Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4372/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qardaşlarıdır. Sabunçu RPİ-nin 14-cü PŞ-nə Cavabdeh2 bir neçə dəfə müraciət edərək, bacısı İddiaçı psixi pozuntuluğu, şizofreniyanın əlamətləri olduğuna görə ailə üzvlərinə və digər şəxslərə hücum edərək hədələdiyini və buna görə ətrafda olan şəxslərə zərər vurma ehtimalı olduğunu və xx.xx.2023-cü il tarixdə azyaşlı övladının üzərinə hücum edərək, heç bir səbəb olmadan boğmaq istəməsini bildirmişdir. Odur ki, İddiaçı barəsində xüsusi komissiya təyin edilməsi və onun qeyd edilən xəstəlikdən əziyyət çəkməsinin müəyyən edilməsi, müalicəyə ehtiyacı olub-olmaması məqsədi ilə müayinə olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadına əsasən keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 251 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İddiaçı hazırkı psixoloji vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar edilməmişdir. İddiaçı hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2.000 manat pul və ödədiyi 40 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Cavabdehlər onun doğma qardaşlarıdır. Onun Saatlı rayonu Genişkənd kəndində torpaq sahəsi var idi. Böyük qardaşı Cavabdeh1 ona bildirmişdir ki, həmin torpaq sahəsini satıb pulunu ona versin. Onun verdiyi pulun üzərinə də Cavabdeh1 pul əlavə edib Maştağa qəsəbəsində torpaq sahəsi alsın və həmin torpaq sahəsində onun payına düşən hissəni ayırıb ona versin. O, Cavabdeh1lə razılaşmış və Saatlı rayonu Genişkənd kəndində olan torpaq sahəsini 5000 manata satıb, pulunu qardaşı Cavabdeh1 vermişdir. Cavabdeh1 Maştağa qəsəbəsində 4,2 sot torpaq sahəsi almış, həmin torpağı kiçik qardaşı Cavabdeh2 adına sənədləşdirmişdir. Çingiz ona bildirmişdir ki, Tərviz 2 sot torpaq sahəsini ayırıb ona verəcəkdir. Bir müddət sonra o, qardaşı Tərvizdən torpaq sahəsini onun adına keçirməsini istəmişdir. Bu zaman Tərviz onu söyərək, psixi xəstə olduğunu və ona torpaq sahəsini verməyəcəyini bildirmişdir. Daha sanra onu hədələyərək torpaq sahəsi istədiyini təqdirdə ondan polisə şikayət edəcəyini bildirmişdir. Tərviz ondan Sabunçu RPİ-nin 14-cü PB-nə şikayətlər edir. Həmin şikayətlərdə onun psixi xəstə olduğu, şizofreniya xəstəliyinin əlamətlərinin olduğuna görə ailə üzvlərinə və digər şəxslərə hücum edərək hədələdiyini, buna görə də ətrafda olan şəxslərə ziyan vurmaq ehtimalının olduğunu göstərilmişdir. Bu kimi yalan məlumatları məhəllədə və qohumlar arasında yaymaqla onu cəmiyyət arasında nüfuzdan salmağa davam edir. Dəfələrlə irad bildirməsinə baxmayaraq, Cavabdeh2 bu hərəkətlərə son qoymur, nəticədə ona mənəvi əzab, sıxıntı, iztirab yaşadır. Həmçinin Çingiz də ona dəli deyir, onu nüfuzdan salır. O, xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində avtobus dayanacağında olarkən Çingiz üstünə gələrək, “niyə məndən icazəsiz evdən çıxmısan” deyərək üzünə şillə vurmuşdur. İnsanların gözü qarşısında onu təhqir etmişdir. Çingiz barəsində Sapunçu RPİ-nin 14-cü PB-nə şikayət etmişdir. Göründüyü kimi, Çingiz də ona mənəvi əzab, sıxıntı, iztirab yaşadır. Onun heç bir psixoloji problemi yoxdur. Onun şifahi vəsatətinə əsasən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və onun tam sağlam olduğu və heç bir psixi problemi olmadığı müəyyən edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində mənəvi əzab, sıxıntı, iztirab çəkmişdir
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-717/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilmiş, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 200 (iki yüz) manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat və Cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1.2-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişlər.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamışdır. Belə ki, iddiaçı onların doğma bacısıdır. Onlar iddiaçıya qarşı hansısa qeyri-neqativ ifadə işlətməmişlər. Ümumiyyətlə məhkəmə Cavabdeh1 hansı əsasla mənəvi ziyana görə pul tutulmasını əsaslandırmamışdır. İşdə Cavabdeh1 cavabdehlik daşıyacağı hansısa söz və ifadə mövcud deyildir. İddiaçı sadəcə olaraq iddia ərizəsində yalan məlumatlar yazmış və məhkəmə heç bir sübut olmadan Cavabdeh1 qarşı iddianı qismən təmin etmişdir. Məhkəmə iddiaçının Polis orqanına şikayət ərizəsini və Polis Bölməsinin məktubuna istinad etmişdir. Həmin məktubda Cavabdeh2 Sabunçu rayonu, 14-cü Polis şöbəsinə şikayət etməsi göstərilir.Bu məktubda araşdırılmalı məsələnin əsas hissəsi Polisin səlahiyyətindədir. Məktubda qeyd olunanları Cavabdeh2 desə belə burada yalnız ehtimaldan söhbət gedir. Burada şərəf və ləyaqətin alçaldılmasından söhbət gedə bilməz. Ümumiyyətlə, vətəndaşın dövlət orqanına müraciət və şikayət etməsi şərəf və layaqətin alçaldılması hesab edilə bilməz. Ümumiyyətlə, bu məsələ yayılmış hesab edilməməlidir. Əgər bu məsələ yayılmış hesab edilmişdirsə bunu yayan Dövlət orqanı hesab edilməlidir. Bu məsələdə cavabdehlər məsuliyyət daşıya bilməz. İddiaçı iddia ərizəsində ancaq torpağının qardaşları tərəfindən satılmasını bildirir. Bu onu deməyə əsas verir ki, iddiaçının iddası qərəzli və yersiz iddiadır. İddiaçı Cavabdeh1 tərəfindən hansısa avtobus dayanacağında döyüldüyünü və təhqir olunduğunu qeyd edir və məhkəmə iclasındada bunu bildirir. Lakin bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehlərin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehlər tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 aid təmin olunan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır.
15. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Hazırkı iş üzrə iddiaçı şərəf və ləyaqətinin cavabdehlər tərəfindən alçaldıldığını iddia edərək cavabdehlərdən mənəvi zərərin ödənilməsini tələb edir.
17. İddiaçı sübut qismində məhkəməyə Sabunçu RPİ-nin 14-cü PŞ-nın baş təhqiqatçısı, polis mayoru Samir Allahverdiyiyev xx.xx.2023-cü il tarixli 3034 nömrəli məktubun təqdim etmiş və bildirmişdir ki, qardaşı Tərviz onu psixi xəstə adlandırır, Çingiz isə döymüşdür.
18. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçının psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən olunmuşdur.
19. Kollegiya iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçının psixi xəstə adlandırılması nəticəsində uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi Cavabdeh2 200 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir.
20. Lakin Kollegiya Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.
21. Belə ki, iddiaçı Cavabdeh1 tərəfindən onun şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verdildiyini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının psixi durumundan polisə şikayətlər Cavabdeh2 tərəfindən ünvanlanmış, Cavabdeh1 tərəfindən isə hər hansı müraciət daxil olmamışdır.
22. İddiaçı Maştağa qəsəbəsi ərazisində avtobus dayanacağında olarkən Cavabdeh1 onun üstünə gələrək, “niyə məndən icazəsiz evdən çıxmısan” deyərək üzünə şillə vurduğunu, insanların gözü qarşısında onu təhqir etdiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
24. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
25. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını, kassasiya şikayətinin dəlillərini və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh1 qarşı tələbin təmin olunmuş hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmadığından ləğv olunmalı, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 qarşı tələbin təmin olunmuş hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası həmin hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı onun özünə aid edilsin. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.