahidə olunmuş, qeyd olunanlarla bağlı müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli 04/02-361 nömrəli məktubla müraciət edilmiş, əməkdaşlar tərəfindən yerində təkrar baxış zamanı müəyyən olunmuşdur ki, bir müddət öncə rayonun aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd olunan ünvanda bünövrə səviyyəsindəki betonlama işləri ləğv edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü hissəsini rəhbər tutaraq, yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi xahiş olunmuşdur”.

27. İş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Q- 75/2-148 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Amil adlı şəxs Nardaran qəsəbəsi, Bilgə-Sumqayıt yolunun sağ tərəfindən “SEA BREEZE” istirahət mərkəzinin yaxınlığında yerləşən 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsində heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən müvafiq razılıq almadan qanunsuz olaraq tikinti işləri həyata keçirərəkən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən aparılan işlər dayandırılmış, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq, qeyd edilən ünvana dair tikinti niyyəti barədə Rayon İcra Hakimiyyətinə məlumat verilməmiş və tikintiyə icazə həyata keçirilməmiş, həmin şəxs edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq norma və qaydaları kobud surətdə pozmaqla tikinti işlərini davam etdirdiyi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qeyd edilən ərazidə quraşdırılmış dəmir konstruksiyalar sökülmüşdür”.

28. İş materiallarında olan, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin 0175 nömrəli xx.xx.2021-ci il tarixli texniki baxış aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 V saylı bağ sahəsində tikinti obyektinin sifarişçisi Cavabdeh tikintiyə icazə sənədinin olmadığı müəyyən edilmişdir.

29. İş materiallarında olan, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Tikinti işlərinin dayandırılması barədə 0193 saylı xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 V saylı bağ sahəsində tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi (podratçı) Cavabdeh tərəfindən aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmiş, sifarişçinin (podratçının) bu Qərarda qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmayacağı halda bu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı məlumat verməli olduğu tapşırılmış, Qərarda nəzərdə tutulan pozuntular göstərilən müddətdə aradan qaldırılmadıqda Agentlik tərəfindən tikinti obyektinin sökülməsi ilə bağlı müvafıq tədbirlər görüləcəyi bildirilmişdir.

30. ünvan ndə aparılan tikintiyə icazə verilib-verilməməsinə dair birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvanda inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim olunmamışdır.

31. Apellyasiya baxışı zamanı Fövqalədə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınmış mütəxəssis rəyləri, habelə həmin rəylər əsasında verilmiş ekspert rəyi ilə də, ünvan ndə Cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin inşa olunması və binanın yarımçıq tikili olub hal-hazırda tikinti-quraşdırma işlərinin aparılmadığı, qeyri-yaşayış obyektinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhərsalma əsaslandırması olmadan, işçi çizgilərinin FHN TTNDA X1 Baş İdarəsi ilə razılaşdırılmadan – tikintiyə icazə sənədi alınmadan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən tikintiyə icazə sənədləri alınmadan və Tikintinin Təşkkili Layihəsi (TTL) hazırlanmadan inşasına başlanıldığı, tikinti işləri zamanı qanunvericiliklə müəyyənləşdirilmiş ara məsafəsinin nəzərə alınmadığı müəyyən edilmiş, qeyri-yaşayış obyektinin (otel binasının) həmin ərazidə yaşayan vətəndaşların həyat və sağlamlıqları üçün təhlükə yarada biləcəyi vurğulanmışdır.

32. İşin sadalanan hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; çünkü cavabdehin inşa etdiyi tikilinin buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildiyi müəyyən olunmuşdur.

33. Bununla belə kollegiya hesab edir ki, iddiaçının “torpaq sahəsinin boşaldılması” tələbi təmin oluna bilməz; çünkü həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu müəyyən edilmişdir.

34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 20,40 (iyirmi manat 40 qəpik) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, mütəxəssis və ekspert rəylərinə görə ödənilməli olan məbləğ isə ondan tutulub müvafiq hesablara köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3384/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsinin qonşuluğunda yerləşən ünvan ndə (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar dairəvi yolun sağ tərəfində) hasarlanmış ərazinin daxilində qanunsuz inşa edilmiş tikililər, tikinti və betonlama işləri Cavabdeh vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsini verərkən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi qismində 20,40 (iyirmi manat 40 qəpik) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin, apellyasiya icraatı üçün ödəmiş olduğu rüsum məbləği isə apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəsissə ödəniləcək 500 (beş yüz) manat ondan tutularaq Fövqalədə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə Dövlət Layihə İnstitutunun hesabına (VÖEN: **********, H/h: AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar