Məhkəmə qərarları › İş №2(103)-4349/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4349/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4349/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya toy hədiyyəsi olaraq alınmış üzük, sırğa kolye və qolbaqdan ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyərini təşkil edən 8000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-464/22) iddia qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada 4680 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 sözügedən qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlərin oğlu X5İu ilə 21 yanvar 2019-cu ildə nikaha daxil olub. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Qaynanası, yəni Cavabdeh1 və qaynatası onu oğlu Canla atasıgilə qonaq getmək və bir neçə gün qalmaq üçün göndərmişlər. O, uşağa bir-iki paltar götürərək aralarında hər hansı bir narazılıq olmadan getmişdir. O, evə qaytmaq istəsə də, hər hansı bir səbəb göstərilmədən onun qayıtmağına razı olmamışlar və həyat yoldaşı ayrılmaq üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cehiz əşyalarını va qızıllarını tələb etməyə əmisi arvadını göndərsə də, qaynanası cavabında bildirmişdir ki, qızılları satıb özünü müalicə etdirib, qalan pulu da özünə sərf edib. Cavabdeh1 iddia tələbini qəbul etməyərək mübahisə predmeti olan qızıl-zinət əşyalarını heç kəsə demədən tanımadığı şəxsə 3700 manata sataraq, iddiaçı Asimanın əməliyyatına görə yaranmış borcu qaytardığını, digər Cavabdeh2 da həmin vaxt qızıl-zinət əşyalarının satılmasından xəbəri olmadığını, sonradan iddiaçının əməliyyatı üçün götürülən borcun ödənilməsi üçün satıldığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyator, yəni Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, qızıl-zinət əşyalarının satılmasından onun xəbəri olmayıb. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən yalnız ona aid hissədə mübahisələndirildiyindən, məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və qeyd etmişdir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə və s. normalara istinad etmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı iddiası cehiz əşyaları və dəyəri 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, dəyəri 500 manat olan papatiya klonlu qızıl sep, dəyəri 500 manat olan qızıl sırğa, icra olunan vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri X2 alınaraq İddiaçı verilməsi hissəsində qismən təmin edilsə də, iddiaçının 4700 manata olan üzük, bir cüt sırğa, kolye və qolbağdan ibarət qızıl dəstinə münasibətdə təmin edilməmişdir. Belə ki, həmin hissədə iddiaçıya məxsus qızıl dəstin cavabdeh tərəfindən deyil, onun valideynləri tərəfindən satılması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qətnaməsində və həmin məhkəmə iclas protokollarında cavabdehlər iddiaçıya toy hədiyyəsi olaraq verdikləri 4700 manat dəyərində olan üzük, sırğa, kolye və qolbağdan ibarət qızıl dəstini Asiman evdən getdikdən sonra ona demədən 3700 manata sataraq, həmin pulu Asimanın müalicəsi üçün aldıqları borcun qaytarılmasına sərf etdiklərini etiraf etmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin 13.01.2022-ci il tarixli, 9/8602 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində sadalanan və ümumi çəkisi 52 qram olan üzük, sırğa, kolye, klon və qolbağının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4680 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyator öz şikayətinin və iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402.1-ci maddəsinin tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar