Məhkəmə qərarları › İş №2(103)-4440/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4440/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4440/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı – cavabdehdən onun xeyrinə 2 azyaşlı övladının vəfatı ilə bağlı 700000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Babayev X14 Qaz İstismar sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 2 övladını itirmişdir. İddiaçı övlad itkisinin nə qədər ağır olmasını onu yaşamayandan başqa kimlərinsə hiss edə bilmədiyini düşünür. Həm də bu ölümün hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından iki körpə uşağının eyni zamanda boğulması ilə baş vermişdirsə bunun sarsıntısını bir atanın çəkməsinin asan olmaması iddiaçının zənnicə başa düşüləndir. Abşeron rayon məhkəməsinin 1(012)-120/2016 saylı, 15.04.2016-cı il tarixli hökmündən görünür ki, X1 Qaz İstismarı sahəsinin 4 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri ürə çilingəri (nəzarətçisi) vəzifəsində işlədiyi müddət ərzində Abşeron QİS-nin rəisi tərəfindən təsdiq olunmuş təlimata əsasən, QİS-nin vəzifəli şəxsi olmaqla xidməti vəzifəsinin icrası zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsi, 57 saylı evin vanna otağına texniki baxış keçirilərkən vanna otağında qazla işləyən axarlı suqızdırıcı quraşdırıldığına, həmin suqızdırıcısı vanna otağında quraşdırıldığı halda, vanna otağının həcmi (7,16m3) tələb olunan həcmdən (7,5m3 -dan) az olduğuna, həmin otağın qapısında dəliklər (boşluq) yaradılmadığına, tüstü borusu qızdırıcının çıxış borusuna kip oturmadığı kimi qüsurlar müəyyən etdiyi və qaz cihazından istifadə edilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməli olduğu halda işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib həmin vanna otağında quraşdırılmış su qızdırıcısına qazın verilməsini normativ aktların tələblərinə uyğun olaraq qaz cihazı istismar olunan qaz şəbəkəsindən bağlayıcı polad qat qoymaqla ayırması üçün xidmətin rəhbərliyinə məlumat vermədiyinə və tərtib olunmuş aktda nöqsanların olmadığı kimi qeydiyyat apararaq AZ DNT 2.13-1 saylı “Qaz təchizatı Layihələndirmə normalarının” 8.39, 8.45, “Qaz təsərrüfatında təhlükəslik qaydalarının” 3.81, 3.96, 3.97 və 3.8.5, 3.8.8-ci bəndlərinin tələblərini pozması nəticəsində 29.11.2015-ci il tarixdə, saat 21 radələrində həmin hamam otağında çimən 22.01.2007-ci il təvəllüdlü X12 və 20.10.2008-ci il təvəllüdlü X9 dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölmələrinə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Abşeron rayon məhkəməsinin 1(012)-120/2016 saylı, 15.04.2016-cı il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssində çəkməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədər Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15.04.2016-cı il tarixli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "Cavabdeh” X7 X15 nəzarətçi-çilingər işləyən əməkdaşı X3 təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Əlavə olaraq iddiaçı bildirir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. İddiaçı 2 azyaşlı uşağının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. Kimi halları nəzərə alaraq 700000 manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən alınaraq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunmasını xahiş etmiş, şikayətini iddiaçının keçirdiyi mənəvi sarsıntını əsaslandıra bilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iki azyaşlı uşağını itirdiyindən onun mənəvi sarsıntı keçirdiyi mübahisəzdir və birinci instansiya məhkəməsinin təyin etdiyi məbləğ azdır. İşə baxılmasının vaxtı və yeri barəsində məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 30000 manat mənəvi ziyanın tutulması hissəsində dəyişdirilməli, mənəvi ziyanın məbləği 50 000 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22.01.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı və anası X10r. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20.10.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı və anası X10r. İş materiallarında olan AZ-lİ №108578 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30.11.2015-ci il tarixdə Abşeron rayonunda dəm qazının toksik təsiri səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.09.2020-ci il tarixdə 947 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-lİ №108579 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30.11.2015-ci il tarixdə Abşeron rayonunda dəm qazının toksik təsiri səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.09.2020-ci il tarixdə 948 № ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X11 28.04.2006-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15.04.2016-cı il tarixli 1(012)- 120/2016 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutması hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X4 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X3 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X2 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X3 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının uşaqlarının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, bunun üçün ödənilməli olan kompensasiya məbləği düzgün müəyyən etməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya keçirdiyi mənəvi sarsıntının kompensasiyası əvəzində ödənilən məbləğin 50 000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Cavabdeh” İB-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-619/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə alınaraq İddiaçı ödənilməli pul vəsaitinin məbləği 50 000 (əlli min) manat müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar