Məhkəmə qərarları › İş №2(103)-4411/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4411/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4411/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(006)-4956/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən aldığı xəstəliklə əlaqədar 2750 manat məbləğində sığorta ödənişinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2780 manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 aprel 2011-ci il tarixdə hərbi xidmətə yararlı bilinib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə xidmətə göndərilmişdir. Hərbi xidmət zamanı xəstələnmiş və 23 iyun 2012-ci ildə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalına göndərilmiş və hospitalın terapiya şöbəsinə yerləşdirilmişdir. Ona “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti (22 mm). Üçtaylı qapağın prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası və sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” diaqnozu qoyulmuşdur. Ona edilən müalicələrin hamısı çıxarış epikrizində göstərilmişdir. Hərbi hospitalın 19 iyul 2012-ci il tarixli 1948 saylı rəyi ilə, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” xəstəliklər cədvəlinin 80 “b” maddəsinin İİ qrafasına əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. 19 iyul 2012-ci ildə hərbi hospitaldan xaric edilmiş və 04 avqust 2012-ci ildə müdafiə nazirinin əmri ilə ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. Hərbi hospital tərəfindən verilmiş 19 iyul 2012-ci il tarixli, 1948 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən, hərbi həkim komissiyasının qərarı ilə “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti. Üçtaylı qapağın prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası” diaqnozu “ümumi xəstəlikdir” rəyi verilmişdir. “Sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi verilmişdir. Evə gəldikdən sonra mütəmadi müalicə olunmuşdur. İllər keçdikcə xəstəliyi ağırlaşmış və müalicəyə tabe olmamışdır. 28 iyul 2016-cı il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hal-hazırda 2-ci qrup əlildir və yenə də vaxtaşırı müalicə olunur. Bundan sonra o, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, 2750 manat məbləğində sığorta ödənişi almaq üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Şirkət tərəfindən ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(006)- 4956/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı isə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(006)-4956/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 27.04.2011-ci il tarixdə hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və həmin tarixdə hərbi hissəyə göndərilmişdir. Daha sonra İddiaçı 19.07.2012-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın hərbi-hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda aşkar edilən “anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti. Üçtaylı qapağın prolapsı. İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası – ümumi xəstəlik kimi müəyyən edilmiş, “Sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” xəstəliyinin isə hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. Tibbi-sosial ekspert komissiyası tərəfindən 22.02.2016-cı il tarixində İddiaçı ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təyin olunmuş əlilliyin yaranma səbəbi xəstəlik olsa da, bu xəstəliyin kateqoriyası ümumi xəstəliklərə aiddir. İddiaçı hərbi xidmət dövründə xəsarət və travma almamış, onda anadangəlmə ürək qüsuru olmuş və buna görə də hərbi xidmətdən buraxıldıqdan 4 il sonra ona əlillik təyin edilmişdir. İşdə olan hərbi hospital tərəfindən verilmiş xəstəlik haqqında 19 iyul 2012-ci il tarixli 1948 saylı şəhadətnamənin surətindən də görünür ki, İddiaçı aşkar olunmuş xəstəliklərdən yalnız şəraitlə əlaqəli nevrotik reaksiya hərbi xidmət dövründə alınmış, həmin xəstəlik sağalma ilə nəticələnmişdir. Beləliklə, İddiaçı aldığı əlillik dərəcəsi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət alması, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar olmadığından, həmin dövrdə xəsarət alması isə müəyyən edilmədiyindən, sığorta ödənişinin verilməsini tələb etmək hüququ yaranmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin ç) bəndinə görə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik sığorta hadisəsi hesab edilir və bununla əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona İ dərəcə əlilliyə görə — 80 faiz; İİ dərəcə əlilliyə görə — 60 faiz; İİİ dərəcə əlilliyə görə — 40 faiz nisbətlərində verilir. Həmin maddənin d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin “a”, “b” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz nisbətində sığortaolunana sığorta ödənişi ödənilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə sağ olan hərbi qulluqçunun sığorta ödənişini almaq hüququ yalnız o halda yaranır ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə ona əlillik müəyyən edilsin və ya o, həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin “a”, “b” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır və ya yüngül xəsarət (yaralanma, travma, kontuziya) alsın. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(006)- 4956/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar