Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4337/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı və son haqqhesabın ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən ödənilməmiş qalan 11.364,63 manat əmək haqqının, 8.152,61 manat ödənilməmiş son haqq-hesabın və 3.756,83 manat məbləğində məzuniyyət haqqının cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ASC-də, ASC-nin Qazaxıstan Respublikasındakı filialında çalışmışdır. Tərəflər arasında bağlanılmış “Əmək müqaviləsinə” əsasən aylıq xidmət haqqı 750.000 tenqe, həmin dövrün məzənnəsinə uyğun olaraq 2.900 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı müqavilə əsasında üzərində götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, ASC tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən aylıq xidmət haqqı olan 2.900 manat məbləğində pul vəsaiti tam şəkildə bugünədək ona ödənilməmişdir. ASC tərəfindən təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra iddiaçıya ödənilməli olan xidmət haqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Belə ki, hesabdan verilmiş çıxarışa əsasən, 2020-ci il üzrə: həmin ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək ödənilməli olan məbləğin 472.874 tenge (≈1.749,63 manat), noyabr ayının 20-dən dekabr ayının 20-dək 668.405 tenqe (≈2.473,10 manat), 2021-ci il üzrə: dekabr ayının 20-dən yanvar ayının 21-dək 665.372 tenqe (≈2.461,88 manat), yanvar ayının 21-dən fevral ayının 21-dək 664.260 tenqe (≈2.426 manat), fevral ayının 21dən mart ayının 21-dək 336.926 tenqe (≈1.246,63 manat), mart ayının 21-dən aprel ayının 21-dək 750.000 tenqe (≈2.900 manat) olmaqla, cəmi 13.257,24 manat məbləğində əmək haqqı iddiaçıya ödənilməmişdir. Bundan başqa, 7.046,26 manat məbləğində kompensasiya, məzuniyyət haqları - son haqq-hesab iddiaçıya işdən çıxarılan zaman ödənilməmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh ASC “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim edərək iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin tərəflərin arasında münasibətlər Qazaxıstan Respublikasında yarandığı üçün hazırki mülki işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması qeyri-mümkündür. c) iddiaçının cavabdehin etirazına münasibəti barədə məlumat
4. İddiaçı cavabdehin iddiaya etirazını əsassız hesab edərək qeyd etmişdir ki, hazırki mübahisə ilə bağlı olaraq iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, daha sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan məsələnin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin araşdırmasından sonra işin kommersiya mübahisəsi olduğu qənaətinə gəlinmiş və baxılması üçün Bak Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddia tələbinin həcmi azaldılaraq qalan tələblə bağlı hazırki iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, ilkin məhkəməyə müraciətdən öncə mediasiya sessiyasında iştirak, məhkəmələr arasında fikir ayrılığı və işin Ali Məhkəmədə araşdırılaraq yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi və digər hallar nəzərə alınaraq iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh ASC-nin ərizəsi əsassızdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının pozulması ehtimal edilən müvafiq subyektiv hüququ mövcud olsa da, onun hazırki cavabdeh tərəfindən pozulması faktı müəyyən edilməmişdir. Hazırki mülki işin materiallarından da görünür ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs iş üzrə cavabdeh olan ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır ("xxxx"). Hazırki tərəflər arasında isə əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində cəlb edilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimələyən əmək müqaviləsinin tərəfi deyildir. Rayon Məhkəməsi həmçinin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək mübahisələrində bu qəbildən olan sənədləri təqdimetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh iddiaçıya münasibətdə iqtisadi cəhətdən daha güclüdür və əmək münasibətləri ilə bağlı hər növ sənədləşmənin aparılmasında daha geniş imkanlara malikdir və öhdəliklər daşıyır. Belə olan təqdirdə iddiaçının dəqiq olaraq hansı tarixdə hüquqlarının pozulduğunu müəyyən etmək qeyri-mümkündür. Digər tərəfdən, mülki işin materiallarında olan müvafiq qətnamə və qərardadlardan görünür ki, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə xx.xx.2022-ci il tarixdə Ali Məhkəmədə baxılmış, mülki iş Nərimanov Rayon Məhkəməsinə, daha sonra sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. İddiaçı həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərək, hazırki əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir. Rayon Məhkəməsi bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, cavabdeh ASC birinci instansiyasında olan ilkin icraat zamanı “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim etməmişdir. e) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilkin olaraq cavabdeh ASC ilə xx.xx.2018-ciil tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilə bağlamış və Bakı şəhəri ərazisində yerləşən şirkətində çalışmışdır. xx.xx.2019-cu il tarixdə ASC-nin tapşırığı ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən filialına ezamiyyətə göndərilmişdir. Cavabdeh ASC-nin xx.xx.2017-ci il tarixli, 14-Q/17 saylı qərarı ilə "xxxx" ASC-nin fililalı təsis edilmiş və xx.xx.2017-ci il tarixli 01 saylı əmri ilə X1 filialın rəhbəri təyin edilmiş və filialın bütün texnikaları ASC-yə məxsus olmuşdur. Təsadüfi deyil ki, filial öz fəaliyyəti barədə bütün hesabatları ASC-yə təqdim edirdi və fəaliyyətini dayandırdıqdan sonra onun rəhbəri ASCyə geri çağırılmış və filialın istifadəsində olan bütün texnikalar ASC-yə geri qaytarılmışdır. İddiaçının ezamiyyətə göndərilməyi və uzun müddət filialda işləməyi Qazaxıstan Respublikasının qanunvericiliyinə zidd olduğundan belə qərara gəlinmişdir ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixindən AN/DXM/005/0118 saylı xidməti müqavilə qüvvədə olmasına baxmayaraq, ASC-nin filialı ilə əmək müqaviləsi bağlamalıdır. Ona görə də xx.xx.2019-cu il tarixində ASC-nin filialı (filialın direktoru Pşeniçnıy A.N. şəxsində) onunla əmək müqaviləsi bağlamışdır. Rayon Məhkəməsi aşağıdakı halları aydınlaşdırmamış və göstərilən faktları nəzərə almamışdır: ASC-nin filialının ASC tərəfindən təsis edilməsi, ASC tərəfindən filialın rəhbərinin vəzifəyə təyin və təsdiq edilməsi, filialının bütün əmlaklarının ASC-yə məxsus olması, ASC-nin 29/1 saylı xx.xx.2019-cu il tarixli əmri ilə Qazaxıstan Respublikasında yerləşən filiala ezamiyyə olunmağı, ezamiyyə müddətinin bir neçə dəfə ASC tərəfindən uzadılması, onun ezamiyyə müddəti barədə sənədlərin həm filial, həm də ASC tərəfindən təsdiq edilməsi, ASC-nin təklifi və göstərişi ilə onun filial ilə əmək müqaviləsi bağlamağı tapşırması, filialın qanunla müəyyən edilmiş müddətlərdə ASC-yə hesabatlar verməsi, ASC-nin hesab vərəqində ASC-nin filialının olması faktı, filialın ləğv edilməsindən sonra filialın istifadəsinə verilmiş əmlakların ASC-yə qaytarılması, filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi onunla olan əmək müqaviləmə xitam verilməməsi, eyni zamanda ASC-nin iddiaçının işdən azad olunmağı barədə əmrin verilməsi və əmək kitabçasında hər hansı qeydin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh ASC-yə qarşı filialın borcunun ödənilməsi tələbinə dair iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi. f) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-6465/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. g) kassasiya instansiyasında icraat barədə məlumat
10. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-818/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Kassasiya instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, ASCnin Qazaxıstan Respublikasındakı filialının məhkəmələrdə iddiaçı və ya cavabdeh olması barədə əsasnamə, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə iş materiallarında yoxdur. Bu kimi sənədlər ASC tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Filial hüquqi şəxsin – ASC-nin struktur bölməsi olduğuna görə mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyildir, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından, sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Belə olan halda ASC-nin hazırkı iddia üzrə cavab verən şəxs olmaması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi qənaət qanuni və əsaslı hesab oluna bilməz. Struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır. h) yeni apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh ASC apellyasiya baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə iş üzrə yeni qəbul edilməlidir.
15. Belə ki, xx.xx.2019-cu il tarixli “Ezamiyyət vəsiqəsindən” görünür ki, iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilmişdir.
16. İşdə olan xx.xx.2019-cu il tarixli “Ezamiyyət vəsiqəsindən” görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilmişdir.
17. İşdə olan xx.xx.2019-cu il tarixli “Ezamiyyət vəsiqəsindən” görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilmişdir.
18. İşdə olan xx.xx.2019-cu il tarixli “Ezamiyyət vəsiqəsindən” görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilmişdir.
19. “İşəgötürən” olan Qazaxıstan Respublikasında Aktobe ş. "xxxx" ASC-nin filialı (filialın direktoru Pşeniçnıy A.N. şəxsində) ilə “İşçi” olan iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən, iddiaçı aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Müqavilənin şərtlərinə görə, işçiyə məcburi ayırmalar istisna olmaqla, ayda 750.000 tenqe məbləğində vəzifə maaşı müəyyən edilmişdir.
20. “Hesablaşma vərəqələrindən” görünür ki, iddiaçıya təşkilatın borcu 2020-ci ilin noyabr ayının sonuna 1.338.280 tenqe, 2020-ci ilin dekabr ayının sonuna 1.806.685 tenqe, 2021-ci ilin yanvar ayının sonuna 2.472.057 tenqe, 2021-ci ilin fevral ayının sonuna 2.470.911 tenqe, 2021-ci ilin mart ayının sonuna 2.807.837 tenqe, 2021-ci ilin aprel ayının sonuna 5.487.461 tenqe təşkil edir.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə (hazırkı iş üzrə iddiaçı) İddiaçı (hazırkı iş üzrə cavabdeh) "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixli “Xidməti müqavilə” üzrə 2018-ci ilin noyabr ayı üçün 387 manat, 2018-ci ilin dekabr ayı üçün 1.029 manat, cəmi 1.416 manat məbləğində pulun ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, həmin qətnamə ilə iddianın bir qisminin təmin edilməməsi hissəsinin təmin edilməsi, ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2.900 manat xidmət haqqı, 234,40 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2284 №-li ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının sayt məlumatlarına əsasən 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına qədər iddiaçıya ödənilməsi nəzərdə tutulan əmək haqqının (hər ay üzrə) Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə məbləği ümumilikdə 11.364,63 manat, iddiaçıya ödənilməmiş son haqq-hesabı və məzuniyyət haqqı məbləğinin Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə iddiaçıya ödənilməli olan son haqq hesabın məbləği 8.152,61 manat, ödənilməli olan məzuniyyət haqqı məbləği isə 3.756,28 manat müəyyən edilmişdir.
24. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh ASC-nin Qazaxıstan Respublikasındakı filialı arasında “Əmək müqaviləsi” bağlanmışdır. Həmin müqavilədə iddiaçının vəzifəsi 2-ci kateqoriya işlər üzrə aparıcı mütəxəssis olaraq göstərilmiş, iddiaçının aylıq əmək haqqı məbləğinin 750.000 Qazaxıstan tenqesi olması öz əksini tapmışdır (Müqavilənin 1.1 və 4.1-ci bəndləri).
25. Həmçinin, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə həmin filial arasında bağlanmış “Əmək müqaviləsinə əlavəyə” əsasən müqavilənin müddəti iddiaçının xarici işçi qüvvəsinə dair icazə sənədinin qüvvədə olduğu müddətə qədər uzadılmışdır.
26. İddiaçı bildirir ki, əmək müqaviləsinə xitam verilərkən 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulu, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək cavabdeh ASC-nin nəqliyyat məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci ödənilməmişdir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir (maddə 2, hissə 1.). Müəssisə mülkiyyətçinin təşkilatihüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir (maddə 3, hissə 1.). İşəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir (maddə 3, hissə 3.).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər.
29. İş materiallarından göründüyü kimi işçi olan iddiaçı işəgötürən olan cavabdeh ASC-nin Qazaxıstan Respublikasındakı filialı ("xxxx") ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 2-ci kateqoriya işlər üzrə aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuş, iddiaçının təqdim etdiyi hesablaşma vərəqələri, ezamiyyət vərəqələri Filialın rəhbəri tərəfindən imzalanmış, Filialın möhürü ilə təsdiq edilmişdir.
30. Hazırda iddiaçı cavabdeh ASC tərəfindən son haqq-hesabının düzgün aparılmadığına istinad edərək müvafiq məbləğdə pulun ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.
31. İddianın rədd olunması barədə Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdeh ASC-nin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsinə” əsasən həmin filialda işləmiş, əmək müqaviləsi Qazaxıstan Respublikasının əmək qanunvericiliyinə uyğun tərtib olunmuş, əmək haqqı da filial tərəfindən ödənilmişdir. Əmək Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə hüquqi şəxsin filialı əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektidir. Hazırkı iş üzrə iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs cavabdeh ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Cavabdeh ASC ilə iddiaçı arasında isə əmək münasibətləri yaranmamışdır, ASC deyil, ASC-nin Qazaxstan filialı iddia tələbi üzrə cavab verən şəxsdir.
32. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin göstərilən qənaəti qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (maddə 43.1.). Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır (maddə 53.2.).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.
35. İşin mübahisəsiz hallarına görə, ASC-nin Qazaxıstan Respublikasındakı filialı ilə işçi olan iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsinə” əsasən iddiaçı həmin filialda aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuş, "xxxx" işəgötürən kimi ASC-nin Qazaxstan Respublikasındakı filialının direktoru imzalamış, bu zaman o, ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AR-1720789 nömrəli baş etibarnamə əsasında ASC-nin adından çıxış etmişdir. ASC-nin Qazaxstan Respublikasındakı filialı onun bölməsidir, hüquqi şəxs hesab olunmur, hüquqi şəxs olan ASC-nin təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirir.
36. Filial hüquqi şəxsin struktur bölməsi olduğuna görə mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyildir, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından, sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.
37. Lakin iş materiallarında cavabdeh ASC-nin Qazaxıstan Respublikasındakı filialının məhkəmələrdə iddiaçı və ya cavabdeh olması barədə ASC tərəfindən təsdiq edilmiş əsasnaməsi, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə aşkar edilməmişdir.
38. Belə olan halda "xxxx" ASC-nin hazırkı iddia üzrə cavab verən şəxs olmaması barədə Rayon Məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı hesab oluna bilməz.
39. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərara görə hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.
40. Məhkəmə həmçinin qeyd edir ki, struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır.
41. Məhkəmə cavabdeh ASC-nin nümayəndəsi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında olan müvafiq qətnamə və qərardadlardan görünür ki, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, mülki iş Nərimanov Rayon Məhkəməsinə, daha sonra sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Tərəf həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərək, hazırki əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir.
42. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir.
43. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməzdən əvvəl artıq hüquqlarının pozulduğunu bilmişdir. İddiaçının məhkəməyə müraciət etməsindən sonra qeyd edilən prosessual hərəkətlərin baş verməsi iddia müddətinin axımının dayandırılması üçün əsas təşkil etmir.
44. Digər tərəfdən “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin məhkəməyə təqdim edilməməsi, habelə həmin məhkəmə prosesi zamanı cavabdeh tərəfindən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verilməməsi hazırki iş üzrə zamanı iddia müddətinin tətbiq edilməsini istisna etmir.
45. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə isə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
46. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində qeyd edilən 1 illik iddia müddəti ötürülmüşdür. Lakin Rayon Məhkəməsi işin bu halını düzgün müəyyən etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir.
47. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilir. j) apellyasiya baxışının nəticəsi
48. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürdüyü üçün onun iddiası təmin edilə bilməz. İşə baxmış Rayon Məhkəməsi iddianı rədd etmiş olsa da, işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan əsaslarla rədd etdiyi üçün qətnamə ləğv edilməli və iddianın iddia müddətinin buraxılması əsası ilə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
49. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
50. Məhkəmə həmçinin bildirir ki, iddia rədd edildiyindən cavabdeh ASC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
51. İddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş olsa da, son nəticədə iddiası rədd edildiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
52. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.