Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4431/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1538/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(002)-2350/2021 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulması qət edilmiş 50 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 200 manat (400 x 0.50) müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh ilə anası Qənbərova (Rzayeva) Xəyalə Bəhlul qızı 17 Fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından onunla birlikdə 4 oğlan uşaqları anadan olmuşdur. O, xərçəng xəstəliyindən əziyyət çəkir, daim tibbi müalicə və müayinələrdən keçdiyinə görə maddi dəstəyə ehtiyacı vardır. Həmçinin 1-ci qrup gözdən əlildir. Anası onun qəyyumu təyin olunmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə valideynlərinin nikahı pozulmuş, uşaqlar anasının himayəsində saxlanılaraq hər uşaq üçün hər ay 50 manat sabit, X2 qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda 50 manat aliment yetərli deyildir, atası olan cavabdeh isə ona maddi yardım etmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1538/2025 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, maddi vəziyyətinin aşağı olması, fəhlə işləməsi, qazancının aşağı olmasının nəzərə alınmaması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə tikinti sahəsində fəhlə işlədiyini, maddi imkanın aşağı olmasını, digər övladına da aliment ödədiyini, alimentin miqdarının artırılmalı olmamasını və s. bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq maddi yardıma ehtiyacının olmasını, azyaşlı olduğu zamandan xərçəng xəstəliyindən əziyyət çəkməsini, həmçinin görmə qabiliyyətinin olmamasını, cavabdeh tərəfindən ehtiyaclarının ödənilməsi üçün dəstək almamasını, alimentin cəmi 30 manat artırılmasını bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının atası olması, cavabdehin xərçəng xəstəliyindən əziyyət çəkməsi, eyni zamanda 1-ci qrup əlil olması, əmək qabiliyyətinin olmaması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(002)- 2350/2021 nömrəli qətnaməsi ilə İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması işin mübahisə olunmayan hallarıdır. Cavabdehin iddiaya etirazı - maddi vəziyyətinin aşağı olması, digər övladına da aliment ödəməsi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 80 manat alimenti ödəmək iqtidarında olmaması və s. ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. AM-in 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. AM-nin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. AM-nin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. AM-nin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İşdə olan məhkəmə aktından (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qətnaməsi) görünür ki, cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq, İddiaçı əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay sabit pul məbləğində 50 manat alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan sonra isə kifayət qədər uzun müddət keçmiş, ölkə üzrə yaşayış minimumunun məbləği artmış, eləcə də iddiaçının sağlamalıq vəziyyətində hər hansı dəyişiklik (əmək qabiliyyəti tam və ya qismən bərpa olunmamışdır) baş verməmişdir. Qeyd olunmalıdır ki, qanunverici, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlanması valideynlərdən sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Belə ki, AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı yetkinlik yaşına çatmışdır, lakin xərçəng xəstəsi olmaqla sağlamlıq imkanı məhdud olduğundan və əmək qabiliyyəti olmadığından, maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi övladına maddi yardım göstərmək vəzifəsindən azad etmir. Cavabdeh apellyasiya şikayətində, iddiaçıya əvvəlki qaydada, yəni 50 manat aliment ödəmək imkanının olmasını göstərsə də, iddiaçının xəstəliyi ilə bağlı sağlamlıq imkanlarının məhdudluğunu, eləcə də qanunvericliyin tələblərini və artam yaşam tələblərini nəzərə aldıqda həmin məbləğ kifayət qədər aşağıdır. Məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini artırmaqla qanunvericiliyin tələblərini pozmamışdır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (alimentin artırılmış məbləği 30 manat olmuşdur ki, bu da bir il ərzində cəmi 360 manat təşkil edir). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı“alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1538/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4431/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4431/2025
16.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver