Məhkəmə qərarları › İş №2(103)-4429/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4429/2023

07.07.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4429/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 2975/2022 saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(001)- 2975/2022 saylı qətnaməsinə əsasən, X6 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 avqust 2020-ci il tarixli, 06 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMCdən avans kimi ödənilmiş 17000 manat, faiz məbləği kimi 2380 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla ümumilikdə 19880 manat məbləğində pul vəsaitinin tutularaq X7 ödənilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də qoşma edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadına əsasən, müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Hazırda Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə həmin qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq məhkəməyə vaxtında ünvanladığı şikayətlər əsassız olaraq geri qaytarılır. Hər dəfə müraciət etdikdə yalnız geri qaytarılma kimi qərarlar qəbul edilir. Bütün hallarda prosessual hüquqları pozulmuşdur. Eyni zamanda bunun da nəticəsində prosessual müddətlərin süni pozulmasına səbəb olur. Qanunvericiliyə əsasən şikayət geri qaytarılırsa, müddət şamil edilmir. Hesab edir ki, müddəti buraxmamışdır. 03 aprel 2023-cü il tarixli qərardadla bağlı cavabdeh olaraq vaxtında şikayət vermişdir. Lakin Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayətin düzgün yazılmaması səbəbindən geri qaytarılmışdır. Adətən hakimin yol verdiyi pozuntular maddi və prosessual hüquq pozuntuları olur. Əlavə xanalar zəruri olanda, pozuntu hesab edəndə doldurulur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 2975/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır . Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin maddənin tələblərinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşin materiallarından müəyyən edilir ki, cavabdeh “X4” MMC-nin 19 fevral 2022-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcuddur. Hazırki iddia ərizəsi isə 07 aprel 2022-ci il tarixdə verilmiş, məhkəmə iclasları barədə bildirişlər hakim tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə tərəflərə göndərilmiş, avtomatik olaraq işin gedişatı barədə bütün məlumat cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh keçirilmiş heç bir məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin 08 iyul 2022-ci il tarixli, 2(001)-2975/2022 saylı qətnaməsi 20 iyul 2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, da sonra isə ərizə əsasında 13 dekabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsinə şəxsən də təqdim edilmişdir. 16 yanvar 2023-cü il tarixdə yəni qətnamənin şəxsən alınmasından 1 ay 3 gün sonra cavabdeh poçt vasitəsilə apellyasiya şikayəti vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də qoşma etmişdir. Lakin, məhkəmənin 17 yanvar 2023-cü il tarixli qərardadına əsasən, şikayət elektron kabinetlə verilmədiyindən geri qaytarılmış, bu qərardad 30 yanvar 2023-cü il tarixdə cavabdehin nümayəndəsinə şəxsən təqdim edilmişdir. Daha sonra 10 fevral 2023-cü il tarixdə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə qətnamədən elektron kabinetlə apellyasiya şikayəti vermiş, lakin şikayət prosessual müddət buraxılmaqla verildiyindən, məhkəmənin 13 fevral 2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Bu qərardad Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Hazırki apellyasiya şikayəti isə 27 mart 2023-cü il tarixdə verilmişdir. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsinə prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Əvvəla kollegiya qeyd edir ki, məhkəmə aktlarından şikayətlərin verilməsi prosessual qanunvericiliyin tələblərinə əsasən elektron kabinet vasitəsi ilə elektron qaydada verilməlidir. Göründüyü kimi, birincisi cavabdeh tərəf peşəkar hüquqi yardım almaqla vəkillə təmsil edilir və bu halda həmin məhkəmə aktından apellyasiya şikayətinin verilməsinin məhz elektron kabinet vasitəsi ilə verilməli olmasını bilməsi lazımdı. Prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilən şikayətlər qəbul edilmir. Eyni zamanda cavabdeh tərəf hüquqi şəxs olmaqla elektron kabinetləri olmuş daha öncədədən də məhkəmənin qətnamsi elektron kabinetlərinə yerləşdirilməklə prosessaal qanunvericiliyin tələblərinə məhkəmə tərəfindən riayət edilmişdir. Prosessual qanunverciliyin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Kollegiya qeyd edir ki, Məhkəmənin 08 iyul 2022-ci il tarixli, 2(001)-2975/2022 saylı qətnaməsi 20 iyul 2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, da sonra isə ərizə əsasında 13 dekabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsinə şəxsən təqdim edilsə də, prosessual qanunvericiliyin tələbləri qətnamədən rəsmi qaydada alındığı vaxtdan qanunla müəyyən edilmiş müddət 3 gün müddətində ötürülməklə 16 yanvar 2023cü il tarixdə verilmişdir.Bununla yanaşı, apellyaisya şikayəti qanunvericiliyin tələblərinə riayət edilmədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədə verilmişdir. Daha sonra 10 fevral 2023-cü il tarixdə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə qətnamədən elektron kabinetlə apellyasiya şikayəti verilsə də, lakin şikayət prosessual müddət buraxılmaqla verilməklə müddətin bərpasına dair ərizə də verilmədiyindən birinci instansiya məhkəməsi tərəfinmdən haqlı olaraq geri qaytarılmışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəin buraxılmasının üzürlü hesab edilməsi üçün hər hansı bir üzürlü səbəb müəyyən edilmir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməməklə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılması hər hansı bir üzürlü səbəbinin olmaması qənaətinə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla şikayətin dəlilləri onun ləğv edilməsinə əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(001)- 2975/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar