Məhkəmə qərarları › İş №2(103)-444/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-444/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-444/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 22(003)-48/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra- «İddiaçı” MMC) “lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzili İddiaçı MMC-yə təhvil verərək mənzildən çıxarılması və sabit haqq üzrə 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə isə 3061,84 ABŞ dolları olmaqla, ümumi məbləğ üzrə 14239,18 ABŞ dolları, dəbbə pulu üzrə isə 6309,05 ABŞ dolları olmaqla cəmi 20548,24 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X7 və Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx xxxxx 2012-ci il tarixdə X7 ilə 12/405 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinə əsasən iddiaçı lizinq müqaviləsinə edilmiş əlavə 1-də göstərilən lizinq obyektlərini cavabdehin əvəzli istifadəsinə verməyi, cavabdeh isə iddiaçının hesabına müqaviləyə edilmiş əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan lizinq obyekti dəyəri 20000 ABŞ dolları məbləğində olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzildir. Həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlə bağlanan müqavilə ilə yanaşı, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini təmin etmək məqsədilə xx xxxxx 2012- ci il tarixdə Cavabdeh ilə (bundan sonra “Zamin”) 12/405-1 saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən zamin cavabdehin öhdəliklərinin tamamilə icrası üçün zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşıyır. 12/405 saylı daxili lizinq müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixinə qədər cavabdeh iddiaçının hesabına cəmi 32778 ABŞ dolları (sabit haqq üzrə 20000 ABŞ dolları, dəyişən haqq üzrə 12778 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə əsasən həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş manat və ABŞ dollarına münasibətdə müəyyən etdiyi mübadilə məzənnəsi əsas götürülməklə ABŞ dollarında hesablanacağı və Azərbaycan manatında ödəniləcəyi müəyyən edilmişdir. Cavabdeh eyni zamanda bu məbləğin 540 ABŞ dollarına bərabər hissəsini ilkin olaraq, qalan hissəsini isə hər növbəti ayın 26-sı 537 ABŞ dolları məbləğində sabit olmaqla hissə-hissə iddiaçının hesabına ödəyəcəyinə razılıq vermişdir. Lizinq obyekti cavabdehə təhvil verilmiş, təhvil-təslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və cavabdeh iddiaçının nümayəndələrinin iştirakı ilə təhviltəslim protokolunu (müqaviləyə edilmiş əlavə 3) imzalamışdır. Cavabdeh dəfələrlə ödəniş qaydasını ödənişin məbləğinə və vaxtlarına riayət etməməklə pozmuşdur. Belə ki, cavabdeh 2012-ci ilin iyun ayından başlayaraq ödənişləri gecikdirmiş, sonuncu dəfə isə 2017-ci ilin oktyabr ayında təxminən 2015-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş lizinq ödənişindən 147,05 ABŞ dolları ödəniş etmiş və bir daha ödəniş etməmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh 2015-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2016-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və eləcə də 2017-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün nəzərdə tutulmuş ödənişləri hazırkı tarixə qədər icra etmədiyindən o, 27 ay ardıcıl olaraq ödəniş etməmiş hesab olunur. Cavabdeh əsas məbləğ üzrə 2017-ci ilin aprel ayına qədər iddiaçının hesabına cəmi 32778 ABŞ dolları ödəməli olduğu halda cəmi 18539,21 ABŞ dolları ödəniş etmişdir. Yəni cavabdeh xx.xx.2017-ci il tarixə qədər iddiaçının hesabına ümumi məbləğ üzrə 14239,18 ABŞ dolları (sabit haqq üzrə 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə isə 3061,84 ABŞ dolları) ödəməlidir. Eyni zamanda müqavilənin 4.6-cı maddəsinə əsasən cavabdeh müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0,1 %-i miqdarında əlavə ödəniş (dəbbə pulu) etməlidir. xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş dəbbə pulu 6309,05 ABŞ dollarına bərabərdir. xx.xx.2017-ci il tarixə cavabdeh iddiaçının hesabına cəmi 20548,24 (14,239.18 + 6,309.05) ABŞ dolları ödəməlidir. İddiaçı müqavilə öhdəliklərini icra etməsi üçün dəfələrlə cavabdehlə əlaqə yaratmış, cavabdehə bildirişlər göndərmişdir. Lakin qarşı tərəf heç bir müsbət addım atmadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(003)-48/2019 saylı qətnaməsi ilə, iddia ərizəsinin qismən təmin edilməsi, X7 tərəfindən Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin İddiaçınə təhvil verilməsi və onun həmin mənzildən çıxarılması, sabit haqq üzrə 11177 (on bir min yüz yetmiş yeddi) ABŞ dolları 35 (otuz beş) sent, dəyişən haqq üzrə 3061 (üç min altmış bir) ABŞ dolları 84 (səksən dörd) sent, dəbbə pulu üzrə 5 (beş) ABŞ dolları məbləğində borc olmaqla, cəmi 14244 (on dörd min iki yüz qırx dörd) ABŞ dolları 19 (on doqquz) sent məbləğində pul manatın ödəniş gününə məzənə nisbəti ilə və 30 manat dövlət rüsumunun cavabdehlər X7 və Cavabdeh müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər X7 və Cavabdeh müştərək qaydada tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(003)-48/2019 saylı qətnaməsinin ona aid faiz borcunun tutulması hissəsində ləğv edilərək, təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ərizədə göstərilmiş faiz borcu əslində mövcud olmamışdır. Belə ki, onlar faiz borcunu tam ödəmişlər. Buna baxmayaraq məhkəmə faiz borcunun da onlardan tutulmasını qət etmişdir. Ekspert tərəfindən düzgün hesablama aparılmamışdır. Məhkəmə tərəfindən isə təkrar ekspertiza təyin edilməmişdir. Qeyd edir ki, onlar tərəfindən 18.000 ABŞ dolları ödəniş edilmiş, lakin bank tərəfindən qanunsuz olaraq həmin məbləğin yarısı əsas borcdan, yarısı faiz borcundan silinmişdir. Bu isə ekspert və məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X7 və Cavabdeh məhkəmə iclasına gəlməmişvə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirsə də, lizinq müqaviləsi üzrə tutulmalı olan borc məbləğləri bölünməz tələb olduğundan, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 12/405 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzil 60 ay müddətinə X4 lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli “Zaminlik” müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 12/405 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərin icrası üzrə borclu ilə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan daxili lizinq müqaviləsinə 2 saylı əlavənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 20000 ABŞ dolları sabit haqq üzrə, 12778 ABŞ dolları dəyişən haqq üzrə olmaqla, ümumilikdə 32778 ABŞ dolları məbləğində pulu İddiaçı MMCyə ödəməli idi. İş materiallarında olan xx.xx.2012-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, X7 ümumi dəyəri 20000 (iyirmi min) ABŞ dolları məbləğində olan lizinq obyektini təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 ünvan 1 mənzil 45 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsitərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayonunun Lələhiran kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, İddiaçı MMC lizinq şirkəti cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 816 saylı ekspert rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli, 12/405 saylı daxili lizinq müqaviləsi üzrə X3 lizinq müqaviləsinin müddəti bitdiyi xx.xx.2017-ci il tarixə və ekspertizanın aparıldığı xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə olan borcu ümumilikdə 14239,19 ABŞ dolları təşkil edir. Sabit haqq üzrə borc 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə borc 3061,84 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 748-10.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-nin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzil X3 istifadə və sahibliyinə verilmiş, müqavilənin şərtlərinə görə X7 müvafiq olaraq 60 ay müddətində hər ay İddiaçı MMC-yə ödəniş cədvəlinə uyğun məbləğin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, İddiaçı MMC-nin pul məbləğlərini və lizinq obyektini tələb etmək hüququ yaranmışdır. Kollegiya birinci instansiya məhkəməsinin borcun ABŞ dolları ilə tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Kollegiya, şərh olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 439.1və 439.2-ci maddəsinin imperativ tələbini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci abzasına görə “bu müqavilə üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləğini təşkil edir. Bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının manata bərabər olan məbləğlə manatla ödəniləcək” şərtləri Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Birincisi ona görə ki, “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi hazırkı müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyənləşdirə bilməzlər. Ücüncüsü müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, lizinq obyekti olan nəqliyyat vasitəsi təşkil etdiyindən cavabdeh həmin əşyanın ödənişini manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin borcun ABŞ dolları ilə tutulması ilə bağlı gəldiyi nəticə düzgün olmamış, bununla da, maddi hüquq normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Kollegiya hesab edir ki, maddi hüquq normasının pozulmasına görə qətnamə borcun tutulması hissəsində ləğv olunmalı, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020ci tarixli, 28603 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan ödəniş qəbzləri, ödənişlər barədə cədvəl məlumatları, ödəniş cədvəli və xx.xx.2012-ci tarixli 12/405 saylı lizinq müqaviləsi şərtləri əsas götürülməklə X3 xx xxxxxx 2017-ci il tarixə İddiaçı MMC-yə olan sabit haqq üzrə borcu 7.381,69 manat, dəyişən haqq üzrə 0,0 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya ekspert rəyini nəzərə alıb, hesab edir ki, borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7381,69 manat sahib haqq üzrə borc tutulmalı, dəyişən haqq üzrə borcun tutulması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək olduğu üçün, həmin hissədə iddianın qismən təmin edilrək, cavabdehlərdən müştərək qaydada 9 manat dəbbə pulunun tutulmasını tərəflərin mənafeyi baxımından daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumunun tutulması və məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərinin tutulmasına təsir göstərdiyindən, həmin hissədə qətnamə ləğv olunmalı, iddia tələbinin təmin olunmuş hissəsinə münasib cavabdehlərdən müştərək qaydada 6,3 manat dövlət rüsumu, ekspertiza dədqiqatının dəyəri olan 245 manatın 52 manatı iddiaçıdan, 193 manatı müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(003)-48/2019 saylı qətnaməsi lizinq müqaviləsi üzrə borcun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Sabit haqq üzrə 7381,69 (yeddi min üç yüz səksən bir manat altmış doqquz qəpik) manat, 9 (doqquz) manat dəbbə pulu üzrə, 6,3 (altı manat otuz qəpik) manat dövlət rüsumu, cəmi 7396,99 (yeddi min üç yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində pul cavabdehlər X7 və Cavabdeh müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə məsrəfinə aid olan ekspertiza tədqiqatının dəyərinin cavabdehlərdən tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 245 (100+145) manatın 52 (əlli iki) manatı müştərək qaydada cavabdehlər X7 və Cavabdeh, 193 (yüz doxsan üç) manatı İddiaçındən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə qalan hissədə-lizinq obyektinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar