Məhkəmə qərarları › İş №2(103)-4431/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4431/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4431/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(001)-1361/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq, cavabdehin xeyrinə 103 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(001)-1458/2020 saylı qətnaməsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 06 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. Hər ay 170 manat alimenti ödəməkdə çətinlik çəkir. Çalışdığı müəssisədə cəmi 83 manat maaş alır. Heç bir yerdə yüksək maaşlı işə düzələ bilmədiyi üçün məşğulluq idarəsinə müraciət etmiş, 83 manat maaşlıq işi onların sayəsində tapmışdır. Hal-hazırda yüksək maaşlı iş axtarır. Bundan başqa ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan da bir övladı vardır. Özü xəstədir, mütəmadi olaraq müalicə alır və 1 saylı Psixiatriya Dispanserində qeydiyyatdadır. O, köhnə miqdarda təyin edilən 103 manat alimenti başqalarından borc alaraq ödəsə də, 900 manat qalıq borcu yaranmışdır. Onun hər ay 170 manat aliment ödəməyə imkanı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(001)-1361/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə onun təqdim etdiyi sübutları nəzərə almadan ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan: Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 02 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 191887 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 may 2014-cü il tarixində 171 № ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilən 09 sentyabr 2020-ci il tarixli, 1086-05/70 saylı doğum haqqında arayışdan görünür ki, X4 06 sentyabr 2012-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3559 №-li akt qeydi tərtib olunmuşdur. X1, anası Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirililmiş, 06 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 22 avqust 2015-ci il tarixində verilən AZ-İİ seriyalı, 042264 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 22 avqust 2015-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 341 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. Bakı şəhər Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 30 dekabr 2004-cu il tarixində verilən AZ-İ seriyalı, 554307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 oktyabr 2004-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 dekabr 2004-cu il tarixində 2183 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X3. Sosial arayışdan görünür ki, İddiaçı həqiqətən “X13” MMC-də meşəçilik üzrə fəhlə işləyir və aylıq əmək haqqı 83 manat təşkil edir. 15 nömrəli birləşmiş şəhər xəstəxanasından verilən 07 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı stressə qarşı kəskin reaksiya diaqnozu ilə müəssisənin psixiatriya kabinetində qeydiyyatdadır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında 22 avqust 2015-ci il tarixində nikah bağlanmış, tərəflərin nikahından 03 oktyabr 2004-cü il tarixində X7 doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1458/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi rayon məhkəməsinin qanuni qüvvəsini almış 2(001)- 2455/2019 saylı 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə hər ay 103 manat müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 06 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı keçmiş nikahından olan uşağının saxlanması üçün tutulan aliment məbləğinin azaldılmasını xahiş edir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən dövrdə tərəflərin birgə nikahından doğulmuş uşağın minimum 175 manat maddi təminat almaq hüququ olsa da, iddiaçıdan 170 manat aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı, X5 ilə 22 avqust 2015-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə alimentin hazırkı miqdarı müəyyən edilənədək nikah bağlanmış, X7 da 03 oktyabr 2004-cü il tarixdə doğulmuşdur. Alimentin hazırkı miqdarı müəyyən edilərkən mövcud olan həmin hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmışdır. Eyni zamanda, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra “X13” MMC-də meşəçilik üzrə fəhlə işinə qəbul edilməsi və xəstəliyə düçar olması barədə də sübut təqdim etməmişdir. İddiaçı habelə, tələbini hal-hazırda yüksək maaşlı iş axtarması ilə əsaslandırsa da, iş üzrə sübutlarla, iddiaçının bu barədə təşəbbüs göstərməsi, müvafiq işi iradəsindən asılı olmayan səbəbdən əldə edə bilməməsi, başqa bir yerdən gəlir mənbəyinin olmaması halları da təsdiq edilməmişdir. Beləliklə, iş üzrə olan sübutlarla iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olması halları təsdiq olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, alimentin müəyyən edilmiş miqdarının azaldılması, mənafeyi istənilən halda üstün tutulmalı və daha yaxşı təmin edilməli olan uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlamağa imkan vermir, əksinə təminatının səviyyəsini uşağın mənafeyinin ziddinə olaraq aşağı endirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Bundan sonra AM-in) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyn edilir. Göründüyü kimi, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması halları təsdiq edilmədiyindən, eləcə də alimentin miqdarının azaldılması mənafeyi istənilən halda üstün tutulmalı və daha yaxşı təmin edilməli olan uşağın mənafeyinin ziddinə olaraq onun əvvəlki təminatının səviyyəsini aşağı endirdiyindən birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(001)-1361/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar