Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4429/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 iyul 2005-ci il təvəllüdlü X1 və 10 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 368 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş №2(001)-1425/22) iddia qismən təmin edilərək, cavabdehdən hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni qismən – iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 21 iyul 2005-ci il təvəllüdlü Zenfira və 10 yanvar 2008-ci il təvəllüdlü Eldar adlı uşaqları anadan olmuşdur. 2011-ci ildə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh könüllü olaraq son iki ildə uşaqlara görə cəmi 150 manat aliment ödəyir. Lakin həmin məbləğ uşaqların bütün ehtiyaclarını ödəmir. Təkbaşına ehtiyaclarını ödəmək onun üçün çətindir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə alimnetin iddia ərizəsinin verildiyi tarixdən tutulması qənaətinə gəlib. Halbuki, qətnamə qəbul edildiyi tarixədək cavabdehdən aliment tutulmayıb, iddiaçının hüquqları pozulub. Cavabdeh vəzifə maaşından əlavə ödənişlər alır və aylıq gəliri 800 manatdan çoxdur. Məhkəmə bu hallara əhəmiyyət verməyib. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni qisməniddianın təmin olunmayan hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, tərəflər 2004-cü ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki - 21 iyul 2005-ci il təvəllüdlü Zenfira və 10 yanvar 2008-ci il təvəllüdlü Eldar adlı uşaqları anadan olmuşdur: Tərəflər arasında nikah 2010-cu ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının tələbi uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması barədədir. Məhkəmə birgə nikahdan doğulmuş uşaqların hazırda iddiaçının himayəsində olduğunu, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, tərəflərin birgə nikahından doğulmuş uşaqların sayını, cavabdehin yeni nikahından bir uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq iddianı qismən təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 100.2-ci və s. maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği 125 manat yox, yaşayış minimumuna uyğun olaraq 193 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçı alimentin miqdarının yaşayış minimumuna uyğunlaşdırılmasını istəsə də, cavabdehin əlavə gəlirlərinin olmasını, aylıq qazancının daha çox olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, işdən göründüyü kimi, cavabdeh yeni nikaha daxil olub və yeni nikahından bir övladı dünyaya gəlib. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, sabit pul məbləğində aliment tutulmasına dair normalar tərəflərin deyil, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində alimentin tutulmasının əvvəlinin 17 yanvar 2022-ci ildən hesablanmalı olduğunu göstərsə də, nəticə hissəsində bunu göstərməyi unutmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla yanaşı öz qətnaməsində aliment tutulmasının əvvəlini də göstərə bilər. Belə ki, qeyd olunan hal qətnamənin apellyasiya qaydasında ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas vermir. Mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində iddianın qiyməti bir illik alimentin miqdarı ilə müəyyən olunmaqla 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aliment tutulmasının əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4429/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4429/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver