Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4374/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi” barədə ilk, cavabdehin iddiaçıya qarşı “avtomobilin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmuş “Hyundai Sonata” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onunla cavabdeh arasında 08.06.2020-ci il tarixdə bağlanmış “alğı-satqı müqaviləsinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən baxılması üçün icraata qəbul edilmişdir. Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli avtomobilin iddiaçıdan alınaraq ona verilməsi, iddiaçının qanunsuz hərəkəti nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birgə baxılmışdır. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mülkiyyətində olan avtomobilin onun tərəfindən cavabdehə satılması barədə razılığa gəlmiş və bununla əlaqədar olaraq onların arasında 08.06.2020-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Aralarında olan razılaşmaya görə, müqavilə bağlandıqdan sonra, yəni elə həmin gün cavabdeh avtomobilin dəyəri olan 15.000 manatı iddiaçıya verməli, iddiaçı isə avtomobili cavabdehə təhvil verməli idi. Buna baxmayaraq, cavabdeh, iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməmişdir. Avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilməsə də, yuxarıda qeyd edilən müqaviləyə əsasən avtomobil cavabdehin adına keçmişdir. Odur ki, müqavilə ləğv edilməlidir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış 08.06.2020-ci il tarixli müqaviləyə əsasən avtomobili iddiaçıdan satın almış və bununla bağlı olaraq cavabdehin adına “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Avtomobilin onun mülkiyyətində olmasına baxmayaraq, iddiaçı avtomobili cavabdehə verməkdən imtina edir. İddiaçı cavabdehə məxsus avtomobili qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya 3.000 manat məbləğində maddi zərər vurmuşdur. Odur ki, avtomobil və qeyd edilən pul məbləği iddiaçıdan alınaraq cavabdehə verilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qətnamə ilə ilk iddia tələbinin təmin edilməsini, avtomobilə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli “Alğı-satqı müqaviləsinin” ləğv edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ilə iddiaçının arasında əldə olunmuş razılığa əsasən avtomobilə dair 08.06.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” rəsmiləşdirildikdən sonra cavabdeh, üzərinə düşən öhdəliyi yerinə yetirmiş avtomobilin dəyərini hər ikisinin tanışı olan X1 vasitəsi ilə iddiaçıya ödəmişdir. Ə.Vəliyev bu halı artıq cavabdeh ilə iddiaçı arasında mövcud mübahisə yarandıqdan sonra Sabunçu Rayon Polis İdarəsinə verdiyi izahatında təsdiq etmiş və pulun iddiaçıya ödənilməsini bildirmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək, şikayətin və qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia rədd edilməli və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən və 08.06.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, yuxarıda qeyd edilən avtomobil əvvəllər iddiaçının mülkiyyətində olmuş və müqavilə bağlandığı tarixdə iddiaçı həmin avtomobili cavabdehə satmışdır. Hazırda avtomobil xüsusi mülkiyyətdə olan nəqliyyat vasitəsi kimi cavabdehin adına qeydiyyata alınıb. Qeyd edilən həmin müqavilədə avtomobilin dəyərinin alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməsi qeyd edilsə də, iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan bəlli olur ki, müqavilə bağlanan zaman ödəniş olmamışdır; ödəniş müqavilə rəsmiləşdirildikdən sonra həyata keçirilməli idi. Satıcı olan iddiaçı bildirir ki, müqavilə bağlandıqdan sonra cavabdeh avtomobilin dəyərini ona ödəməmişdir. Cavabdeh isə bildirir ki, müqavilə rəsmiləşdirildikdən sonra o, üzərinə düşən öhdəliyi yerinə yetirmiş avtomobilin dəyərini hər ikisinin tanışı olan X1 vasitəsi ilə iddiaçıya ödəmişdir. Ə.Vəliyev bu halı artıq cavabdeh ilə iddiaçı arasında mövcud mübahisə yarandıqdan sonra Sabunçu Rayon Polis İdarəsinə verdiyi izahatında təsdiq etmiş və pulun iddiaçıya ödənilməsini bildirmişdir. Cavabdehin istinad etdiyi izahatdan görünür ki, X2 30.01.2021-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsində vermiş olduğu izahatda göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdeh avtomobili iddiaçıdan almışdır. Cavabdeh avtomobilə görə ödəməli olan pulu ona vermiş və o, iddiaçının ona 4.000 manat borclu olmasını nəzərə alaraq 4.000 manatı özündə saxlamış, qalan məbləği isə iddiaçıya vermişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki, tanışı olan cavabdehin tapşırığına əsasən o, cavabdeh üçün satışdan olan “Hyundai Sonata” markalı avtomobil axtarmış və tanışı olan iddiaçı ilə razılaşaraq iddiaçıya məxsus (mübahisəli) avtomobili cavabdeh üçün 14.500 manata iddiaçıdan almışdır. Cavabdehin verdiyi puldan 10.500 manatı iddiaçıya vermiş, lakin 4.000 manatı verməmişdir, çünki iddiaçının ona 4.000 manat borcu var idi. İddiaçı bununla razılaşmışdır. İddiaçı ilə əvvəllər də, avtomobillər ilə bağlı alış-verişi olmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.3-cü maddəsinə görə isə, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, “avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi” barədə ilk iddia təmin edilə bilməz. Çünki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, alıcı olan cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əməl edərək iddiaçıdan aldığı avtomobilin dəyərini ödəmiş, iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, öhdəliyi icra etmişdir. Bununla yanaşı Məhkəmə bildirir ki, iddiaçı, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə ona ziyan vurmuş şəxsə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İşin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarını nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslı hesab edilməli və mübahisəli avtomobil iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Məhkəmə qarşılıqlı iddia tələbinin “vurulmuş maddi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə” hissəsi ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianın bu hissəsini təmin etməsə də, bu nəticəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsassız olduğu üçün bu tələbdən irəli gələn tələb də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Məhkəmənin mövqeyi ondan ibarətdir ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslıdır. Buna baxmayaraq Məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, həmin tələbdən irəli gələn “vurulmuş maddi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə” tələb başqa əsasla, yəni ziyanın vurulmaması əsası ilə təmin edilə bilməz. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ilk iddia əsassızdır, iş üzrə tərəflər arasında bağlanmış 08.06.2020-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur; qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslı əsaslıdır, qarşılıqlı iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsi əsassızdır. Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsini tələbin əsassız olması səbəbi ilə rədd etməsi və bu nəticəyə görə qarşılıqlı iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməsi barədə iş üzrə gəldiyi nəticə isə səhvdir və işin hallarına uyğun deyil. Odur ki, apellyasiyanın nəticələrini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi” barədə ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “avtomobilin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilsin. “Hyundai Sonata” markalı, 99-VA161 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddianın “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4374/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4374/2021
04.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver