Məhkəmə qərarları › İş №2(103)-4343/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4343/2023

03.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4343/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6568/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə Borclu1 və Borclu2 müştərək qaydada 4910,94 ABŞ dolları məbləğində əsas və 1890,07 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 6801,01 ABŞ dolları məbləğində borc pul vəsaitinin (Azərbaycan manatına olan məzənnə ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “Nikoyl” X1 hesabına ödənilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixdə Borclu1 məhkəmə əmrinə etiraz verərək həmin əmrin ləğv olunmasını və iddia icraatına keçirilərək işə iddia icraatı qaydasında yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6568/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə etiraz ərizəsinin geri qaytarılması qərara alınmışdır. Borclu1 qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, əmrin surəti poçt vasitəsilə xx.xx.2016-cı il tarixində Borclu1 rəsmi qeydiyyat ünvanına göndərilmiş, xx.xx.2016-cı il tarixdə icraya yönəldilmiş, xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu1 müraciətinə əsasən əmrin surəti təkrarən poçt vasitəsilə xx.xx.2022-ci il tarixində Borclu1 məktubda qeyd etdiyi yaşayış ünvanına göndərilmişdir. İcra sənədinin könüllü icrası barədə bildiriş Borclu1 xx.xx.2022-ci il tarixdə şəxsən təqdim edilmiş, həmin borclunun məhkəmə əmrinə etirazı isə bundan 1 il 1 aydan çox müddət keçdikdən sonra, yəni 10 may 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər (maddə 47.1). Yuxarıda göstərilənlərə əsasən Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar