Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4456/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1068/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış 12600 manat borcun yarısı, yəni 6300 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları vardır. Aralarında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş uşaqların analarının yanında saxlanılması müəyyən olunmuşdur. Həçminin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17, mənzil 86 və «Volkswagen Transporter» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Bildirir ki, «Volkswagen Transporter» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 12600 manata X1. Həmitn avtomobil Cavabdeh iddiası üzrə qeyd edilən məhkəmə qətnaməsinə əsasən aralarından bölündüyündən, X11 məhkəmədə iddia qaldıraraq avtomobilə görə ödədiy 12600 manat pulu tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin pul vəsaitinin ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın Cavabdeh münasibətdə təmin olunmaması qət edilmişdir. Qeyd edilən avtomobillə o, ailəsini dolandırmaq üçün sərnişindaşıma ilə məşğul olmuş, avtomobilin sağılmasından cavabdehin məlumatı olmuşdur. Avtomobilin satılmasından 2 ay qabaq Türkiyəyə səfərə getmişlər və oradakı xərcləri qarşılamaq üçün atası Əhməd İbrəhimovdan 8000 manat borc almışlar. Cavabdehlə razılaşmasına görə səfərdən qayıtdıqdan sonra avtomobili satış atasının borcunu qaytarmalı, qalan məbləğə isə ailə ehtiyaclarını qarşılamalı idilər. Bu səbəbdən də, səfərdən qayıtdıqdan sonra avtomobili 12600 manat satış, həmn puldan 8000 manat atasından aldığı borcu qaytarmış, qalan məbləği isə ailəsinə sərf etmişdir. Hesab edir ki, 12600 manat pulun yalnız ondan tutulması qanuni deyildir, həmin pul vəsaitinin yarısı cavabdehdən alınaraq ona verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1068/2020 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin obyektiv araşdırılmaması göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaları, nikahlarından iki azyaşlı uşaqlarının olması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşaqların cavabdehin (ananın) yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Həmçinin,işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki,tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 17 saylı evin 86 saylı mənzili və «Volkswagen Transporter»minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində hər birinin ½ hissədə payının müəyyən edilməsi qət olunmuşdur. Eləcə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X3 müştərək qaydada 12600 manat pul vəsaitinin X8 xeyrinə tutulması qət edilmiş,lakin Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin olunmuş,qətnamə X7 aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarına ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı «Volkswagen Transporter»minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 illk müddətinə (xx.xx.2017-ci il tarixədək) idarə etmək üçün X9 vermişdir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, beynəlxalq müqavilələrin müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə təcrübəsinin nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM-nin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-nin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. AM-nin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. AM-nin 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. AM-nin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunverici ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının müəyyən edilməsi qaydasını tənzimləmişdir. Ər-arvadın yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı ilk öncə ər-arvadın ümumi öhdəliklərinin mövcudluğunu, sonra isə onun tərəfindən alınmış borc vəsaitinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə mötəbər sübutlar təqdim etmək vəzifəsini daşıyır. İddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, işdə olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, «Volkswagen Transporter»minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2016-cı ildə X9 alqı-satqı müqaviləsi əsasında satılmamış, bu zaman Əsmər İbrahimovanın (Məmmədovanın) hər hansı bir razılığının alınmasına şərait yaradılmayacaq şəkildə, yəni etibarnamə əsasında İddiaçı tərəfindən Şahin Həsənovun istifadəsinə verilmişdir. Həmçinin, Şahin Həsənov avtomobilin 12600 manat pul qarşılığından alındığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin avtomobilə görə Şahin Həsənovun 12600 manat pulu İddiaçı və Əsmər İbrahimovanın (Məmmədovanın) birgə nikah dövründə verməsinə və bu faktın yalnız İddiaçı tərəfindən etiraf olunmasına baxmayaraq, həmin pulun cavabdehlərin birgə ailə təsərrüfatının saxlanılmasına sərf edilməsinə dair hər hansı sübut təqdim edilməmiş və nəticədə avtomobilə görə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunması müəyyən olunmamışdır. Göründüyü kimi,qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçının bildirdikləri müəyyən olunmamış və öz təsdiqini tapmamışdır (əksinə təkzib olunmuşdur). MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin,iddiaçı atasından 8000manat borc alması və onu ailə ehtiyaclarına sərf etməsi ilə bağlı bildirdikləri üzrə də məhkəməyə hər hansı mötəbər sübut da təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1068/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1068/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4456/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4456/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver