Məhkəmə qərarları › İş №2(103)-4346/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4346/2025

18.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4346/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq işlədiyi iş saatları üçün ödənilməmiş əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş saatları üçün hesablanmış əmək haqqının iki qatından az olmamaqla hesablanıb ona ödənilməsi vəzifəsinin; ona çatacaq son haqq hesabın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin; əmək kitabçasında müvafiq qeydlər aprılmaqla ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həqiqətən də əmək haqqının düzgün hesablanıb ödənilmədiyi ona məlum olub. Ancaq əmək haqqı məbləğlərinin hansı müddətə və hansı məbləğə hesablanıb ödənilmədiyini bilmirdi. Çünki, həmin rəqəmlər mütəxəssis tərəfindən hesablanıb müəyyən edilməlidir. Bu barədə mütəxəsiss rəyi əldə etdikdə həmin məbləğlər və müddətlər ona məlum olmuşdur. Bu səbəbdən bununla bağlı konkret iddia tələbi müəyyən edə bilib. Bu səbəbdən tələbin artırılması ərizəsini məhkəmənin baxış iclasında verib. Hesab edir ki, məhkəmə qeyd etdiyi üzürlü səbəbi nəzərə almayıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın həcminin artırılması barədə ərizəni geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəlləyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 53). Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçıya məhkəməyə müraciət edən zaman artıq əmək haqqının ödənilmədiyi və gecikdirildiyi məlum idi. Bundan əlavə, məhkəmənin hazırlıq iclasları zamanı təyin edilmiş ekspertiza qərarlarında gecikdirilmə ilə bağlı ödənc məsələsi mübahisə mövzusu olmasa da, iddiaçının özünün aldığı rəydə həmin məsələ barədə tədqiqat aparılmasını istəməsi əsasın sonradan yaranması nəticəsini yaratmır. Ona görə də, ödənişlərin gecikdirildiyi dövr üçün əlavə ödənc tələb etmək hüququ həmin vaxtdan yarandığından, məhkəmə həmin əsasın sonradan yaranması ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərini əsas gətirərək, iddianın həcminin artırılması barədə ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar