Məhkəmə qərarları › İş №2(103)-4348/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4348/2023

03.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4348/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Kreditor “Nikoyl” İKB-nin borclular Borclu1, Borclu2, Borclu3 borcun tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)- 18271/2016 saylı məhkəmə əmrinə Borclu1 etdiyi etiraza dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-18271/2016 saylı, 01 may 2023-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kreditor “Nikoyl” İKB borclular Borclu1, Borclu2, Borclu3 borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)- 18271/2016 saylı məhkəmə əmri ilə borclulardan birgə qaydada kreditorun xeyrinə əsas borc üzrə 12629.85 ABŞ dolları və 6151.86 abş dolları faiz borcu olmaqla, cəmi 18781.71 abş dolları borc və dövlət rüsumu olaraq 20 manat məbləğində pulun tutulması müəyyən edilmişdir. Məhkəmə əmri 12 dekabr 2016-cı il tarixli məktubla tərəflərin qeydiyyatda olduğu ünvana göndərilmiş və poçt zərfi borclulardan Borclu1 və Borclu3 “bu ünvanda yaşamır” qeydi ilə təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə əmri 27 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini aldıqdan sonra 05 yanvar 2017-ci il tarixdə icraya yönəldilmişdir. Borclu1 məhkəmə əmrinin ona təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmə əmri ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Borclu1 xx.xx.2023-cü il tarixdə məhkəmə əmrinə etiraz verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)-18271/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ona məhkəmə əmri barədə məlumat verilməmişdir. Son günlərdə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru onu icra şöbəsinə dəvət etməsindən sonra məhkəmə əmri barədə məlumatı olmuşdur. Bundan dərhal sonra məhkəməyə müraciət etməklə əmrin surətini almışdır və əmrin surətini aldıqdan sonra vaxtında etiraz vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18271/2016 saylı, 01 may 2023cü il tarixli qərardadı ilə Borclu1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(001)-18271/2016 saylı məhkəmə əmrinə etirazı təmin edilməmişdir. Həmin qərardaddan Borclu1 şikayət verərək onun ləğv edilməsini, etirazının təmin edilərək işin iddia icraatına keçirilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(001)-18271/2016 saylı məhkəmə əmri barədə ona heç bir məlumat verilməmişdi. Son günlərdə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru onu icra şöbəsinə dəvət edərək bildirmişdir ki, “sənin barǝndə məhkəmə əmri vardır səndən, Borclu2 və Borclu3 “Nikoyl” İKB-nin xeyrinə 12629.85 ABŞ dollan əsas və 6151.86 ABŞ dolların faiz borcu, cəmi 18781,71 ABŞ dollarının və ödənilmiş 20 manat dövb rüsumunun tutulması barədə əmri çıxarılmışdır. O, da dərhal ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(001)-18271/2016 saylı məhkəmə əmrinin surətinin ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2(001)-18271/2016 saylı məhkəmə əmrinin surətini xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin dəflərxanasından qəbzə imza etməklə almışdır. Məhkəmə əmrini qəbul edərkən göstərmişdir ki, ona “Nikoyl” İKB-i tərəfindən 19 dekabr 2014-cü tarixli kredit müqaviləsinə əsasən illik 24% olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 19200 ABŞ dollar məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş "Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmişdir. Məhkəmə əmrinə etiraz edərək bildirmişdir ki, «Nikoyl” İKB tərəfindən ona 19 dekabr 2014-cü il tarixi kredit müqaviləsinə əsasən illik 24% olmaqla 24 ay müddətinə 19200 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda pulun ödənilməsi barədə qrafik verilmişdir. Həmin vaxt 1 ABŞ dollarının manata olan məzənnəsi 0.78 manat olmuşdir. O, da «Nikoyl» İKB-nə olan borcunu həmin qrafikə uyğun olaraq təqribən 10 ay yəni dolların kursu qalxana qədər ödəmiş, sonra «Nikoyl» İKB-in nümayəndəsinə müraciət edərək borcunun 1 ABŞ dollarının 1,05 (bir manat 5 qəpikdən) hesablanmasın xahiş etsə də, onlar razılaşmayaraq 1,70 (bir manat yetmiş qəpik) ödənilmasini bildirmişlər. O, da həmin məbləğə imkanı olmadığına görə və eyni zamanda COVİD-19 xəstəliyi ilə əlaqədar işlər bağlandığına görə pulu vaxtında ödəyə bilməmişdir. Ona görə də «Nikoyl» İKB 9200 ABŞ dollar borcu olduğu halda bank 18781.71 ABŞ dolları tələbi ilə bağlı məhkəməyə əsassız olaraq ərizə ilə müraciət etmişdir. Məhkəmə də, əsassız olaraq onların ərizəsini təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.3.5-ci maddəsinə görə kommersiya hüquqi şəxsin özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi hüquqdan sui-istifadə etməsi hesab olunur ki, bu da yol verilməzdir. Qanunun menasından göründüyü kimi o, «Nikoyl” İKB-nə 10.000 ABŞ dolları ödəsə də, bank ondan qanunsuz və əsassız olaraq əlavə 18781.71 ABŞ dolları tələb edir. O, göstərilən məbləğlə razı deyil. Hesab edir ki, banka 9200 ABŞ dolları borcu vardır. Ona görə də məhkəmə əmri ləğv edilərək işə obyektiv olaraq onun iştirakı ilə iddia icraatında baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(001)-18271/2016 nömrəli qərardadı ilə məhkəmə əmrinə etirazı qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. İşdən göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi məhkəmə əmrindən verilmiş etirazı ona qaytararkən 2020-ci ildə əmrdən məlumatının olmasını və həmin vaxtdan 2 il müddət keçməsini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair 29 iyun 2007-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar olaraq qeyd edir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aktlarının, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, məhkəmə aktlarının, qətnamənin, qərardadın çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız məhkəmə aktlarının, qətnamənin qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. O da, ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(001)-18271/2016 saylı məhkəmə əmrinin surətinin ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(001)-18271/2016 saylı məhkəmə əmrinin surətini xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin dəftərxanasından qəbzə imza etməklə almış, məhkəmə əmrini aldığı gündən Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən 10 gün müddətində əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə əmrə etiraz vermişdir. Məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqlar qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edilə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarmı da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plemumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 28 fevral və "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" 2017-ci il 12 aprel tarixli Qərarları). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində etiraza baxılan zaman Şəki Rayon İcra və Probasiya Şöbəsindən icra işinin gedişatı barədə məlumatlar sorğulanmış və müəyyən edilmişdir ki, Borclu1 tələbin könüllü icrası barədə bildiriş, məsuliyyəti barədə xəbərdarlıq xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və ondan eyni tarixdə izahat alınmışdır. Borclu izahatında verilən suallara cavab olaraq bildirmişdir ki, borcunu tam olaraq ödəyə bilmir, yalnız ayda 250 manat olmaqla borcunu ödəyə bilər. Göründüyü kimi işin müəyyən edilən halları heç də borclunun etirazında göstərdiyi kimi olmamış və borclunun ən geci 2020-ci il tarixdə məhkəmə əmrinin qəbul edilməsindən məlumatı olmuşdur. Onun 2 il sonra məhkəmə əmrinin təqdim edilməsi barədə müraciəti və bundan sonra etiraz etməsi onun vaxtında müraciət etdiyinə dəlalət etmir. Belə ki, borclunun faktiki olaraq qeydiyyatda olduğu Şəki şəhəri, Kiçik Dəhnə kəndində yaşamamasına(ərizəsində faktiki ünvanını göstərmişdir), məhkəmə əmrinin verilməsindən 2020-ci ildə məlumatlı olmasına, yaşamadığı ünvan üzrə məktubların şəxsən təqdim edilməsinin mümkünsüzlüyünü bilməsinə baxmayaraq, məhkəmə əmrindən 2 il sonra etiraz etməsi prosessual hüquqlardan sui-istifadə kimi qəbul olunmalıdır. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18271/2016 nömrəli, 01 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar