Məhkəmə qərarları › İş №2(103)-4378/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4378/2021

21.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4378/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Nəzərov Əlifağa Xudaverdi oğlunun, cavabdeh Nəzərov Rahim Əlifağa oğlunun iştirakları ilə, İddiaçı Nəzərov Əlifağa Xudaverdi oğlunun cavabdeh Nəzərov Rahim Əlifağa oğluna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2019 saylı, 01 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəzərov Əlifağa Xudaverdi oğlu cavabdeh Nəzərov Rahim Əlifağa oğluna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.06.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İşdən görünür ki, 15.07.2019-cu il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2019 saylı 15 iyul 2019-cu il tarixli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 19.06.2020-ci il tarixdə iddiaçı Əlifağa Nəzərov Xətai Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, saxta yollarla onun adından imza etmiş oğlu Nəzərov Rahim Əlifağa oğlu barəsində ciddi tədbirlər görülərək işə yenidən onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadına əsasən Məhkəmənin 15 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmış, iddiaçıya prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 11 dekabr 2020-ci il tarixdə iddiaçı şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, həmin ərizə oğlu tərəfindən onun xəbəri olmadan, onun adı və imzası ilə məhkəməyə ərizə təqdim olunaraq, saxtakarlıq edilərək, guya iddia ərizəsinə baxılmasını istəməmiş, iddiadan imtina etmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, bunlarla razılaşmır və bu səbəbdən də, həmin qərardaddan şikayət verə bilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2019 saylı, 01 mart 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamış, həmin qərardaddan iddiaçının verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin edilməsini, cavabdeh isə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, şikayət mövzusu olan qərardad ləğv edilərək qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməli və iş məhkəmənin 15 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiya qeyd edir ki, hər hansı müddətin, o cümlədən qərardaddan şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Şikayət mövzusu olan qərardaddan görünür ki, məhkəmə müddətin buraxıldığını göstərsə də, buraxılmış hesab etdiyi müddətin axımı anını, yəni onun başlanğıc gününü müəyyən etməmişdir. Mülki işin materiallarından isə görünür ki, bu iş üzrə həmin anı, yəni iddiaçının qərardaddan şikayət verməsi üçün qanunla müəyyən olunmuş on günlük müddətin başlanğıc gününü müəyyən etmək qeyri-mümkündür; o səbəbdən ki, iş materiallarından qərardadın ona göndərilməsi üçün poçta təhvil verildiyi aydın olsa da, təqdim edildiyinə dair, sübut işdə mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.06.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin vaxtında şikayət verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2019 saylı, 01 mart 2021-ci il tarixli qərardadı ləğv olunsun. Vəsatət təmin edilsin. İddiaçı Nəzərov Əlifağa Xudaverdi oğlunun Xətai Rayon Məhkəməsinin 2(011)- 5985/2019 saylı 15.07.2019-cu il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilsin. İddiaçı Nəzərov Əlifağa Xudaverdi oğlunun Xətai Rayon Məhkəməsinin 2(011)- 5985/2019 saylı 15.07.2019-cu il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün iş birinci həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar