Məhkəmə qərarları › İş №2(103)-4432/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4432/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4432/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Sevda Muradovanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair” 2(004)- 1985/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızılzinət əşyalarının geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3200 manat olan nişan üzüyü, dəyəri 2000 manat olan qızıl boyunbağı, dəyəri 1500 manat olan boyunbağı, dəyəri 1000 manat olan bilərzik, dəyəri 1300 manat olan üzük, dəyəri 1000 manat olan 750 əyarlı qızıl qolbaqdan ibarət qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş əridir. Cavabdehlə xx.xx.2014-cü il tarixində Yasamal rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş və cavabdehə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi (M.Müşfiq) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2015-ci il tarixində X2 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh əvvəllər “N” saylı hərbi hissədə hərbiçi işləmişdir. İşində yol verdiyi qanun pozuntularına görə 2017-ci ildə ordudan tərxis olunmuşdur və həmin vaxtdan indiyədək işsizdir. Cavabdeh xeyli miqdarda qızıl-zinət əşyalarını etibarından sui-istifadə edərək ondan almışdır. Belə ki, 2015-ci ildə Cavabdeh hərbi xidmətdəki işi ilə əlaqədar olaraq (təyinat yerinin dəyişdirilməsinə görə) Naxçıvan şəhərinə getməli olmuş, keçmiş qaynanası Gülövşə Məmişova hədiyyə olaraq verilmiş ona məxsus qızıl-zinət əşyalarını qoruyub saxlamaq adı ilə ondan almışdır. Cavabdehlə 2 il Naxçıvan şəhərində yaşadıqdan sonra 2017-ci ildə əvvəllər yaşadıqları ünvana geri qayıtmışlar. Lakin qayıtdıqdan sonra da cavabdeh və qaynanası qızıl-zinət əşyalarını geri qaytarmamışlar. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh və keçmiş qaynanası qaynının evlənəcəyini və yaşadıqları evə gəlin gətirəcəyini bildirib onu azyaşlı oğlu ilə birlikdə ünvan 2 ünvanına göndərmiş, həmin mənzili adına rəsmiləşdirəcəklərini, bununla da borclarının bir hissəsinin əvəzləşdiriləcəyini bildirmişdilər. Qeyd etdiyi mənzil yaşamaq üçün əlverişli olmadığından oğlu ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Cavabdehdən qızıl-zinət əşyalarını geri istəsə də əşyaları qaytarmaqdan imtina etmiş və həmin əşyaları yalnız məhkəmə qərarı ilə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə yolu ilə həmin əşyaları tələb etməyə məcbur olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh nişan üzüyü-3200 manat, qızıl boyunbağı-2000 manat, boyunbağı-1500 manat, bilərzik-1000 manat, üzük-1300 manat, 750 əyarlı qızıl- 1000 manat qolbaqdan ibarət qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi, qızıl–zinət əşyalarının cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 10000 manatın cavabdehdən tutularaq iddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı təmin etmək barədə qənaətə gəlməsi əsassızdır, belə ki, Cavabdeh İddiaçı ilə ailə qurduqdan sonra onlar ünvan 3 ünvanında yaşamışlar. Cehiz əmlakını Masazırda yerləşən mənzilə gətirmişdir. Qızıl-zinət əşyaları toy hədiyyəsi olaraq iddiaçıya alınmışdır. İşi ilə əlaqədar Naxçıvana təyinatı çıxmış və iddiaçı ilə birlikdə Naxçıvana köçmüşlər. Naxçıvanda xidmət zamanı dövlətə borcu yaranmış, hətta bu səbəbdən özünə məxsus avtomobili və iddiaçıya məxsus olan 7200 manat dəyərində olan qızıl-zinət əşyalarını 4200 manata, hamının xəbəri olmaqla, iddiaçının razılığı ilə satmışdır. Bu faktı təsdiq edən şahidlər var. Nişan üzüyü 600 manata, sırğa 750 manata və oğlu Atillaya alınan qızıllar satılaraq yaşadıqları müddətdə universitetinə ödəniş edildiyini qeyd etmişdir. Buradan da artıq görsənir ki, iddia tələbi qaldırılan dövrdən 5 (beş) il əvvəl qarşılıqlı razılıq əsasında, geri qaytarılması şərti olmadan ailənin qorunub saxlanılması və tələb olunan ehtiyacları üçün xərclənmişdir. Bundan əlavə, tələb olunan qızıl-zinət əşyalarını iddiaçı özü Bakı şəhərindən Naxçıvana gətirmiş və birlikdə də satmışlar. Nikahları pozulana kimi də iddiaçının bu barədə tələbləri və mübahisələri olmamışdır. Razılıq əsasında və heç bir şərt olmadan 5 il əvvəl satılmış və hazırda da cavabdehin qanunsuz sahibliyində olmayan əşyaları iddiaçı tələb edə bilməz. Bu səbəbdən də iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi və ərizə təqdim edərək iddia ərizəsində qızıl dəstində olan sırğanın səhvən qızıl qolbaq kimi, üzüyün isə boyunbağı kimi qeyd edildiyi üçün bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu, yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlkdə iddia ərizəsinin məzmunu əsas götrməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götrüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusiyon prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıqaşkar prosessual qənaət prinsipinə ziddir. İddiaçının iddia ərizəsində tələb etdiyi qızıl zinət əşyalarının bəzilərini dəqiqləşdirməsi barədə ərizə verməsi yeni tələb kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam hissədə yoxlanılır. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5224/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 810 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizənin məzmunundan müəyyən olunur ki, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi xidməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satmışdır. Apellyasiya baxışı zamanı Əmlak Ekspert Mərkəzi tərəfindən təqdim edilmiş 13 iyul 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, toy foto təsvirlərdə əks edilən predmetlər qızıldır, brilyant qaşlıdır, qarnitür dəstə aid olan - 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzüyün bazar qiyməti 700 manat, 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağının bazar dəyəri 2800 manat, 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğanın bazar dəyəri 2000 manat, 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərziyin bazar qiyməti 1500 manat (dəstin cəmi dəyəri 7000 manat), uşağa hədiyyə olaraq verilmiş 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzüyün bazar qiyməti 600 manat, 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyünün bazar qiyməti 2000 manat, yekun olaraq 9600 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd edilən hüquq normalarına əsasən mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, onun əmlakıdır. Bu səbəbdən, iddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsin ə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi zinət əşyalarının mövcud olması işin mübahisəsiz halıdır. İş üzrə cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi xidməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satdığını qeyd etmişdir. İddiaçı isə həmin əşyaların cavabdehdə olduğunu bildirir. Belə olan halda cavabdehin iddiaçıya məxsus olan əşyaların və ya onların dəyərinin qaytarılması öhdəliyi yaranmış olur. Bu isə onu deməyə əsas verir ki, iddia qismən təmin edilməli, Cavabdeh qarnitür dəstə aid olan - bazar qiyməti 700 manat olan 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzük, bazar dəyəri 2800 manat olan 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağı, bazar dəyəri 2000 manat olan 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğa, bazar qiyməti 1500 manat olan 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərzik, uşağa hədiyyə olaraq verilmiş bazar qiyməti 600 manat olan 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzük, bazar qiyməti 2000 manat olan 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyü qızıl–zinət əşyaları alınaraq İddiaçı qaytarılmalı, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının qeyd edilən dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya bildirir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satıldığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(004)-1985/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh qarnitür dəstə aid olan - bazar qiyməti 700 (yeddi yüz) manat olan 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzük, bazar dəyəri 2800 (iki min səkkiz yüz) manat olan 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağı, bazar dəyəri 2000 (iki min) manat olan 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğa, bazar qiyməti 1500 (min beş yüz) manat olan 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərzik, uşağa hədiyyə olaraq verilmiş bazar qiyməti 600 (altı yüz) manat olan 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzük, bazar qiyməti 2000 (iki min) manat olan 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyü alınaraq İddiaçı qaytarılsın, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının qeyd edilən dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərci olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar