Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4463/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X7rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X7rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzində sağ aşağı ətrafı üzərində angioplastika əməliyyatı icra edilmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə “”Posthemorragik anemiya ağır dərəcə” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş X1 bölməsində ambulator müalicədə olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cərrahiyyə əməliyyatı zamanı “Bakı Sağlamlıq Mərkəzi” X12 tərəfindən sağlamlığına vurulmuş mənəvi zərərə görə 200.000 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Akademik M.Topçubaşov adına Eimi- Cərrahiyyə Mərkəzində hər iki ayağını müayinə etdirən zaman məlum olmuşdur ki, ayaq damarlarında tutulma gedir. Qeyd edilən tibb müəssisəsində anjio və kompyuter tomoqrafiyası müayinəsindən keçmək üçün Bakı Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. Bakı Sağlamlıq Mərkəzində anjio və kompyuter tomoqrafiyası müayinəsindən sonra bildirildi ki, mərkəzin həkimi olan Cavid Əhmədov onu müayinə etməlidir. Həkim onu müayinə etdikdən və müayinələrin nəticələrinə baxaraq bildirdi ki, səhhətində olan problem ciddi deyil, damarlarda olan tutulma cüzidir və müalicə olunandır. Lakin, o, tibbi sığorta ilə əməliyyat olduğundan mərkəzdə qeyd edilən işlərin rəsmiləşdirilməsini aparan Çiçək adlı əməkdaşın yanına göndərildi. Çiçək adlı xanım ona bildirdi ki, əməliyyat üçün lazım olan dərman aptekdə 350 manat qiymətindədır. Lakin, onlar dərman firması ilə işlədiklərindən həmin dərmanı 250 manata gətirə bilərlər. O da cavabında bildirdi ki, məgər əməliyyat üçün lazım olan dərmanlar sığorta tərəfindən qarşılanmır? Bunu eşitdikdən sonra Çiçək adlı xanım Cavid Əhmədovla əlaqə saxlayacağını bildirdi. Onların nə barədə danışmağını bilmədi. Lakin, bir neçə dəqiqədən sonra xanım ona bildirdi ki, o, həkimlə danışıb, dərmanlar üçün pul verməyəcəkdir. Ancaq sizdən kim soruşsa, desin ki, o da dərmana pulu vermişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixində əməliyyat üçün gəlməlidir. xx.xx.2022-ci il tarxində mərkəz onu qəbul etdi və xx.xx.2022-ci il tarixində onu əməliyyat masasına yerləşdirdilər. Əməliyyatı narkozsuz, yerli ağrıkəsici vasitəsi ilə həyata keçirilərək başladı. O, əməliyyat masasında baş verənləri eşidir və görürdü. Əməliyyat başlayan zaman əməliyyatı aparacaq həkim yerində deyildi və ilkin prosedurlar tibb bacısı tərəfindən başladı. İlk saniyələrdə açıq-aydın xırçıltı səsi eşitdi və damarından çıxar qan üstünə çəkilən plastik örtünün üstünə töküldü. O, həmin tibb işçisinin üzündəki həyəcan və panikanı açıq gördü. İkinci dəfə əməliyyat üçün deşik açıldıqdan sonra həkimin başqa otaqdan “hazırdır? gəlim?” çağırışına tibb işçisi" gəl” cavabı verdi. Təəccüblüdür ki, əməliyyat heç 3 dəqiqə çəkmədi və o, əməliyyatın bu qədər tez bitməsində şübhələndi. Belə ki, o, əvvəllər də əməliyyatlar keçirmişdir. Əməliyyata sərf edilən qədər kiçik vaxt adətən bir infeksiyanın bədənə daxil edilməsinə sərf edilən vaxt olur. Cərrahiyyə əməliyyatı masasında həyata keçirilən tibbi müdaxilə və prosesudurlar bu qədər tez bitə bilməz. Nəticə etibarilə həkim bildirdi ki, “bağlayın” özü isə çıxıb getdi. Əməliyyat sonrası palataya yerləşdirildi və ağrıları dözülməz dərəcədə şiddətləndi. İş o yerə gəlib çatdı ki, ağrının şiddətindən o, həkimlərə yalvarırdı ki, heç olmasa ona bır ağrıkəsici vursunlar. Cavab da bu olurdu ki, heç nə olmaz narahat olma keçib gedəcək. İş o yerə gəlib çatdı ki, o, yaxınlarından xahiş etdi ki, bu xəstəxanada insana insan münasibəti göstərilmir. Xəstələrin müqəddəratı həkimlər üçün maraqlı deyil. Həkimlər həkim kimi deyil, xəstələrlə qəssab kimi davranır və həkim andına sadiq deyillər. Xüsusən də tibbi sığorta ilə əməliyyat olunub, dərman pulu verməyənlərə. Çünki, həmin xəstələr həkimlər üçün gəlir mənbəyi deyil, vaxt itkisidir. Məhz bu səbəbdən əməliyyatlar səthi və tələm-tələsik keçirilir. Evə gəldikdən sonra ağrıları daha da artdı və məcbur olaraq başqa xəstəxanaya müraciət etmək məcburiyyətində qaldı. Qohumları onu Hərbi Hospitala apardılar və bəlli oldu ki, səhhəti ağırdır və dərhal müalicəyə başlanılmalıdır. Çünki, əməliyyat edildiyi zaman çoxlu miqdarda qan itirmişdir. Daha doğrusu, ondan çoxlu həcmdə qan çıxarılaraq axıdılıb. Bəllidir ki, əməliyyatı cərrahi ləvazimatlarla kəsilərək deyil, deşilərək aparılıb və bu qədər qanın itkisi mümkün deyil. Hərbi hospitalda ona qan köçürüldü və həkim tərəfindən “Posthernorragik anemiya ağır dərəcə” diaqnozu qoyuldu. Beləliklə, o, müalicəni evdə davam etdirmək məcburiyyətində qaldı. Sonradan “Bakı Sağlam Mərkəzi”ndən əməliyyatının videoyazısını tələb etdi. Çətinliklə də olsa, həmin videoyazıları əldə edə bildi. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X7rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmətibbi ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, Bakı Sağlamlıq Mərkəzinin həkimi olan Cavid Əhmədov tərəfindən iddiaçının üzərində xx.xx.2022-ci il tarixdə keçirilən əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdi. Eyni zamanda, sol aşağı ətrafda balon angioplastika əməliyyatının keçirilməsini zəruri edən damar tutulması qeyd edilməmişdir. İnvaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas vermişdir. Göründüyü kimi, cavabdehə məxsus klinika tərəfindən iddiaçıda “Ətraf arteriyalarının aterosklerozu” xəstəliyi ilə əlaqədar onun damarında aparılmış müayinə və əməliyyat düzgün aparılmış, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə müvafiq təyinatlar verilmiş və o, xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, hazırki halda cavabdehin baş vermiş hadisədə təqsiri hər hansı sübutla təsdiq olunmadığından, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndinə, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X4” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 73/KEŞ saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı instrumental müayinəsi zamanı onda sol aşağı ətrafda balon angioplastika əməliyyatının keçirilməsini zəruri edən damar tutulması qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə öz əksini tapmış sol qasıq nahiyəsində hematomalar həkim təyinatın yerinə yetirilməməsi, kompression sarğının tez açılması və vaxtından qabaq aktivləşmə prosesi nəticəsində yarana bilərdi. Tibbi sənədlərdə göstərilənlərə əsasən, invaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas verir. Məhkəmə nəzərə almamışdır ki, prosesin gedişatı zamanı iddiaçı tərəfində dəfələrlə əməliyyatın sağ ayaqda aparılıb aparılmaması ilə bağlı ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə bu dəfə də iddiaçının vəsatətini görməməzdən gəlmiş və sağ ayaqda angioplastika əməliyyatının aparılıb aparılmaması ilə bağlı iddiaçının vəsatətini rədd etmişdir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 73/KEŞ saylı ekspert rəyi iş üçün mötəbər sübut sayıla bilməz. Belə ki, ekspert müayinəni sağ ayaq üzərində aparmamışdır. Ekspert ümumiyyətlə müayinə aparmamışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, həkim Cavid Əhmədov tərəfindən xəstə üzərində keçiriləcək tibbi müdaxilə barədə əməliyyat öncəsi pasiyentə təfsilatı ilə məlumat verilmişdir. Pasiyent imza atmaqla əməliyyata razılıq vermişdir. Belə ki, mövcud ciddi damar darlıqları əməliyyat zamanı açılmışdır. Tibbi müdaxilə texnikasına əsasən sol qasıq nayihəsindən daxil olaraq sağ ayaqda angioplastika icra edilmişdir. Yəni sağ ayaqdakı damar darlıqları balon vasitəsilə genişləndirilmiş müvafiq məhlul yeridilmiş və iddiaçının balon kimi bildirdiyi tibbi ləvazimat oradan çıxarılmışdır. Həmçinin, burada hər hansı bir stend qoyma əməliyyatı icra edilməmiş və pasiyentə bildirilməmişdir ki, pasiyent bunu əsas götürsün. Çünki iddiaçının bildirdiyi balonun funksiyası orada məhlul yeridilməsi üçün damar darlıqlarını yalnız genişləndirmək üçündür. Bununla əlaqədar olaraq da məhkəmə tibbi ekspertizası tərəfindən əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edilməsi təsdiq edilmişdir. Eyni zamanda 2-dəfə ekspertiza rəyi də qarşı tərəfin verdiyi sualda həkim səhvinin olmadığını bildirmişdir.
Proses iştirakçılarının izahatı
11. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, özü sığorta ilə oraya gedib. Sübutu var ki, yoxlanıb. O ürək əməliyyətı keçirib. 5 dəfə damar dəyişdirib. O oraya yoxlanmağa gedib, dedilər ki, onda diz altında 40-45% tutulma var, ayaq üstdə isə 30- 35%-dir. Ona dedilər ki, anju lazımdır. Orada Çiçək xanım var, sığorta işinə baxır. O, ona diski vermədi, dedi ki, bunun üçün Cavid həkimin yanına getməlidir. .O deyib ki, o Cavid həkimin yanına gəlməyib, anju etdirməyə gəlib. Amma, o yenə də gedib. Əvvəl gündə 12- 17 km gəzirdi. Ona deyildi ki, onlarda elə bir şey yoxdur, müalicə edilsə keçəcək. Onu Çiçək xanımın yanına qaytardılar. Çiçək xanım ona dərmanlar verdi və bildirdi ki, bu aptekdə 350 manatdır amma ona 250 manata veriləcək, onlara firma gətirir. Ona guya ki, güzəşt ediblər. O soruşdu ki, sığorta həll etməyəcək? Ona deyildi ki, gözləsin. Aralarında bir az məsafə var idi, o Cavid həkimi çağırdı nə danışdılar bilməyib. Ona deyildi ki, ondan pul alınmayacaq, gedib ayın biri gələr. Ayın biri onu qaldırdılar, ikisi əməliyyatı oldu. O öz ayağı ilə gedib. Hətta, orada dedilər ki, ona bax, ayağıyla gəlib. Cavid həkim ona özü ağrikəsici iynə vurmadı.Orada bir nəfər var idi, o əlinə nəsə iynə aldı ona göstərdi ki, bu ağrıkəsicidir. O yenə başa düşməyib. Ona vuranda nəsə hiss edib ki, sinirinə toxundu. Çünki, o ürək əməliyyatı keçirib, vena damarını tapmağa nə var. Susub öz-özünə deyib ki, danışsa onu daha da öldürəcəklər. Qan hər yerə sıçradı, yanındakı tez-əl ayağa düşdü, nə etdisə qan kəsdi. Cavid həkim yan otaqdan qışqırdı ki,hazırdısa gəlsin. O, da gəldi heç iki üç dəqiqə çəkmədi ki, getdi.Daha sonra palataya gətirildi. Sonra onun ağrıları başladı. Nevropatoloq yanıma gəlib ona dedilər ki, pul verməyib, gəlməsin. Sonradan o qohumlarına zəng eləyib. O qalxa bilmirdi. Ayın dördü onu əlil arabası ilə gətirdilər qohum maşınına atdılar. Ondan sonra dördü o evə buraxılıb. Ayın beşi səhər tezdən tibbi yardım çağırdılar. İynə,ağrıkəsici vurdular,dedilər ki,gəl gedək xəstəxanaya. O getmək istəməyib. Amma, dedilər ki,yaxşı olacaqsan. Ayın yeddisi onun vəziyyəti pisləşdi, onu xəstəxanaya aparıblar, o özündə deyildi, vəziyyəti pis idi. Ona qan köçürdüblər, qanı 6.5 imiş. O daha sonra gedib əməliyyatın diskini avqustun 30-u zülümlə alıb. Ekspert epikrizdə nə yazılıb onu köçürüb, ona heç baxmayıb. Ona komissiya dedi ki, onu çağıracaqlar, amma onu heç kəs çağırmadı. O videoya baxıb, maddəni yeridirlər, maddə amma gəlib tutulan yerdə dayanır. Həmin o maddə aşağı getmir. Onu genişləndirirlər. Buraxan kimi maddə gedir. O iş qabiliyyətini itirib və yeriməyə çətinlik çəkir. Yeriməyə çətinlik çəkmə səbəbi həkim səhlənkarlığına görə olub. Onun birinci məhkəmə iclasında vəkili yox idi, yoldaşı ilə gəlmişdi. Həmin zaman nümayəndə 5 ad çəkmişdi. Onun qulağında hələdə o ad qalıb. Ziya müəllim, "Semaşko"nun müavinidir. O da məhkəmədən ekspertiza tələb edib. O hakimdən xahiş eləyib ki, bu işi Səhiyyə nazirliyinin tabeliyinə yox, Ədliyyə Nazirliyinin tabeliyində Ekspertiza Mərkəzinə göndərsinlər. Xəstəxanadan deyirlər ki, gedib nə istəyirsə etsin. O Çiçək xanımın səsini yazıb ona görə ki, həqiqətən ondan pul istəyib. O da pulu verməyib, ona görə onu bu hala qoyublar. Ayın yeddisi işini şəhər prokurorluğuna veriblər. O 2004-cü ildə əməliyyat olunub. 4-5 dərman dəyişib. Sənəddə “Bakı Sağlamlıq Mərkəzi” X12 yalnış məlumatlar yazıb, o insulin qəbul etməyib. Əgər damarda tutulma gedirsə, tutulan yerdə ağ yer yaranır. Bunun üçün həkim olmağa ehtiyac yoxdur. Məhkəmə Tibbi Ekpertizası onu dəvət etməyib, o özü gedib. O oraya gedib və maraqlanıb. Rafiq həkimə zəng elədilər, daha sonra onu yuxarı dəvət elədi. Yuxarıda bir oğlan və Rafiq həkim var idi. Rafiq həkim ona sual verib ki, onun problemi nədir, deyib ki, onun sinirini zədələyiblər, ayağını qaldıra bilmir. Diskə baxıb ondan soruşdu ki, o həkimdən soruşmayıb ki, balonu hara qoyub. O da deyib ki, o nə bilsin hara qoyub. Ona deyib ki, onu çağıracaqlar, amma indiyənə qədər çağırmayıblar. Sonra ekpertizanın cavabı gəldi, orada yazılanın hamısı epikrizdən köçürmədir. Haradan bilinib ki, onun şəkər xəstəliyi 15 ildən çoxdur? Onda 1996-cı ildən şəkər xəstəliyi var. O özünə baxan insan olub. Şəkərin ən pis vaxtında belə o insulin qəbul etməyib. Onun damarında tutulma yoxdur. Diskə baxış keçirilsə hər şey aydın olacaq. Ondan pul istəyiblər. Rayon məhkəməsində dedilər ki, diskə baxış mümkün deyil. Ekspertiza diskə baxış etsə də, hazırda yenidən məhkəmə kollegiyası da baxmalıdır. Ekspertiza Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən keçirilməli idi.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, əməliyyatdan sonra şəxs Müdafiə Naziliyinin Bakı Baş Klinik Hospitalına yerləşdirilib və orada vəziyyətinin ağır olduğu bildirilib. Əməliyatda məlum olub ki, çoxlu qan itirib. Yəni, əməliyyat qeyripeşəkarlıqla keçirilib. Əməliyyatdan əvvəl necə idisə tutulma, əməliyyatdan sonra da elə qalıb. Əməliyyatdan 15 gün keçəndən sonra doplerdə müayinədən keçib eyni şey olub, 2 ay sonra yenə doplerdən keçib yenə eyni şey olub. Əməliyyatın aparıldığı disk ona zülümlə təqdim edilib. Həmin diskdə inyeksiyanın yeridilməsi barədə 20-25 saniyəlik video var. Balon əməliyyatı odur ki, damarı genişləndirilir və qanın axınını təmin edir.Bununla bağlı bir neçə həkimlə də maraqlanıblar, onlar deyiblər ki, belə əməliyyatlarda fəsadların yaranması tez ola bilməz. Onlar deyiblər ki, əgər xəstə özünə yaxşı baxmasa, qidasına fikir verməsə damar tutulması 2-3 ilə ola bilər. Onlar xəstəxanaya təklif ediblər ki, heç olmasa bundan sonra müayinədə kömək etsinlər, amma etmirlər. Əməliyyatın qeyripeşəkarlıqla keçirilməsinə sübut iş materiallarında var, ekspert rəyi də buna sübutdur. Əməliyyat sağ ayaqda aparılıb. Ekspertizaya sual qoyulub ki, sol ayaqda əməliyyat keçirilib ya yox, ekspertiza rəyi verilir ki, sağ ayaqda əməliyyat uğurlu olub.Əgər şəxs ekspertizaya gedibsə, ekspertiza əldə olan sübutlarla kifayətlənməməlidir. Özü də araşdırma aparmalıdır. Müayinə edilməyib deyilib ki, o çağırılacaq. Şəxsin qeyri-peşəkar əməliyyatı nəticəsində sinirləri zədlənib, yeriməkdə çətinlik çəkir və üstəlik ona əməliyyatın heç bir xeyri yoxdur. Onlar o diski məhkəməyə təqdim ediblər, lakin, formati dəstəkləmədiyinə görə komputerdə açmadı. Onlar da xahiş eləyiblər ki, başqa komputerdə baxın heç ona da baxmadılar. 5 ay keçib əməliyyatın üstündən həkim yazıb ki, əməliyyat uğurla keçirilib, həkim ən azından xəstəni müayinə etməlidir, baxış keçirməlidir. Əməliyatda iddiaçının keçirdiyi stresslər, ağrılar, hazırkı müayinələri və müalicələri hamısı mənəvi ona ziyan vurub.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, hazırkı iddiasında iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X9 həyata keçirilən əməliyyat zamanı onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 200.000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizalarının rəyinə istinad edərək iddia tələbininin təmin edilməməsi qənaətinə gəlmişdir.
23. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti verən iddiaçının şikayətinin dəlilini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsi müəyyən edilmişdir.
24. Belə ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş ilkin məhkəmə tibbi ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 610/KEŞ saylı ekspert rəyində qeyd edilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı hal-hazırda “Ətraf arteriyalarının aterosklerozu” xəstəliyindən əziyyət çəkir və təyin edilmiş diaqnoz aparılmış müvafiq insturmental müayinə tədqiqatlarında öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində sağ aşağı ətrafı üzərində agioplastika əməliyyatı icra edilmişdir. Bu əməliyyatın texniki icrasına əsas mövcud olan damarlarda ciddi darlıqların balon vasitəsi ilə açılması nəzərdə tutulur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə müvafiq təyinatlar verilmiş və xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı təkrar aparılmış sağ aşağı ətrafın doppler müayinəsində onda arteriyalarda müxtəlif dərəcədə stenozlar qeyd edilmişdir. Bu patoloji dəyişikliklər mövcud olan aterosklerotik xəstəliyinin kliniki gedişi ilə bağlı olmuş, icra edilmiş angioplastika əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.
25. Rəydən həmçinin müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X2 Şöbəsində məhkəmə tibbi müayinəsi keçirildi. Deməsinə görə xx.xx.2022-ci ill tarixdə X5 aşağı ətraflarda doppler müayinəsindən keçmiş, daha sonra damarların darlıqları ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinə göndərilmişdir. Bakı Sağlamlıq Mərkəzində KT angioqrafiya aparılmış və stentləşmə əməliyyatı olunması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə BSM-ə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə stentləşmə əməliyyatın aparılması (hər iki aşağı ətrafda) qeyd olunsa da, bu əməliyyat icra olunmamış və stentlər qoyulmamışdır. Cərrahiyyə əməliyyatdan sonra (iki ay) ECM-də təkrar doppler müayinə olunmuş, müayinə zamanı əvvəl qeyd olunan darlıqlar olduğu kimi qalmışdır. Sonrakı müddətdə EMG və digər müayinələrdən keçmiş müalicələr almışdır. Müsbət effekt olmamışdır. (i.v.65)
26. Digər tərəfdən iş üzrə keçirilmiş təkrar məhkəmə tibbi ekspertizasının rəyi olaraq verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 73/KEŞ saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı instrumental müayinəsi zamanı onda sol aşağı ətrafda balon angioplastika əməliyyatının keçirilməsini zəruri edən damar tutulması qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə öz əksini tapmış sol qasıq nahiyəsində hematomalar həkim təyinatın yerinə yetirilməməsi, kompression sarğının tez açılması və vaxtından qabaq aktivləşmə prosesi nəticəsində yarana bilərdi. Tibbi sənədlərdə göstərilənlərə əsasən, invaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas verir.
27. Məhkəmə kollegiyası ekspert rəylərinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
28. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev