Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4351/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin və təmirə çəkilmiş xərcin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-187/2022 saylı 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən əşyalar və ya onların dəyəri olan 49452 manat pulun, təmir xərci üçün cavabdehlərə verilmiş 5500 manat pul, ona məxsus diplom, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, (məzun şəkilləri) vinetka şəkilləri, toy diski, diskdəki şəkilləri və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində inşa edilmiş sənədsiz fərdi yaşayış evinə gəlin köçmüşdür. 2018-ci ilin may ayınadək birlikdə yaşamışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 1692/2018 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra yaşadığı evdən qovulduğuna görə atasının evinə sığınmış və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Lakin cehiz əmlakları, qızıl-zinət əşyaları və sənədləri cavabdehlərin evində qalmışdır. Həmin evin təmir edilməsi üçün atası tərəfindən kredit götürülmüş 5500 manat pul da ona qaytarılmalıdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, göstərmişdirki, toyunda baldızı tərəfindən verilən ağ bilərzik iddia ərizəsinin 13-cü bəndində göstərilən 1 ədəd 750 əyyarlı, 7 qramlı, qiyməti 450 manat olan bilərzik, dayısı arvadı tərəfindən ona verilən ağ qaşlı üzük iddia ərizəsinin 2-ci bəndində göstərilən 1 ədəd 750 əyyarlı brilliant 3 qaşlı, qiyməti 500 manat olan alyans üzüyü, tək qaş həri üzüyü isə iddia ərizəsinin 8-ci bəndində göstərilən 1 ədəd 5 qramlıq 585 əyyarlıq, qiyməti 400 manat olan paxlava qızıl üzükdür. Cavabdehlər tərəfindən dəyəri 2300 manat kimi qeyd edilən qızıl komplekt isə iddia ərizəsinin 1-ci bəndində göstərilən 1 ədəd 750 əyyarlıq, 50 qram, qiyməti 7500 manat olan ağ qızıldan ibarət brilyant komplektdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-187/2022 saylı 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada: 1 ədəd dəyəri 4500 manat, çəkisi 50 qram olan, 750 əyarlı sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “buta” komplekt; 1 ədəd dəyəri 1500 manat, çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “buta” bilərzik; 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “alyans” üzük; 1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyü; 1 ədəd dəyəri 375 manat, çəkisi 5 qram olan, 585 əyarlı “paxlava” üzük; 1 ədəd dəyəri 450 manat, çəkisi 7 qram olan, 750 əyarlı, nazik bilərzik və ya onlar olmadığı təqdirdə dəyərinin alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 4,13 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, 25,87 manat hissəsinin isə iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qızılları onların evində qalmamışdır, evi tərk edib gedərkən özü ilə aparmışdır. İddia ərizəsində göstərilən qiymətə qızılı heç vaxt olmayıb. Məhkəmə iclasında o öz həyat yoldaşının qızıllarını lombarda qoyduğunu bildirmişdir, iddiaçının qızıllarını ümumiyyətlə görməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Cavabdeh3 bildirdi ki, iddiaçı tərəfindən qızılların qiyməti artıq məbləğdə göstərilmişdir. İddiaçı evdən gedərkən qızılları özü ilə aparmışdır. Bu barədə akt da tərtib olunmuş, lakin iddiaçı tərəf həmin aktı bilərəkdən məkhəməyə təqdim etmir. Cavabdeh2 qeyd etdi ki, komplekti «Moskva» Univermağından 2300 manata hələ toydan iki il əvvəl almışlar. Həmin komplektə sırğa, boyunbağı, üzük və bilərzik daxil idi, lakin imkansızlıqdan bilərziyi toydan əvvəl bayramda aparıb iddiaçıya hədiyyə etmiş, sırğa, boyunbağı və üzüyü isə toyda vermişlər. İddiaçının tələb etdiyi alyans üzük isə ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, 2017-ci il oktyabr ayında günorta vaxtı evdən döyülmüş halda çıxmışdır. Evdən gedərkən qayınatası, qayınanası evdə olmuşdur, qızıl-zinət əşyalarını özü ilə götürə bilməmişdir, ona şər atıb evdən qovmuşlar. Hər hansı akt tərtib olunmamışdır, olunmuşdursa da, onda belə bir akt yoxdur. İddia ərizəsində «buta» qolbaq kimi qeyd etdiyi bilərzik komplektə aid olmuş, lakin onu daha əvvəl bayramda onlara gələrkən gətirmişdilər. İddia ərizəsində qızıl-zinət əşyalarının qiymətini maraqlanıb təyin etmişdir. Hazırda qətnamə Cavabdeh3 mübahisələndirdiyi – iddianın təmin edilmiş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “alyans” üzüyün tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə «buta» bilərzik və komplektə aid hissədə isə dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər 2012-ci il tarixdə ailə qurmuş və birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1692/2018 saylı 25 may 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı hazırki iddia ərizəsində:
1. 1 ədəd 750 əyarlı, çəkisi 50 qram, ağ qızıldan ibarət brilyant «Buta» komplekt (sırğa, boyunbağı, üzük) - 7500 manat;
2. 1 ədəd 750 əyarlı, brilyant 3 qaşlı qaşlı «Alyans» üzük - 500 manat;
3. 1 ədəd 750 əyarlı, brilyant qaşlı nişan üzüyü - 1200 manat;
4. 1 ədəd 750 əyarlı, çəkisi 17 qram olan brilyant «Buta» qolbağı - 1500 manat;
5. 1 ədəd 583 əyarlı, 10 qram çəkisi olan qızıl qolbaq - 800 manat;
6. 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan «Damla» qızıl sırğa - 400 manat;
7. 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan “Versace” qızıl sırğa - 375 manat;
8. 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan «Paxlava» qızıl üzük - 400 manat (həri üzüyü);
9. 1 ədəd 585 əyarlı, çəkisi 8 qram olan «Ürək» kulonlu sep - 800 manat;
10. 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan «Romb» kulonlu sep - 375 manat;
11. 1 ədəd 583 əyarlı, çəkisi 13 qram olan sep - 910 manat;
12. 1 ədəd 585 əyarlı, çəkisi 4 qram olan yaşıl qaşlı üzük – 300 manat;
13. 1 ədəd 750 əyarlı, çəkisi 7 qram nazik qolbaq - 450 manat tələb etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 tərəfindən:
1. tək qaş «həri üzüyü» dəyəri 250 manat;
2. təxminən 6 qramlıq dəyəri 480 manat olan nişan üzüyü;
3. dəyəri 2300 manat olan qızıl komplekt (kolye, sırğa, üzük, bilərzik),
4. onun baldızının toyda aldığı ağ bilərzik,
5. iddiaçının dayısı arvadının aldığı ağ qaşlı üzüyün mövcudluğu qəbul edilmişdir. Cavabdehlər qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasının təsdiqi kimi hələ 2018-ci ildə sahə müvəkkili Şahid və qonşuların iştirakı ilə akt tərtib olunduğuna, lakin aktın bir nüsxədə olmaqla onlara verilmədiyinə istnad edirlər, bildirirlər ki, əgər həqiqətən də qızıl-zinət əşyaları onlarda qalmış olsa idi, onda mütləq bu barədə aktda qeyd olunardı, ancaq akt tərtib olunarkən iddiaçı qızıl-zinət əşyaları ilə bağlı onlara qarşı heç bir tələb irəli sürməmiş, bu halı mübahisələndirməmişdir, bununla da təsdiq olunur ki, iddiaçı həmin əşyaları özü ilə aparmışdır. İddiaçı isə bu məzmunda akt tərtib olunmadığını, olunsa da onda olmadığını bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 ifadəsində məhkəməyə bildirmişdir ki, o, cavabdehlərin qonşusudur, ilk akt tərtib edilən zaman yanlarında olmuşdur. Akt iddiaçı tərəfdən iddiaçının atası, onun “Arif” adlı vəkili və “Bəhruz” adında polis əməkdaşının iştirakı ilə, cavabdeh tərəfdən isə iddiaçının qayınatası Arif, qayınanası Minayət və onunla yanaşı digər qonşu Elşadın iştirakı ilə tərtib olunmuşdur. Tərəflər arasında akt tərtib olunan zaman yalnız paltaryuyan maşınla bağlı mübahisə yaranmışdır. Lakin iddiaçının atası Rasim paltaryuyan maşını apardıqlarını etiraf etmişdir. Fotoaparat iddiaçının keçmiş həyat yoldaşı Elşənə, mətbəx oturacaqları isə qayınanası Minayətə məxsus olub. Akt tərtib olunan zaman qızıllara münasibətdə heç nə danışılmamışdır. Polis əməkdaşı aktı imzalamadı, işi ilə əlaqədar çağırdılar və o yarımçıq getdi. Akt tərtib olunan zaman heç bir tərəfdən hər hansı bir narazıçılıq olmadı. Akt bir nüsxədə tərtib edildi. Cavabdehlərə təqdim edilmədi. Aktı iddiaçının “Arif” adlı vəkili tərtib etdi, o da aktı imzaladı. Aktın neçə səhifə olduğunu bilmir, yalnız imza çəkdi. Şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, cavabdehlərin qonşusudur. İlk akt iddiaçı tərəfdən iddiaçının atası, onun vəkili və polis əməkdaşının iştirakı ilə, cavabdeh tərəfdən isə iddiaçının qayınatası Arif, qayınanası Minayət və onunla yanaşı digər qonşu Fəzilə xanımın iştirakı ilə tərtib olunmuşdur. Polis və vəkilin adını dəqiq xatırlamır. Tərəflər arasında akt tərtib olunan zaman yalnız paltaryuyan maşınla əlaqədar mübahisə yaranmışdır. Lakin iddiaçının atası Rasim paltaryuyan maşının mübahisədən əvvəl digər qızına verildiyini etiraf etmişdir. Fotoaparat isə iddiaçının keçmiş həyat yoldaşı Elşənə məxsus idi. Uşaqlar oyuncaq kimi istifadə edirdi. Qızıllara münasibətdə isə heç nə danışılmadı. Aktı vəkil tərtib etmişdir. Aktda qeydə alınmamış əmlak qalmamışdır. Akt tərtib olunan zaman heç bir narazılıq olmamışdır. Akt bir səhifədən ibarət idi. Aktın nüsxəsi cavabdehlərə təqdim edilmədi. Aktda qeyd olunan əşyaları oxumadan imzalamışdır. Həmin vaxt iddiaçı tərəf heç bir əşyanı aparmadı, ancaq qeydə aldılar. İddiaçı tərəf əşyaları sonra gəlib aparacaqlarını bildirmişdirlər. Şahid qismində dindirilən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin polis sahə rəisi Şahid ifadəsində məhkəməyə bildirmişdir ki, tərəfləri tanıyır, ərazilərində yaşayan mübahisəli ailədir. İddiaçı hazırda Xətai rayonunda yaşayır, cavabdehlər isə Binəqədidə. Təxminən bir-iki il əvvəl İddiaçı əmlaklarına dair akt tərtib olunarkən o da iddiaçının vəkilinin rəsmi müraciətinə əsasən cavabdehlərə məxsus evə dəvət edilmişdir. Həmin vaxt ora iddiaçı özü də gəlmiş, lakin Cavabdeh3 iddiaçının evə girməsini istəməmişdir. Akt tərtib edilərkən iddiaçı tərəfdən atası və vəkili iştirak etmişlər. Vəkilin adını bilmir, lakin məlumatı var ki, sonradan iddiaçı ondan imtina etmişdir. Tərəflər arasında əsas mübahisə qızıl-zinət əşyaları ilə bağlı olmuşdur. Neçə ildir iddiaçı qızıllarını tələb edir, cavabdehlər isə ya deyirdilər ki, qızıllar lombardda satılıb, sonradan isə bildirdilər ki, iddiaçı evdən gedəndə qızılları özü ilə aparıb. Akt tərtib olunanda da qızıllarla bağlı mübahisə var idi. Akt tərtib ediləndə iddiaçıya məxsus cehiz əmlaklar siyahıya alındı və imzalandı. Tərəflərə həmin aktın nüsxəsi təqdim edildi. Dəqiq bilmir, ola bilsin ki, həmin aktın bir nüsxəsi arxivlərində də saxlanılıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8981 saylı ekspert rəyində göstərilmişdir ki, 750 əyarlı, çəkisi 50 qram, ağ qızıldan ibarət brilyant «Buta» komplektinin (sırğa, boyunbağı, üzük) dəyəri 4500 manat; 750 əyarlı, çəkisi 17 qram olan brilyant «Buta» qolbağın dəyəri 1530 manat; 583 əyarlı, 10 qram çəkisi olan qızıl qolbağın dəyəri 700 manat; 585 əyarlı, çəkisi 5 qram olan «Damla» qızıl sırğanın dəyəri 375 manat; 585 əyarlı, çəkisi 5 qram olan “Versace” qızıl sırğanın dəyəri 375 manat; 585 əyarlı, çəkisi 5 qram olan «Paxlava» qızıl üzüyün dəyəri 375 manat; 585 əyarlı, çəkisi 8 qram olan kulonlu sepin dəyəri 600 manat; 585 əyarlı, çəkisi 5 qram olan «Romb» kulonlu sepin dəyəri 375 manat; 583 əyarlı, çəkisi 13 qram olan sepin dəyəri 910 manat; 585 əyarlı, çəkisi 4 qram olan qızıl üzüyün dəyəri 300 manat təşkil edir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına aid hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin həm iddiaçı, həm cavabdeh tərəfindən təsdiq edildiyi halı ondan ibarətdir ki, iddiaçı cavabdehlərlə birlikdə yaşadığı evi gərgin və mübahisəli şəkildə tərk etmişdir. Cavabdehlərin sözlərinə görə, iddiaçının ərinə xəyanət etməsi üzə çıxdıqdan sonra, o, evdən getmişdir. Belə vəziyyətdə ərinə xəyanət etməsində ittiham edilən qadına toyda hədiyyə edilmiş qızıllarını götürüb aparmasına şərait yaradılması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Cavabdehlərin evində mövcud olan əmlakların siyahıya alınması və həmin əmlaklar siyahıya alınarkən qonşuların qızıl-zinət əşyaları ilə bağlı mübahisənin şahidi olmaması, iddiaçı tərəfindən evdən gedərkən qızıl-zinət əşyalarını aparmasının sübutu kimi qəbul edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, qonşuların fikrinin əksi olaraq akt tərtib edilərkən iştirak etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin polis sahə rəisi Şahid məhkəməyə bildirmişdir ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı mübahisə birinci gündən mövcud olmuş və hələ də davam edir. Məhkəmə Kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasının ağlabatan olmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Cavabdehlərin istinad etdikləri «akt»ın tərtib olunması iş materiallarından müəyyən olunmur, digər tərəfdən isə belə bir aktın mövcudluğu da iddiaçının dəlllərini təkzib etmək üçün əsaslı sayıla bilməz, belə ki, cavabdehlərin fikrinə görə, akt tərtib olunarkən iddiaçı onlardan qızıl-zinət əşyaları tələb etməmişdir, bu isə ona dəlalət edir ki, həmin əşyaları iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Halbuki, həm şahid (sahə müvəkkili) Bəhruz İsmayılzalənin ifadəsi, həm də işdə olan iddiaçının Binəqədi rayon Pİ 5-ci Polis Bölməsinə yazdığı xx.xx.2018-ci il tarixli ərizəsindən (i.v.39) müəyyən olunur ki, o, ilk vaxtlardan qızılzinət əşyalarının cavabdehlərə məxsus evdə qaldığını bildirmişdir. Apelyasiya baxışı zamanı cavabdeh tərəf iddia ərizəsində göstərilən 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “Alyans” üzüyün ümumiyyətlə alınmadığını və onlar tərəfindən iddiaçıya belə bir üzük verilmədiyini bildirmişdir. İddiaçı iddia ərizəsində “Alyans” üzük tələb etsə də, həmin üzüyün mövcudluğunu sübuta yetirə bilməmişdir. Təqdim edilmiş fotoşəkillərdə həmin üzüyün görüntüsü yoxdur. Nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı iddiaçı tərəfindən həmin üzüyün olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəf isə belə bir üzük olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbini bu hissədə sübuta yetirə bilməmişdir və həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eyni cinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə konkretləşdirilməsi və əşyanın faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması. Qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasındakı mübahisənin predmetini, əsasən həmin qiymətli əşyaların kimdə olması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsində 1 ədəd dəyəri 7500 manat, çəkisi 50 qram olan, 750 əyarlı sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “Buta” komplekt və 1 ədəd dəyəri 1500 manat, çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “buta” bilərzik tələb etmiş, məhkəmə tərəfindən isə dəyəri ekspert rəyinə uyğun olaraq 4500 manat müəyyən edilməklə 1 ədəd çəkisi 50 qram olan, 750 əyarlı sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “Buta” komplekt və 1 ədəd dəyəri 1500 manat, çəkisi 17 qram olan, 750 əyarlı brilyant daşlı “Buta” bilərziyin cavabdehlərdən iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh2 ayrıca tələb edilən «Buta» bilərziyin əslində elə «Buta» komplektin tərkibinə daxil olduğu, həmin komplektin «Moskva» Univermağından 2300 manata alındığını, sadəcə imkanları olmadığı üçün, toydan qabaq bayramda gedərkən komplektdən bilərziyi götürüb ayrıca apardıqlarını bildirmişdir. İddiaçı da həmin bilərziyin toydan əvvəl ayrıca gətirildiyini və komplektə daxil olduğunu bildirmişdir. Beləliklə müəyyən edilir ki, buta bilərzik elə buta komplektin tərkibinə daxil olmuşdur. Belə olan halda Kollegiya hesab edir ki, iddia ərizəsində ayrıca tələb edilən həmin buta bilərzik komplektin tərkibinə daxil edilməlidir. Həmin komplektin dəyərinə aid hissədə də Kollegiya hesab edir ki, qətnamə dəyişdirilməlidir. İddiaçı komplektin 7500 manat dəyərində, bilərziyin isə 1500 olduğunu bildirmiş, ekspert rəyi ilə komplekt 4500 manat dəyərində, bilərzik 1530 manat qiymətləndirilmişdir. Cavabdeh tərəf isə bilərziyin komplektin tərkibinə daxil olduğunu və dəst şəkildə 2300 manata aldıqlarını bildirmişdir. Ekspertiza keçirilərkən əşyalar təqdim edilmədiyindən nəzəri qaydada qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, ekspertin rəyi mötəbər hesab edilmir. Cavabdehlər «Buta» komplektin mövcudluğunu inkar etməmiş, yalnız 2300 manata aldıqlarını bildirmişdir. Kollegiya qeyd edir ki, həmin hissədə iddia cavabdehlərin etiraf etdiyi həcmdə götürülməklə, «Buta» komplektinin, yəni sırğa, boyunbağı, üzük və bilərzikdən ibarət komplektin dəyəri 2300 manat müəyyən edilməlidir. İddia tələbinin təmin edilmiş digər hissələrində isə məhkəmə düzgün nəticəyə gəlmişdir. 1 ədəd 750 əyarlı, çəkisi 7 qram nazik qolbağın iddiaçının baldızı tərəfindən hədiyyə edildiyini hər iki tərəf qəbul etmişdir. İddiaçı həmin bilərziyin hədiyə edən tərəfindən 450 manat olmasının ona bildirildiyini qeyd etmiş, cavabdeh tərəf isə həmin bilərziyin qiymətini dəqiq bilmədiklərini, çəkisinə görə təxminən 120-150 manat olduğunu ehtimal etdiklərini söyləmişlər. Kollegiya hesab edir ki, iddiaçının dəlilləri cavabdeh tərəfindən təkzib edilmədiyi halda məhkəmənin müəyyən etdiyi 450 manat məbləğ düzgün olmuşdur. 1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyünün mövcudluğunu cavabdeh tərəf etiraf etdiyindən, həmin hissədə mübahisə yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ə t e t d i:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1729/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehlərdən iddiaçının xeyrinə 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “Alyans” üzüyün tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə «Buta» bilərzik və «Buta» komplektə aid hissədə dəyişdirilsin. 1 ədəd çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “Buta” bilərzik çəkisi 50 qram olan, 750 əyarlı brilyant daşlı “Buta” komplektin tərkibinə daxil edilsin. Həmin komplektin ümumi dəyəri 2300 manat müəyyən edilməklə, həmin əşyaların, onların naturada alınması mümkün olmadıqda isə dəyəri (2300 manat olmaqla) cavabdehlərdən alınıb iddiaçıya verilsin. Qətnamə qalan hissədə (1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyü; 1 ədəd dəyəri 375 manat, çəkisi 5 qram olan, 585 əyarlı, “Paxlava” üzük; 1 ədəd dəyəri 450 manat, çəkisi 7 qram olan, 750 əyarlı nazik bilərzik və ya onlar olmadığı təqdirdə dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.