Məhkəmə qərarları › İş №2(103)-4410/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4410/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4410/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-25/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii fəlakət (yer sürüşməsi) nəticəsində iddiaçının evinə dəymiş 74872 manat zərər üzrə sığorta ödənişinin həyata keçirilməsi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi, öhdəliyini icra etməyən cavabdeh qətnamə icra olunana kimi ümumi kirayə haqqı (hər ayı 600 manat olmaqla) məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi var. Sözügedən ev 25 may 2017-ci il tarixli, BA ******* saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 14-17 iyun 2017ci il tarixində yağan aramsız yağışlardan sonra iddiaçının istifadəsində olan evdə iri çatlar yaranmışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən arayışdan müəyyən edilmişdir ki, təbii proseslər nəticəsində iddiaçının evi yerləşən ərazidə leysan yağışları yağmış və torpaq (yer) sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı 18 iyun 2017-ci il tarixində "xxxx" ASC-yə telefon məlumatı verilmişdir. Məlumatla bağlı "xxxx" ASC-nin səlahiyyətli nümayəndələri 18-19 iyun 2017-ci il tarixində hadisə yerində olmuş və sözügedən çatları görmüşlər. İddiaçı inşaat sahəsində xüsusi bilik və təcrübəyə malik olan şəxsi (eksperti) cəlb etməklə əmlakına dəymiş zərəri müəyyən etmişdir. Dəymiş zərərin ümumilikdə məbləği 74 872 manatdır. Sözügedən evdə yaşamaq təhlükəli olduğu üçün iddiaçı zərərə düşüb hər ay 600 manat verməklə kirayə evdə qalır. Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 24.750 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış mütəxəssis rəyinin dəyəri 100 manatın cavabdehdən tutulub “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, 18 iyun 2017-ci il tarixdə (23 gün sonra) İddiaçı “Paşa Sığorta" ASC-yə müraciət edərək 14-17 iyun 2017-ci il tarixlərdə yağan aramsız yağışlar nəticəsində sığortalanmış yaşayış evinə zərər dəydiyini bildirmiş, sığorta ödənişi edilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən hadisə dərhal qeydə alınaraq araşdırma aparılmış, müvafiq orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikası FHN-nin Tikinti X2 Agentliyinin 18.09.2017- ci il tarixli 37-36- 03281 saylı arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evini qanuni əsaslarla inşa etməmiş, tikinti işləri ərazidə qruntun xüsusiyyətləri nəzərə alınmadan və tikinti norma və qaydalarına əməl olunmadan yerinə yetirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 06.04.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa, sol yan və ön tərəfdən evin uzunluğunun 2/3 hissəsi xaricdən sonradan tökmə qruntla doldurulmuşdur (həyət hissəsi də daxil olmaqla). Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Eyni zamanda İcbari sığortalar haqqında Qanunun 35-ci maddəsinə əsasən özbaşına tikili icbari sığortaya cəlb edilə bilməz. Bundan başqa Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qanunla sığorta hadisəsi iki əlamətə malik olmaqla özündə həm sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verməsini, həm də İcbari sığortalar haqqında Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş halları ehtiva etməlidir: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış arayışa əsasən Zığ sahəsində keçirilmiş davamlı monitorinqlər zamanı müəyyən edilmişdir ki, 22 aprel 2014-cü il tarixdən 19 sentyabr 2016-cı il tarixədək müddətdə Zığ qəsəbəsinin şimal-qərb hissəsində uçqun və çökmə prosesinə məruz qalmış ərazilərdə aktivləşmə müşahidə edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, 05 yanvar 2017-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək Zığ yamacının uçqun və çökmə prosesinə məruz qalmış ərazilərində aktivləşmə müşahidə edilməmişdir. Buradan məlum olur ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı sığorta hadisəsi baş verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məkhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikаyət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış 26 may 2017-ci il tarixli, BA № 759017 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti 26.05.2017-ci il tarixdən 25.05.2018-ci il tarixədək, sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş “Bakı şəhəri, Suraxanı rayonu, Günəşli Yaylası, döngə 1 ünvanının yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında” 22.06.2017-ci il tarixli arayışdan görünür ki, sözügedən ünvanda torpaq qatında qırılma xətti və istiqaməti aydın seçilir. Son günlər əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Təbii və texnogen amillərin təsirində prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan 26.06.2017-ci il tarixli zərər aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evinə 91.883,82 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş “daşınmaz əmlakın təmirbərpa işlərinə dair” qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evinə 239.856,95 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 06.04.2018-ci il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” mütəxəssis rəyindən görünür ki, yaşayış evinin arxa, sol yan və ön tərəfdən evin uzunluğunun 2/3 hissəsi xaricdən sonradan tökmə qruntla doldurulmuşdur. (həyət hissəsi də daxil olmaqla). 1-ci mərtəbənin ön tərəfinin torpaqla təmasda olan divarlarında daxildə eni 1,0-1,5 sm-ə çatan mərtəbə boyu çatlar və daxilə doğru hiss edilən qabarlamalar yaranmışdır. Çatlar digər yan və arxa divarlarda da yaranmışdır (divar kağızının altında). Yuxarıda qeyd olunanlara əsaslanaraq texniki baxış keçirilən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2375 saylı, 30 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında olan fərdi yaşayış evində Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinin 21.07.2017-ci il, 06.04.2018-ci il tarixli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlarına əsasən, İddiaçı inşa etdiyi fərdi yaşayış evinə hər hansı bir ziyan dəymişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının 22.06.2017-ci il tarixli, 231 saylı mütəxəssis rəyinə əsasən əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi baş vermiş və nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Tədqiq olunan mütəxəssis rəyinə əsasən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdə olmaqla və istismara yararsız olduğunu nəzərə alaraq, tədqiq olunan tikilinin inşası üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 156.750 manat məbləğində müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin "xxxx" ASC həmin yaşayış evinə dəymiş zərərin sürüşmə-çökmə prosesi nəticəsində yarandığını, həmin hala sığorta təminatı verilməməsini əsas gətirərək, imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsində araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi 2017-ci ilin iyun ayında əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi hadisəsinin nəticəsində zədələnmişdir. Tərəflər arasında bağlanmış 26 may 2017-ci il tarixli, BA № 759017 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin şərtlərinə əsasən daşınmaz əmlakın sığorta risklərinin – yer sürüşməsi və s. hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sığorta müqaviləsi qüvvədə olduğu müddətdə ərazidə hər hansı sığorta hadisəsi olmaması barədə dəlilə qiymət verərək hesab edir ki, həmin dəlill iş materiallarında olan sübutlarla təkzib olnur. Belə ki, apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı mübahisənin obyektiv və ədalətli həlli üçün, yəni iddiaçının evində yaranmış çatların səbəbinin və sürüşmə və çökmə hadisələri arasında fərqin müəyyən edilməsi üçün iş üzrə əlavə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 05 noyabr 2021-ci il tarixli 10/5613 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinin 21.07.2017-ci il, 06.04.2018-ci il tarixli mütəxəssis rəyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 28.09.2021-ci il tarixli 18/379 saylı arayışına əsasən, 14-17 iyun 2017-ci il tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqmətinə sürüşmə-çökmə prosesi baş vermiş və nəticədə həmin ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Tədqiq olunan ünvanda yaşayış evində əmələ gələn çatların və torpaq sahənin sürüşmə və çökmə hallarını nəzərə alaraq, tikinti baxımdan sürüşmə və çökmə hadisələri arasında mahiyyət fərqi olmadığı müəyyən olunur. Ekspert rəyində də göründüyü kimi İddiaçı məxsus fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların əmələ gəlməsinə səbəb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqmətinə sürüşmə-çökmə prosesinin baş verməsidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə sığorta hadisəsi hesab olunan yer sürüşməsi nəticəsində ziyan dəydiyi üçün ona sığorta məbləği ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətinin digər bir əsası isə onadan ibarətdir ki, yer sürüşməsi ilə sürüşmə-çökmə hadisələri bir-birindən fərqli anlayışlardır və qanunla belə bir hala hər hansı sığorta təminatı nəzərdə tutulmur. Lakin yuxarıda qeyd edilən 05 noyabr 2021-ci il tarixli 10/5613 saylı rəyindən göstərilmişdir ki, tikinti baxımdan sürüşmə və çökmə hadisələri arasında mahiyyət fərqi müəyyən olunmur. Ekspert rəyindən də göründüyü kimi yer sürüşməsi hadisəsi, torpaq sürüşməsi-çökməsi hadisəsi ilə eyni mahiyyətli hadisələrdir. Apellyasiya şikayətinin digər bir dəlilində göstərilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən özbaşına tikili icbari sığortaya cəlb olunmur. Lakin iş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış 26 may 2017-ci il tarixli, BA № 759017 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sığorta şirkəti özü İddiaçı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”ni vermiş və ona məxsus mənzili 25.000 manat həcmində sığortalamışdır. Hazırki halda isə “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”ndən irəli gələn öhdəlikləri yerinə yetirmək sığorta şirkətinin vəzifəsidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-25/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar