Məhkəmə qərarları › İş №2(103)-5504/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5504/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5504/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X4 və Cavabdeh1 qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)-48/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər X4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2012-ci il tarixli 12/405 saylı "Daxili lizinq müqaviləsi" üzrə lizinq obyekti olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hərbi şəhərcik küçəsi Dos 1 saylı evin 3 saylı mənzilinin lizinq şirkətinə təhvil verilməsi, cavabdehin mənzildən çıxarılması və müqavilə üzrə ödənilməmiş sabit haqq üzrə 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə 3061,84 ABŞ dolları, dəbbə pulu üzrə 6309,05 ABŞ dolları olmaqla cəmi 20548,24 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Pərviz Zeynalov arasında bağlanmış 26 aprel 2012-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hərbi şəhərcik küçəsi Dos 1 saylı evin 3 saylı mənzili ona lizinqə verilmişdir. Lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə həmin tarixdə Cavabdeh1 ilə 12/405-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixinə qədər cavabdeh Pərviz Zeynalov iddiaçının hesabına sabit haqq üzrə 20000 ABŞ dolları, dəyişən haqq üzrə 12778 ABŞ dolları olmaqla cəmi 32778 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, 2012-ci ilin iyun ayından başlayaraq ödənişləri gecikdirmiş, sonuncu dəfə isə 2017-ci ilin oktyabr ayında 2015-ci ilin yanvar ayı üçün nəzərdə tutulmuş lizinq ödənişindən 147,05 ABŞ dolları məbləğində ödəniş etmiş və bir daha ödəniş etməmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq, cavabdeh 27 ay ardıcıl olaraq ödəniş etməmişdir. Cavabdeh əsas məbləğ üzrə 2017-ci ilin aprel ayına qədər iddiaçının hesabına 32778 ABŞ dolları ödəməli olduğu halda, cəmi 18539,21 ABŞ dolları ödəniş etmişdir. Buna görə də o, sabit haqq üzrə 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə isə 3061,84 ABŞ dolları, cəmi 14239,18 ABŞ dolları ödəməlidir. Öhdəliklərin icrası gecikdirildiyinə görə müqavilənin 4.6-cı bəndinə əsasən ona 6309,05 ABŞ dolları məbləğində dəbbə pulu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)-48/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, lizinq obyekti olan mənzilin iddiaçı lizinq şirkətinə təhvil verilməsi, cavabdeh Pərviz Zeynalovun həmin mənzildən çıxarılması, sabit haqq üzrə 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə 3061,84 ABŞ dolları, dəbbə pulu üzrə 5 ABŞ dolları olmaqla cəmi 14244,19 ABŞ dolları məbləğində pulun ödəniş gününə manatın məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona qarşı faiz borcuna dair hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, lizinq müqaviləsi üzrə faiz borcu tam ödənilmiş və faiz borcu qalmamışdır. Ekspert tərəfindən düzgün hesablama aparılmamış, məhkəmə tərəfindən təkrar ekspertiza aparılmamış, məhkəmə əsassız olaraq faiz borcunun onlardan tutulmasını qət etmişdir. Onlar lizinq müqaviləsi üzrə 18000 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin lizinq şirkəti tərəfindən qanunsuz olaraq həmin məbləğin yarısı əsas borcdan, yarısı isə faiz borcundan silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(103)-444/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, mübahisələndirilən qətnamə borcun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi həmin hissədə qismən təmin edilmiş, sabit haqq üzrə 7381,69 manat, 9 manat dəbbə pulu üzrə, 6,3 manat dövlət rüsumu, cəmi 7396,99 manat məbləğində pulun cavabdehlər X6 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması, ekspertiza xərci olan 245 manat pulun 52 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 193 manatın isə İddiaçı MMC-dən alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, qətnamə lizinq obyektinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 mart 2021-ci il tarixli 2(102)-896/21 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(103)-444/2020 saylı qətnaməsi borcun və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi X5 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)- 48/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 qətnamənin yalnız faiz borcuna dair hissəsini mübahisələndirərək iddia tələbinin faiz borcuna dair hissədə rədd olunmasını xahiş etmişdir. Mülki iş materiallarından görünür ki, İddiaçı MMC ilə Pərviz Zeynalov arasında bağlanmış 26 aprel 2012-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, cavabdeh Pərviz Zeynalov iddiaçının hesabına sabit haqq üzrə 20000 ABŞ dolları, dəyişən haqq üzrə 12778 ABŞ dolları olmaqla cəmi 32778 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 4 mart 2019-cu il tarixli 816 saylı rəyinə əsasən, 26 aprel 2012-ci il tarixli 12/405 saylı daxili lizinq müqaviləsi üzrə X3 lizinq müqaviləsinin bitdiyi 26 aprel 2017-ci il tarixə və ekspertizanın aparıldığı 04 mart 2019-cu il tarixə İddiaçı MMC-yə olan əsas borcu 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə (faiz) borcu 3061,84 ABŞ dolları, ümumilikdə borcu 14239,19 ABŞ dolları təşkil edir. Belə ki, Pərviz Zeynalov həmin lizinq müqaviləsi üzrə 19 oktyabr 2017-ci il tarixədək İddiaçı MMC-yə əsas borc üzrə 8822,65 ABŞ dolları, dəyişən haqq (faiz) üzrə 9716,56 ABŞ dolları, cəmi 18539,21 ABŞ dolları məbləğində pul ödəmişdir. Buna görə də onun lizinq şirkətinə (20000-8822,65=11177,35) ABŞ dolları məbləğində əsas borcu, (12778-9716,56=3061,44) ABŞ dolları məbləğində dəyişən haqq (faiz) borcu vardır. Bundan əvvəl apellyasiya icraatı zamanı işə baxılarkən ödənişlərin manatla aparılması halında lizinq müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 18 fevral 2020-ci il tarixli 28603 saylı rəyinə əsasən, lizinq ödənişləri manat ekvivalenti ilə götürüldükdə Pərviz Zeynalovun 07 noyabr 2017-ci il tarixə İddiaçı MMC-yə sabit haqq üzrə 7381,69 manat, dəyişən haqq üzrə 0 manat borcu müəyyən edilir. Ekspert öz rəyini belə əsaslandırmışdır ki, 26 aprel 2012-ci il tarixli 12/405 saylı lizinq müqaviləsinə əsasən lizinq dəyəri 20000 ABŞ dollarının manat ekvivalenti (həmin günün məzənnəsi 0.7861) 15722 manat olmaqla mənzil lizinqə götürülmüşdür. Tərəflər arasında bağlanmış lizinq ödəniş cədvəlinə əsasən 60 ay müddətinə 12778 ABŞ dollarının manat ekvivalenti 10044,79 manat olmaqla dəyişən haqq (mükafat) ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş sənədlərə əsasən lizinq müqaviləsi üzrə 60 ay müddətinə ümumilikdə ödənilməli məbləğ 25766,79 manat müəyyən edilir. İş materiallarında olan ödəniş qəbzləri və ödənişlər barədə cədvəl məlumatlarına əsasən həmin lizinq müqaviləsi üzrə 18385,10 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, Pərviz Zeynalovun 07 noyabr 2017-ci il tarixə İddiaçı MMC-yə borcu (25766,79-18385,10=7381,69) manat məbləğində müəyyən edilir. İş materiallarında olan ödənişlər barədə cədvəl məlumatları ilə (i.v.162), ödəniş qəbzləri (i.v.94-118) tutuşdurulduqda, müəyyən edilmişdir ki, lizinq müqaviləsi üzrə bütün ödənişlər həmin cədvəldə öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının iki rəyi arasında kəskin fərqlər olsa da, 4 mart 2019-cu il tarixli 816 saylı rəy kifayət qədər əsaslandırıldığına və dolğun olduğuna görə sübut növü kimi qəbul olunmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının 18 fevral 2020-ci il tarixli 28603 saylı rəyi isə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi əsas götürülməklə adi riyazi hesablama yolu ilə aparılmaqla keçirilmiş hesablamanın nəticələrinə əsasən tərtib olunmuş və kifayət qədər əsaslandırılmamış, ödənilmiş pulun hansı hissəsinin əsas borca, hansı hissəsinin isə dəyişən haqq (faiz) borcuna silinməsi qeyd olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının iki rəyi arasında kəskin fərqlər olsa da, 4 mart 2019-cu il tarixli 816 saylı rəyi kifayət qədər əsaslandırıldığına görə təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. İddiaçı MMC-nin təsisçisi və nizamnamə kapitalındakı mayaların 100 faiz sahibi Özəl sektorun inkişafı üzrə islam korporasiyası (X2) olduğuna görə 26 aprel 2012-ci il tarixli 12/405 saylı lizinq müqaviləsi üzrə ödənişlərin xarici valyutada müəyyənləşdirilməsi qanuna zidd hesab oluna bilməz. İş materiallarında olan ödənişlər barədə cədvəl məlumatları ilə (i.v.162), ödəniş qəbzləri (i.v.94-118) tutuşdurulduqda, həmçinin müəyyən edilmişdir ki, lizinq ödənişləri manatla ödənilsə də, bütün ödənişlər həmin dövrün məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə cədvəldə əks olunmuşdur. Ödəniş qəbzləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ödənişlər aybaay və razılaşdırılmış məbləğdə aparılmalı olduğu halda, ödəmələrin müddəti və məbləği ardıcıllığı dəfələrlə pozulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 10 may 2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini 7000 ABŞ dolları və 4000 ABŞ dolları faiz borcu hissəsində qəbul etdiyini bildirmişdir. (i.v.70) Birinci instansiya məhkəməsi isə, ekspert rəyini əsas götürərək cavabdehin etiraf etdiyi məbləğdən də az məbləğdə, yəni 3061,84 ABŞ dolları məbləğində dəyişən haqq (faiz) üzrə pul tutulmasını qət etmişdir. Cavabdeh1 apellyasiya şikayətində iddia tələbinin faiz borcu hissəsində rədd edilməsini xahiş etsə də, öz tələbini kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, şikayətin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcələnin 119.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməli, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)-48/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar