Məhkəmə qərarları › İş №2(103)-442/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-442/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-442/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair 2(011)-411/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3150 manat maddi zərərin, 5000 manat mənəvi zəzərin və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan “X4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu, Ə.Nəvai küçəsi 15 ünvanda yerləşən "xxxx SERVİS" avtomobil təmir mərkəzinə gətirmişdir. Maşına əvvəllər də həmin mərkəzdə Cəbrayılov Zaur adlı usta xidmət edirdi. Zaurla görüşmüş və avtomobilin farsunkalarını yuduzdurmaq istədiyini bildirmişdir. Zaur farsunkaları yuyub qurtardıqdan sonra təkrar kompüterə salmış və maşında heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra usta Elvin Bagırovla maşının razdatkasında zəif səs olduğu barədə məsləhətləşmiş, Elvin həmin səsi dinləyərək maşında elə bir ciddi problemin olmadığını bildirmişdir. Təmir sexindən çıxmaq istəyərkən Elvinin yanında köməkçi işləyən Tural və Çingiz ona yaxınlaşıb yaxşı olar ki, bu problemi indi aradan qaldırmasını məsləhət görmüş, əks təqdirdə bu kiçik problem gələcəkdə masının sürət qutusunu sıradan cıxarda biləcəyini bildirmişlər. Həmin şəxslərin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Bu isin cəmi 600-700 manat xərci olduğu bildirilmişdir. Maşının razdatkasını sökiib yerə qoydular və bundan sonra problem olduğu dedikləri hissəni açdılar. Heç 30 dəqiqə cəkmədi ki, razdatkanın icindəki plastinka deyilən seyləri dəvisdilər və problemin aradan qalxdığını bildirdilər. Bu işin bu qədər tez və sadə bir iş olduğunu təsəvvür etmirdi. Fikirləşdi ki, nə üçün belə bir sadə təmirə ondan bu qədər çox pul alırlar. Əslində dəyişiləsi elə bir bahalı ehtiyat hissə yox idi. Razdatka yığılıb yerinə qoyulduqdan bundan sonra maşını sürüb yoxladıqda razdatka işləməmişdir. Ona problemin razdatkanın motorunda olduğu, motorun mütləq dəyişməli olması və bunun üçün əlavə 200 manat ödənilməsibildirilmişdir. Yenə məcbur qalıb razılaşmş və əlavə 200 manat ödəmişdir. Bundan sonra yenə motor işləməmişdir. Çünki təkrar istifadə olunmuş motor qoyulmuşdu. Bundan sonra bir neçə motor dəyişdilər və nəhayət motorun işlədiyini bildirdilər. Ustalardan biri razdatkanın maşının üstünə qoyulduqdan sonra kompüter vasitəsilə motorla razdatkanın bir birini tanıması üçün adaptasiya etməyi təklif etsə də, Çingiz adlı usta buna ehtiyac olmadığını bildirdi. Təmirin bütün xərcini ödədikdən sonra təxminən axşam saat 8-də təmir emalatxanasından çıxıb evə getmişdir. Oğlu onu evə düşürüb yaxınlıqda yerləşən marketə getmiş, bir az sonra ona zəng edib demişdir ki, masın saxladığı yerdən tərpənmir. Oğlu maşının yanından usta Zaura zəng edib maşının yerindən tərpənmədiyini bildirmiş, o, da öz növbəsində maşını sabah evakuator vasitəsilə təmir yerinə gətirməyi tapşırmışdır. xx.xx.2019- cu il tarixdə masını servisə aparmışdır. Elvin və köməkçiləri maşına baxdıqdan sonra maşının sürət qutusunun dağıldığını bildirdilər. Bundan sonra cavabdehlərə bildirmişdir ki, maşını dünən 2 dəfə kompüterə salaraq heç bir problemin olmadığını bildiriblər. Necə olur ki, maşın servisdən 10 km aralanmamış sürət qutusu dağılır? Bu əsasla cavabdehlərə kəskin etirazını və sürət qutusunun onların səhvi üzündən dağıldığını bildirmişdir. Cavabdehlər sürət qutusunu acıb yerə qoyan zaman usta Zaur gəldi və razdatkaya baxıb Cavabdeh1 razdatkanı səhv verdiklərini, bu səbəbdən sürət qutusunun dağıldığını bildirdi. Zaur dediyini siibut etmək ücün servisdə acılmıs, lakin islək olan basqa bir razdatkanı onlara göstərdi. Elvin və köməkciləri səhvlərini etiraf edib dedilər ki, həqiqətən də dünən razdatka masının üstünə qovularkən islək vəziyyətdə olmayıb. Cavabdehlər razdatkanı açdıqdan sonra təkrar səhvlərini etiraf etdilər və dedilər ki, həqiqətən də razdatka düz yığılmayıb. Razdatkanın da motorunda problem olmayıb. Razdatkanı təkrar yığdıqdan sonra üstünə qoydular və bildirdilər ki, razdatka işləyir. Lakin maşın bundan sonra da yerindən tərpənmədi. Bundan sonra cavabdehlər dedilər ki, sürət qutusunun nasosu deşılıb. Bundan sonra yenə etirazını bildirmiş və demişdir ki, razdatka səhv yığıldığı üçün sürət qutusu dağılıb. Lakin cavabdehlər ona razdatkanın sürət qutusu ilə heç bir əlaqəsinin olmadığı bildirdilər. Məcbur qalıb cavabdehlərin təqsiri üzündən masının sürət qutusunun düzəldilməsinə 2200 manat vəsait ödəmişdir. Hesab edir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona real olaraq 2200+950=3150 manat zərər dəymisdir. Bundan başqa cavabdehlərin təqsirli əməlləri üzündən keçirmiş olduğu güclü stress və mənəvi əzab üzündən xeyli miqdarda mənəvi ziyana məruz qalmışdır. Hesab edir ki, mülki delikt törətmiş şəxslərin təqsirli hərəkətləri nəticəsində keçirmiş olduğu mənəvi sarsıntıların pulla kompensasiya olunan ekvivalenti 5000 manat təşkil edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən işçisinin vurduğu maddi ziyanın əvəzi kimi 3100 manat və ödənilmiş dövlət rüsumunun 12 manat hissəsi olmaqla, cəmi 3112 (üç min bir yüz on iki) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni yalnız Azərbaycan Respublikası Texniki Universitetinin müəlliminin “texniki rəy”dəki mövqeyi ilə əsaslandırmışdır. Qətnamədə başqa heç bir əsas göstərilməmişdir. Azərbaycan Respublikası Texniki Universitetinin müəlliminin “texniki rəy”ində isə nəzəri biliklər nümayiş etdirilib. Göstərilən “texniki rəy”də universitet müəllimi konkret olaraq iddiaçının avtomobilini tədqiq etməmiş, ümumi olaraq həmin markalı avtomobillərin texniki məsələləri barədə fikir bildirmişdir. Nəzərdən qaçırmaq olmaz ki, hazırkı iş üzrə konkret olaraq iddiaçının avtomobilinin tədqiq edilməsi üçün ekspertiza təyin edilməli və ümumi deyil, konkret olaraq avtomobilin avtomatik surət qutusunda aşkar olunmuş fəsadlarla, cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması müəyyən edilməli idi. Digər tərəfdən, “texniki rəy”də “hökmən avtomatik surət qutusunda fəsadlar törədə bilər” ifadəsində “hökmən” sözündən istifadə olunsa da, cümlənin sonunda işlədilən fəsadlar törədə bilər” ifadəsi bu fəsadların baş verməsinin imperativ xarakerini istisna edir, yəni “texniki rəy”ə əsasən belə fəsadlar törəməyə də bilər. Nəticə etibarı ilə, hesab edirlər ki, birinci instansiya məhkəməsi öz qətnaməsini ehtimallar əsasında qəbul etmiş, əvvəlcədən avtomobilində nasazlığı olan iddiaçının cavabdehə qarşı heç bir sübüt təqdim edə bilməməsinə baxmayaraq, ümumi nəzəri fikirlər əks olunmuş və konkret iş üçün heç bir əhəmiyyəti olmayan, ziddiyyətli “texniki rəy”ə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Mütəxəssis apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdı Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmasına dair hissəninin qanuniliyi və əsaslılığı apelyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən “xxxx SERVİS” MMC-də çilingər peşəsinə qəbul olunmuşdur. Əmək haqqısı 260 manat təşkil edir. "xxxx SERVİS" avtomobil təmir mərkəzinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il təmir kartlarının surətindən görünür ki, İddiaçı məxsus “X4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ayrıc (paylayıcı) qutusunun və sürət qutusunun təmiri üçün iddiaçı tərəfindən cəmi 3100 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 bağlanmış xx.xx.2019- cu il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Texniki Universitetinin “Avtomobil texnikası” kafedrasının baş müəllimi X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli texniki rəydən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, SALL MAM349A298566 ban nömrəli, 2009-cu il buraxılışı, “Range Rover” markalı, “Vogue” modelli nəqliyyat vasitə,sinin texniki göstəricisinə görə: 1. Ayrıc (paylayıcı) qutunun birbaşa sürət qutusu ilə əlaqəsi var. Zəncir ötürməsi vasitəsilə burucu momenti avtomatik sürət qutusundan alır və qabaqarxa oxda olan reduktora (baş ötürücü) paylaşdırır. 2. Avtomobilin ayrıc (paylayıcı) qutusunda hansı bir nasazlıq baş versə, texniki normativlər əsasında sökülüb yığıla bilər.

3. Avtomobilin ayrıc (paylayıcı) qutusunda hər hansı bir nasazlıq baş versə, hökmən avtomatik sürət qutusunda fəsadlar törədə bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 459.1, 1097.1, 1099.1, 1108.1, 1114.1, maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı mülkiyyətində olan “X4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” MMC-nin təmir mərkəzinin işçisi olmuş çilingər Cavabdeh1 tərəfindən təmiri zamanı yol verdiyi xətalar üzündən iddiaçıya cəmi 3100 manat məbləğində maddi ziyan vurulması işin tədqiq edilmiş halları əsasında müəyyən edildiyi üçün iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-411/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar