Məhkəmə qərarları › İş №2(103)-4421/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4421/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4421/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2605/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2017-ci il tarixdən 7 iyun 2017-ci il tarixədək, cəmi 31 gün müddətində işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində ona vurulmuş mənəvi zərərə görə 200000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2605/2025 saylı qərardadı ilə (hakim Ramin Xəlilov) iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı daha əvvəl ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 2017-ci ilin may ayının 7-si tarixində həbs edildiyini, həmin tarixdən 2017-ci ilin iyul ayınadək qanunsuz olaraq həbsdə saxlanıldığını, N avqust tarixdə isə barəsində həbs qətimkan tədbirinin seçildiyini, 09 iyul 2018-ci il tarixli hökmlə 15 il müddətinə azadlıqdan məhrum edildiyini, ən sonda 06 dekabr 2022-ci il tarixli qərarla təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində cinayət işi üzrə icraata xitam verildiyini iddia edərək ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)- 444/2023 saylı qətnaməsinə əsasən isə iddiaçının qanunsuz olaraq həbsə alma və qanunsuz olaraq həbsdə saxlandığına görə mənəvi iztirab və sarsıntılara məruz qaldığını, fəal ictimai həyat tərzindən məhrum olunduğunu əsas gətirməklə mənəvi zərərə görə 131400 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə hüquqi qiymət verilərək iddia tələbi həmin hissədə qismən, yəni 63000 manat həcmində ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı növbəti iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 07 may 2017-ci il tarixdən 07 iyun 2017-ci il tarixədək olan dövr ərzində ona işgəncə verilməsinə görə 200.000 manat həcmində mənəvi zərərin ödənilməsini tələb etsə də, göründüyü kimi daha əvvəl Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-444/2023 saylı qətnaməsi əsasında iddiaçının bu tələbi də daxil olmaqla onun qanunsuz olaraq həbsdə saxlanılması tələbinə artıq hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin sözügedən qətnaməsində mənəvi zərərin iddiaçının qeyd etdiyi kimi işgəncəyə məruz qaldığı dövr yox, yalnız onun həbsdə saxlanılması dövrünü əhatə etməsi halı iddiaçının yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək yox, sözügedən qətnamədən apellyasiya şikayəti verməsi üçün əsasdır. Belə ki, iddiaçı əvvəlki iddia tələbində özü konkret olaraq onun qanunsuz olaraq həbsə alınaraq işgəncə verildiyi və qanunsuz olaraq həbsdə saxlanıldığı tarixləri qeyd etsə də, məhkəmə tərəfindən onun tələbinə ümumi hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün normaya istinad etsə də, normanı düzgün tətbiq və şərh etməyib. Belə ki, iddiaçı Biləsuvar Rayon Məhkəməsinə təqdim etdiyi həbsdə olub bəraət aldığına görə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsində işin halları hissəsində qanunsuz olaraq sorğusuala məruz qaldığını, daha sonra hərbi hissəyə qaytarıldığını və N avqust tarixində həbs edildiyini bildirib. Həmçinin iddiaçıiddiaərizəsində qeyd edib ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 5 il 3 ay 7 gün ərzində qanunsuz olaraq azadlıqdan məhrum edildiyi üçün ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçı iddia ərizəsində ümumi sözlərlə başına gələnləri qeyd edib, ancaq konkret olaraq iddia ərizəsinin 4-cü səhifəsində qeyd edib ki, 5 il 3 ay ərzində keçirmiş olduğum sarsıntılar sadalamaqla bitməz. Həmçinin tələb hissəsində iddiaçı dəqiq olaraq göstərib ki, 5 il 3 ay ərzində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə təzminat ödənilməsini istəmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)- 444/2023 saylı qətnaməsinə əsasən isə iddiaçının qanunsuz olaraq həbsə alma və qanunsuz olaraq həbsdə saxlandığına görə mənəvi iztirab və sarsıntılara məruz qaldığını, fəal ictimai həyat tərzindən məhrum olunduğunu əsas gətirməklə mənəvi zərərə görə 131400 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə hüquqi qiymət verilərək iddia tələbi həmin hissədə qismən, yəni 63000 manat həcmində ödənilməsi qətedilmişdir. Məhkəmə mənəvi zərərə görə 63 min manat məbləğində olan təzminatın iddiaçıya ödənilməsini qət edərkən onun 63 ay həbsdə qalmasına əsasən aylıq 1000 manat məbləğində hesablamışdır. “Tərtər işi” kimi tanınan cinayət işi çərçivəsində məhkum edilmiş və 06 dekabr 2022-ci il tarixində bəraət alıb azadlığa çıxmış şəxslərə ilkin mərhələdə aylıq 1000 manat ödənilməsi təcrübəsi formalaşmışdı ki, Biləsuvar Rayon Məhkəməsi də bu təcrübəni tətbiq edib qətnamə çıxarıb. Məhkəmə qətnaməsində açıq şəkildə göstərib ki, şəxsə qanunsuz olaraq azadlıqdan məhrum edildiyi və daha sonra bəraət verildiyi üçün vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini əsaslı hesab edib. Ancaq Nəsimi Rayon Məhkəməsi əsassız olaraq iddiaçının işin halları kimi yazdığı hissədə olan məlumatlara istinad edərək iş üzrə icraata xitam vermişdir. Halbuki MM-in 261.0.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hissəsini məhkəmə yalnış şərh edib. Çünki birinci hissə eyni predmet barəsində olduqda hissəsində qeyd edilməlidir ki, iddiaçı Biləsuvar Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin tələb hissəsində qeyd etdiyi ilə hazırkı iddia ərizəsində qeyd etdiyi tələb eyni deyil. Digər tərəfdən eyni əsas məsələsinə gəldikdə isə iddiaçı Biləsuvar Rayon Məhkəməsinə müraciət etdiyi zaman onun tələbinin hüquqi əsasını xx.xx.2022- ci il tarixli AR Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X4 tərəfindən İddiaçı qarşı olan cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata verilən xitam qərarıdır. Biləsuvar Rayon Məhkəməsi öz qətnaməsini çıxararkən iddiaçının zərərçəkmiş qismində tanınması və işgəncə altında olmasına dair yekun məhkəmə aktı yox idi. Bu səbəbdən də iddiaçı yalnız qanunsuz həbs edilməsinə görə vurulmuş zərərin əvəzini alıb. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçı zərərçəkmiş qismində tanınıb. Hökmə əsasən iddiaçı 31 gün müddətində işgəncə altında olmuşdur. Hökmdə qeyd edilir ki, 07 may 2017-ci il tarixdən 7 iyun 2017-ci il tarixədək, cəmi 31 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi“vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hökm hüquqi qüvvəsini almışdır. Göründüyü kimi Bakı Hərbi Məhkəməsinin hökmü Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinin hüquqi əsasını təşkil edir və baxılan iş üzrə məcburi hüquqi qüvvəyə malikdir. Bakı Hərbi Məhkəməsinin hökmü Biləsuvar Rayon Məhkəməsinin qətnaməsindən bir il sonra çıxmışdır. Deməli Biləsuvar Rayon Məhkəməsində baxılan iş üzrə hüquqi qüvvəsi ola bilməzdi. Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyimiz Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi və məhkəmənin qətnaməsi, Bakı Hərbi Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı iddia ərizəsində qeyd etdiyim halları sübutetdiyi halda məhkəmə əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verə bilməmişdir. İşin faktiki hallarını sübut edən sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməyib. Məhkəmə, işdəki faktları və sübutları diqqətlə araşdırmalı, tərəflərin təqdim etdiyi dəlilləri qiymətləndirməli idi. Bunun əksinə məhkəmə işdə olmayan hallara istinad edərək icraata xitam verib. Məhkəmə qeyd edir ki, iddiaçı artıq eyni predmet və eyni əsasla məhkəməyə müraciət edib. Ancaq işdə olan sübut yəni Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində göstərilir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunsuz olaraq həbsə alma və qanunsuz olaraq həbsdə saxlandığına görə mənəvi iztirab və sarsıntılara məruz qaldığını, fəal ictimai həyat tərzindən məhrum olundunu əsas gətirməklə mənəvizərərə görə 131,400 (yüz otuz bir min dörd yüz) manat cavabdehdən alınaraq ona ödənilməli olduğunu göstərmişdir. Məhkəmə 63 ay müddətində həbs olduğu müddəti nəzərəalaraq ona aylıq 1000 manat məbləğində təzminat ödənilməsinə qərar verib. Ancaq məhkəmə bu sübutlara düzgün qiymət vermədən iş üzrə icraata xitam vermişdir. Qeyd etdiklərinə əsasən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2605/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin etiraz və işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı məhkəmə hökmü ilə qanunsuz olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin nəticəsi olaraq ona vurulmuş maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, qeyd edilən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 61058 manat və mənəvi zərərə görə 63000 manat, cəmi 124058 manat məbləğdə pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı hazırki iş üzrə tələbində isə - 07 may 2017-ci il tarixdən 7 iyun 2017-ci il tarixədək, cəmi 31 gün müddətində işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində ona vurulmuş mənəvi zərərə görə 200000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(006)-2605/2025 saylı qərardadı ilə iş üzrə icraata xitam verərkən, MPM-nin 261.0.2-ci maddəsinə istinad etmiş, hazırki tələb üzrə də Biləsuvar Rayon Məhkəməsinin 2(022)-444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğunu qeyd etmişdir. Halbuki, MPM-in 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əvvəlki iddiasında məhkəmə hökmü ilə qanunsuz olaraq (sonradan bəraət almışdır) 5 il 3 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə pulun tutulmasını xahiş etmişdir (həmin dövr faktiki həbsdə qaldığı xx.xx.2017xx.xx.2022-ci il tarixlərini əhatə etmişdir). Hazırkı iddia tələbi isə tamamilə başqa əsasla, fərqli dövrü əhatə etməklə, 07 may 2017-ci il tarixdən 7 iyun 2017-ci il tarixədək işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində ona vurulmuş mənəvi zərərlə bağlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı əvvəlki iş üzrə olan tələbi ilə hazırki iş üzrə olan tələbinin eyni dövrü və eyni əsasları əhatə edib-etməməsini düzgün aydınlaşdırmamış, buna zərurət duyulduğu təqdirdə isə əvvəlki işi tələb edərək ona baxış keçirməmiş, formal mülahizələrdən çıxış etmişdir. Halbuki, işdə olan sənədlərdən (hazırki və əvvəlki iddia ərizəsi, məhkəmə qətnaməsi və s.) əvvəllər iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi və istinad olunan məhkəmə aktı ilə ona baxılması halı müəyyən edilmir. Eyni zamanda iddiaçı şikayətin dəlillərində də göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayətin həmin dəlilinə hüquqi qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. Halbuki, MPM-nin 269.2-ci maddəsinin tələbinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə o halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. Qeyd edilməlidir ki, mübahisə tərəflərin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddihüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, hüquqi əsası isə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılmasıdır. İddianın əsasının eyniliyi dedikdə barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar”. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2605/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 2605/2025 saylı qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar