Məhkəmə qərarları › İş №2(103)-4335/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4335/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4335/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh birgə nikahlarından doğulmuş övladları 26.12.2004-cü il təvəllüdlü X3 və 29.09.2006-cı il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək həm özünün, həm də iddiaçının Zəngilan rayonunda qeydiyyatda olduğu üçün mülki işin aidiyyatı üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(011)-2233/2022 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardadla razılaşmayan cavabdeh şikayət vermiş və qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün aidiyyatı üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(011)-2233/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarında iddiaçının Bakı şəhəri Xətai rayonunda yaşamasına dair sübutlar mövcuddur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən iddiaçıya verilmiş 13.08.2021-ci il tarixli 2135 saylı arayışdan görünür ki, iddiaçı yetkinlik yaşına çatmayan övladları - X3 və X2 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə Xətai Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar üzrə iddianın iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilməsində qanunvericinin məqsədi alimentə ehtiyacı olan və maddi vəziyyətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkə bilən iddiaçının məhkəməyə əlçatanlığının təmin edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(011)- 2233/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında ərizənin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(011)-2233/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar