Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4355/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsindən İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 sağalana kimi saxlanılması üçün hər ay 1250 manat məbləğində alimentin və əlavə xərclərdə iştiraka cəlb edilməklə sağalana kimi hər ay 500 manat sabit pul məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehlə xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-700/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış xx.xx.1996-cı il tarixli nikah qeydi ləğv edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X4 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatında xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmaqıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcalma tutmaları ilə TSEK-in diaqnozu qoyulmuş, ona müddətsiz birinci dərəcəli əllik dərəcəsi verilmiş, bununla da əmək qabiliyyəti olmayan hesab edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh ona ağır xəstə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının maddi təminatının təmin ediiməsi prosesində də iştirak edəcəyinə söz verdiyi üçün, ona qarşı aliment tələbi barədə iddia qaldırmamışdır. Sonradan, cavabdeh bu vədindən imtina edərək yetkinlik yaşına çatmış övladının maddi təminatında iştirak etməkdən boyun qaçırmışdır. Yetkinlik yaşına çatmış övladının saxlanılmasında bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Övladının maddi təminatının təmin edilməsi onunla yanaşı həm də cavabdehin bir valideyn kimi vəzifə borcudur. Bundan əlavə bildirmək istəyir ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatında İddiaçı1 kənar şəxsin qulluğuna və daimi müalicəyə ehtiyacı olması qeyd olunmuşdur. Bu səbəbdən ağır xəstə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladı İddiaçı1 xəstəliyinin müalicəsi və göstərilən kənar xidmətlərinin haqqın ödənilməsi əlaqədar olaraq o sağalana kimi Cavabdeh əlavə xərclərdə iştiraka cəlb olunmalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh minik avtomobillərinin təmiri, yuyulması və servis xidmətləri sahəsində fərdi biznes fəaliyyəti ilə məşğuldur. Bu fəaliyyət nəticəsində aylıq gəliri 5000 manata yaxın məbləğ təşkil edir. Hazırda, cavabdeh ikinci dəfə nikaha daxil olduqdan sonra özünə yeni fərdi yaşayış evi almışdır. Biznes fəaliyyətinin olmasını və onun maddi vəziyyətinin qənaətbəxş olmasını "xxxxxxxxxxx" QSC-dən müxtəlif vaxtlarda götürmüş olduğu kredit öhdəlikləri üzrə ödənilmiş aylıq ödənişləri təsdiq edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin və kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar 50 (əlli) manat əlavə xərc, cəmi 150 (bir yüz əlli) manatın tutularaq İddiaçı2 Ağarza qızına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsinin iddia ərizəsinin təmin edilməmiş hissəsində qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Cavabdeh minik avtomobillərin təmiri, yuyulması və serviz xidmətləri sahəsində fərdi biznes fəaliyyəti ilə məşğuldur. Bu fəaliyyət nəticəsində aylıq gəliri 5.000,00 (beş min) manata yaxın məbləğ təşkil edir. Hazırda, cavabdeh ikinci dəfə nikaha daxil olduqdan sonra özünə yeni fərdi yaşayış evi almış. Biznes fəaliyyətinin olmasını və onun maddi vəziyyətinin qənahətbəxşli olmasını “xxxxxxxxxxx” QSC-dən müxtəlif vaxtlarda götürmüş olduğu kredit öhdəlikləri üzrə ödənilmiş aylıq ödənişləri bu faktı təsdiq edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə istinad edərək, yetkinlik yaşma çatmış İddiaçı1 saxlanılması üçün hər ay sabit olaraq 100,00 (bir yüz) manat məbləğində aliment tutmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-823/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 yetkinlik yaşına çatmayan və sağlam olan qardaşı olan X6 üçün məhkəmə hər ay sabit olaraq 250,00 (iki yüz əlli) manat məbləğində aliment tutulduğu halda, ağır xəstə olan övladı üçün isə hər ay sabit olaraq 100,00 (bir yüz) manat məbləğində aliment tutulması, digər tərəfdən "Azərbaycan Respublikasında 2020-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad etsək 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini götürsək tutulan aliment məbləği həm ədalətli, həm də əsaslı deyil. Bundan əlavə bldirmək istəyir ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx xxxx 2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatmda övladımız İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmaqıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcalma tutmaları ilə TSEK-in diaqnozu qoyulmaqla onun kənar şəxsin, başqasının qulluğuna və daimi müalicəyə ehtiyacı olması qeyd olunmuşdur. Bu məqsəd ilə mən bir valideyn kimi övladımın ağır xəstəliyinin müalicəsi ilə bağlı habelə ona göstərilən kənar xidmətlər ilə bağlı əlavə xərclərdə iştirak etməyimə baxmayaraq, Cavabdeh övladımızın sağlamlığı ilə bağlı atılmalı olan hərəkətlər onun əməlində ifadə olunmur. Bu səbəbdən ağır xəstə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladımız İddiaçı1 ağır xəstəliyinin müalicəsi və göstərilən kənar xidmətlərinin haqqının ödənilməsi əlaqədar olaraq övladımız sağalana kimi Cavabdeh əlavə xərclərdə iştiraka cəlb olunmalıdır. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə Cavabdeh İddiaçı1 üçün əlavə xərclərə görə 50,00 (əlli) manat pul tutmuşdur.Belə ki, iş materillarma əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx xxxx 2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatında övladımız İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmaqıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcalma tutmaları ilə TSEK-in diaqnozu qoyulmaqla onun kənar şəxsin, başqasının qulluğuna və daimi müalicəyə ehtiyacı olması qeyd olunmuşdur. Göründüyü kimi, həmin müayinə aktında İddiaçı1 imbesillik dərəcəsində kəmaqıllıq diqnozu qoyulmuş, ona bu səbəbdən müddətsiz 1-ci qrup əllik dərəcəsi verilmiş, o əmək qabiliyyəti olmayan hesab edilmişdir. Bu hal onu müəyyən edir ki, İddiaçı1 heç vaxt özünün maddi təminatı ilə yanaşı, hətta özünü bundan sonra həyatmı davam etdirilməsi üçün daim kənar şəxslərin xidmətindən istifadə etməlidir. Həmin kənar xidmətlər hamıya bəlli olduğu kimi iynələrin vurulması üçün tibb bacısı, daim həkim nəzarəti, loqoped və digər kənar xidmətlərdən istifadə etməlidir. Bundan başqa, İddiaçı1 yuxarıda qeyd olunan xəstəliyi üzrə dərman preparatlarının qiyməti ayda 400,00 (dörd yüz) manata yaxındır. Bütünlüklə, İddiaçı1 sağlamlığını hazırda qorunması üçün ən azı 1000,00 (bir min) manata yaxın vəsait lazımdır. Özünü idarə edə bilməyən insanı, cavabdehdən tutulan əlavə xərclərə görə 50,00 (əlli) manatın ümidinə saxlamaq onu ölümə sürükləməkdir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, o, həm bir valideyn kimi, həm də qəyyum kimi bütünlüklə əməyini əmək qabiliyyəti olmayan və özünü idarə edə bilməyəm İddiaçı1 sağlamlığına sərf etdiyi halda qazanc əldə etməkdən məhrum olmuşdur. Cavabdeh İddiaçı1 İddiaçı1 baxılmasında iştirak etmədiyi halda, əmək qabiliyyətli, hazırda biznes fəaliyyəti ilə məşğul olması Bakı Apellyasiya Məhkəməsinin 2(103)-823/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təsbit olunmasına baxmayaraq övladı barəsində məsuliyyətini 50,00 (əlli) manat ilə məhdudlaşdırmaq həm ədalətsizdir, həm də əsassızdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1410/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5912/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş, yetkinlik yaşına çatmayan X6 anası X2 yanında saxlanılmışdır. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumatından görünür ki, İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcolma tutmaları diaqnozu qoyulmuş və 1-ci dərəcəli əlillik verilmişdir. İddiaçı2 Ağarza qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat alimentin və iddiaçının özünün saxlanması üçün hər ay 100 manat alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 823/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5912/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat aliment tutularaq İddiaçı2 Ağarza qızına ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısınınxx.xx.2019-cu il tarixli, 276 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı2 Ağarza qızı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 655/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1997-cu il təvəllüdlü İddiaçı1 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin ikinci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1, 81.2, 81.3-cü maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: - yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması; - onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər.” Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının himayəsində olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 “kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcolma tutmaları”-diaqnozu ilə xəstə olmasını, əmək qabiliyyətinin olmamasını və maddi yardıma ehtiyacının olmasını, valideynlərin ailə və maddi vəziyyətini, eləcə də cavabdehdən tərəflərin birgə nikahından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün aliment tutulmasını nəzərə alaraq, uşağın saxlanılması üçün hər 100 manat sabit pul məbləğində aliment və müalicəsi ilə əlaqədar kənar xidmət haqqının ödənilməsinə görə 50 (əlli) manat əlavə xərc, cəmi 150 (bir yüz əlli) manat pul məbləğinin tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün qərar qəbul edərək, ədalətli nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı sübutlar təqdim etməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1410/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4355/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4355/2020
05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver