Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4434/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-490/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X5 tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri 36 nömrəli notariat ofisinin notariusu X5 tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ondan 10162,94 (on min bir yüz altmış iki manat doxsan dörd qəpik) manat məbləğində ödənilməmiş borc vəsaitinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması müəyyən edilmişdir. O, müvafiq tələblə razı deyildir və hesab edir ki, icra qeydi çıxarılan tarixə onun öhdəliyi tələb olunan həcmdə olmamışdır və bu səbəbdən də Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ondan bu həcmdə borc tələb edə bilməzdi. Məhkəməyə təqdim edəcəyi sübutlardan da göründüyü kimi borc məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən şişirdilmişdir. O, dəfələrlə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək real məbləğin çıxardılması və hissəhissə ödəniş üçün ona müvafiq şəraitin yaradılmasını xahiş etsə də, onun bu xahişi təmin edilməmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-490/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən araşdırılmaqla, düzgün qanuni və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətnin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. O, borc məbləği olan 10161,94 manatla razı deyil. Hesab edir ki, icra qeydi çıxarılan tarixə onun banka borcu tələb olunan həcmdə olmayıb. Tələb olunan borcun real olmadığını təsdiq edən mötəbər sübut isə bankın iddiaçıya göndərdiyi mesajdır ki, həmin mesajdan görünür ki, real borcu tələb olunandan 3 dəfə azdır. O, məhkəmə iclasının vaxtı və yeri xəbərdar olmayıb. Məhkəmə yalnız iddiaçının sübutlarını nəzərə almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı icra qeydini vermiş notariusa qarşı tələb irəli sürməli olduğu halda, Cavabdeh ASC-yə qarşı tələb irəli sürmüşdür. Bank hazırkı iş üzrə tələbə cavab verməli olan şəxs deyildir. İddiaçı, onun vəkili X4, 3-cü şəxs Bakı şəhəri 36 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Bakı şəhəri 36 saylı Notariat Ofisindən daxil olmuş məktubda iştirakları olmadan işə baxılması xahiş olunmuş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bu kontekstdə məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, icra qeydi Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verildiyi halda, birinci instansiya məhkəməsi Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfini işə cəlb etməmiş, onun hüquq və vəzifələrinə aid məsələni həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən prosessual pozuntu halını nəzərə alıb, hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)- 490/2021 saylı qətnaməsi ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmalıdır. İş materiallarında olan tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin borclu İddiaçı ünvanladığı 25 oktyabr 2019-cu il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu şəxsə göndərilən bildiriş”in surətindən və məzmunundan görünür ki, borclu İddiaçı barəsində 03 dekabr 2015-ci il tarixli, RV/07624/55/4 nömrəli borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 84 (səksən dörd) ay müddətinə, illik 25,76 faiz olmaqla 6333,56 (altı min üç yüz otuz üç manat əlli altı qəpik) manat məbləğində kredit götürmüş və bununla bağlı müvafiq öhdəlikləri yaranmışdır. 03 aprel 2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 25 oktyabr 2019-cu il tarixə 03 dekabr 2015-ci il tarixli RV/07624/55/4 nömrəli sənəddən irəli gələrək 5.853,25 (beş min səkkiz yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində əsas və 4.087,62 (dörd min səksən yeddi manat altmış iki qəpik) manat məbləğində faiz borcu onun tərəfindən ödənilməlidir. Borc 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə borclu İddiaçı xəbərdar edilmişdir; Bakı şəhəri 36 nömrəli notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli icra qeydinin surətindən və məzmunundan görünür ki, RV/07624/5 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 10.162,94 (on min bir yüz altmış iki manat doxsan dörd qəpik) manat məbləğində borc vəsaiti və müvafiq qeydin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.182,94 (on min bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin borclu İddiaçı qızından tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir; 12 oktyabr 2020-ci il tarixli 89909 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, 18 dekabr 2019-cu il tarixli icra qeydi Bakı şəhəri 36 nömrəli notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmişdir. İddiaçı icra qeydinin ləğvi tələbi ilə bağlı iddia tələbi irəli sürərkən, tələbini icra qeydini vermiş Bakı şəhəri 36 nömrəli notariat ofisinə qarşı deyil, cavabdeh qismində Cavabdeh ASC-yə qarşı irəli sürmüşdür. Kollegiya hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)- 490/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4434/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4434/2021
23.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver