Məhkəmə qərarları › İş №2(103)-4450/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4450/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4450/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərər görə sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-160/2021 saylı 17.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərər görə sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, avtomobilə dəymiş 3075 manat sığorta ödənişinin, 50 manat xidmət haqqının və 30,40 manat dövlət rüsumunun, habelə hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində dəbbə pulunun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.06.2020-ci il tarixdə X2 idarə etdiyi “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. Sığorta ödənişi ilə bağlı şirkətə müraciət olunmuş və ona dəymiş zərərdən aşağı olan 710 manat məbləğ təklif edilmişdir. İddiaçının avtomobilinə dəymiş zərər müstəqil Avtoservis xidməti tərəfindən 3075 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsisinin 2(009)-160/2021 saylı 17.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən 2.675 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi cavabdeh "xxxx" Şirkətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən qüsur aktından avtomobilə dəymiş zərərin qiymətləndirməsinin müstəqil ekspert və ya mütəxəssis tərəfindən aparılmaması aşkar görünür. Bundan başqa zərər məbləğinin əsassız şişirdilməsi məqsədilə yol-nəqliyyat hadisəsi zamanı zədələnməyən, eləcə də təmirə yararlı olduğu halda dəyişilməli ehtiyat hissəsi kimi göstərilmişdir. Ekspert isə ekspert rəyininin tədqiqi hissəsində güya Bakı şəhəri avtohissələr satışı bazarlarında Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifac etdiyini qeyd etsə də, əslində yalnız iddiaçı tərəfindən təqdim edilmiş avtomobilin buraxılış ili belə nəzə alınmadan və şişirdilmiş qiymətləri özündə əks etdirən naməlum servis müəssəsinin aktına əsaslanaraq rəy bildirmişdir. Belə ki hər iki rəydə avtomobilin 24 illik istismar müddəti hesablanmamış, köhnəlmə tətbiq edilməməsi nəticədə yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərər məbləği müəyyənləşdirilmişdir. Göstərilənləri, eləcə də müəyyən edilmiş zərər məbləğinin real zərər məbləği olmamasını nəzər alaraq, Cavabdeh Sığorta Şirkəti ekspert rəyi ilə razılaşmayaraq məhkəmə iclası gedişatında təkrar ekspertiza keçirilməsinə dair yazılı vəsatət vermişdir. Məhkəmə isə Cavabdeh Sığort Şirkətinin vəsatətinə münasibət bildirmədən təmin etməmiş, ekspert tərəfindən verilən rəyə istinad edərək qətnamə çıxarmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24.06.2020-ci il tarixli qərardan görünür ki, “Mercedes” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində İXM-nin 327.4-cü maddəsi ilə inzibati təsir tədbiri görülmüşdür. Müstəqil Avtoservis xidməti tərəfindən verilmiş Zərər aktından görünür ki, “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyan 3075 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan müvafiq olaraq, 710 manat və 1300 manat göstərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 2675 manat pul vəsaiti "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanununun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi, sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2021-ci il tarixli 9/4521 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1997-ci il buraxılışlı «Mercedes» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2675 manat müəyyən edilmişdir. 1997-ci il buraxılışlı «Mercedes» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin dəyəri 1225 manat, təmir işlərinin dəyəri 1450 manat müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli 9/3468 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, “Saatlı Avtoservis xidməti” tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mersedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 2675,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 1997-ci il buraxılışlı “Mersedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-4450/2021 №-li mülki iş materiallarında olan nöqsan aktı əsasında hesablanır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə 2675 manat məbləğində ziyan dəymişdir. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin subyektiv mülahizələrinə əsaslanır. Cavabdeh iddiaçının avtomobilinə dəymiş ziyanın şişirdildiyinə və həqiqəti əks etdirmədiyinə istinad etsə də, həmin hallar məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsisinin 2(009)-160/2021 saylı 17.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-160/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar