Məhkəmə qərarları › İş №2(103)-4475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4475/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4475/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)-957/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 396.000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, tərəflər 30 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 517 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan övladları yoxdur. Cavabdeh nikahın pozulmasına qeydiyyat şöbəsində razı olmadığı üçün nikahları Nəsimi rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olmamışdan əvvəl 24 iyun 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili əldə etmiş və mənzilin pay dəyəri onun tərəfindən “xxxx” MTKya nikaha daxil olmamışdan əvvəl tam ödənilmişdir. Həmin mənzil nikaha daxil olanadək iddiaçının şəxsi mülkiyyəti hesab edilir. Cavabdehin istəyi ilə yuxarıda göstərilən şəxsi əmlakı iddiaçı nikah müddətində 21 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 400000 (dörd yüz min) manata satmışdır. Vergi tutulduqdan sonra iddiaçının “X13” ASC-də yerləşən hesabına 396.069,70 manat pul vəsaiti köçürülmüşdür. Daha sonra, iddiaçı nikah müddətində 04 avqust 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzili 396.000 (üç yüz doxsan altı min) manata almışdır. Göstərilən mənzilin alınmasına görə iddiaçının ödədiyi 396.000 manat pul vəsaiti nikahdan əvvəl iddiaçıya məxsus olan Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 73 F yerləşən 40 saylı mənzilin 400000 manata satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilmişdir. “xxxx”-dakı iddiaçının hesabında olan və 03.08.2017-ci il tarixdə çıxartdığı 396.069,70 manatdan 396.000 manat məbləğində pul vəsaitini həmin mənzilin əldə edilməsi üçün sərf etmişdir. Mənzil iddiaçının adına rəsmiləşdirilməli idi, lakin mənzili satan şəxs təcili olaraq əməliyyat üçün Almaniyaya getdiyinə görə və iddiaçının işdən ayrılmağı mümkün olmadığından, həyat yoldaşı - cavabdeh bildirmişdir ki, “nə fərqi var qoy onun adına rəsmiləşdirilsin”. Bu səbəblərə görə mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan iddiaçının adına rəsmiləşdirilməsinə razı olmamışdır. Halbuki, mənzili iddiaçı nikahdan əvvəl ona məxsus olan mənzilin satışından əldə edilən pul vəsaiti hesabına əldə etmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı “X13”-dakı hesabına 24.07.2017-ci il tarixdə 396.069,70 manat daxil olmuşdur. 03.08.2017-ci il tarixdə 396.069,70 manat vəsait çıxarılmışdır. “xxxx” ASC-nin 09 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 24.07.2017-ci il tarixində “xxxx” ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** nömrəli cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 AZN məbləğində vəsait mədaxil etmişdir. Yəni göstərilən əməliyyatdan əvvəl iddiaçının depozit hesabı olmamışdır. Depozit hesabı məhz yuxarıda göstərilən xüsusi mülkiyyətin satışından əldə edilən pul vəsaitinin mədaxil edilməsi üçün açılmışdır. 5 saylı “ASAN XİDMƏT” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X2 “xxxx” ASC 1 saylı şöbəsinə ünvanladığı 19.07.2017-ci il tarixli məktubuna əsasən Rusiya Federasiyası Samara vilayəti Kirov rayonu Alma-Atinskaya küçəsi ev 102, mənzil 35-də qeydiyyatda olan X7 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 400000.00 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 MKR, İ.Dağıstanlı küçəsi, ev 57 mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930.30 (üç min doqquz yüz otuz manat otuz qəpik) vergi məbləğini çıxmaqla 396069.70 (üç yüz doxsan altı min altmış doqquz manat yetmiş qəpik) manat verilməsi üçün “xxxx” ASC-də olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Məhz bu səbəblərə görə iddiaçı Nəsimi rayon Məhkəməsində cavabdehə qarşı əmlakın xüsusi mülkiyyət hesab edilməsi barədə iddia qaldırsada, Nəsimi rayon Məhkəməsinin 15.01.2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin gəldiyi nəticə ilə razı olmadığı üçün qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəsinzə notariat kontorunda təsdiqlənən alğı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 3, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddia rədd edilmişdir. Yuxarıda göstərilən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırki iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Bakı Apelyasiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4301/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən 16.06.2020-ci il tarixli qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, nikah müddətində iddiaçı şəxsi pul vəsaitinin hesabına ünvan 5 ünvanında yerləşən 35 saylı mənzili cavabdeh öz adına rəsmiləşdirərək mülkiyyət əldə etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)-957/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılırki, qətnamədə yalnız Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında vəkili tərəfindən alğı-satqı prosesində iştirak etmiş şahidlərin dindirilməsi və notariat işlərinin tələb edilməsi barədə vəsatətlər verilmiş və məhkəmə eyni mövqedən çıxış edərək Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsində “mənzil iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzilin satışından götürülən pul vəsaiti hesabına alınmışdır” ifadəsinin qeyd edilməsinə istinad etməklə, həmin qətnamənin preyudisial əhəmiyyətə malik olması və ona görə də bu hallar barədə heç bir araşdırma aparıla bilməz əsası ilə vəsatətlər rədd edilmişdir. Məhkəmənin bu əsasla araşdırma aparmaqdan imtina etməsi müdafiə hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun, çəkişmə prinsipinin və tərəflərin hüquq bərabərliyinin pozulması deməkdir. Eyni zamanda həmin qətnamənin malik olması əsası ilə vəsatətin rədd edilməsi nəticə etibarı ilə hakimin qabaqcadan mövqe bildirməsi (müşavirə otağına getmədən məhkəmə baxışı zamanı iddia tələbinə dair gələcəyi nəticəni bildirməsi) deməkdir. Hazırki mülki iş üzrə verilmiş iddia tələbinə dair “mənzil iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzilin satışından götürülən pul vəsaiti hesabına alınması və iddia tələbinə qeyd edilən pul vəsaitinin cavabdehə ödənilib-odənilməməsi hissəsində preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsində “mənzil iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzilin satışından götürülən pul vəsaiti hesabına alınmışdır” kimi bir cümlə yazılsada lakin məhkəmənin həmin halı hansı qaydada və necə müəyyən etməsi məlum deyildir. Yəni ki, sırf həmin hala münasibətdə hər hansı bir araşdırma aparılmayıb, həmin halın müəyyən olunmasına dəlalət edən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Bu səbəbdəndə, apellyasiya məhkəməsi həmin halı necə müəyyən etməsi hissəsində heç bir əsaslandırma apara bilməmişdir. Göründüyü kimi, heç bir mötəbər sübuta əsalanmayan araşdırmadan kənar olaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmiş formal bir cümlənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik ola bilməz və məhkəmənin bir sözügedən qətnaməyə əsaslanmaqla araşdırma aparmaqdan imtina etmə yolverilməzdir. Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilən pul vəsaitinin iddiaçıya məxsus olması birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası MPMin 82.3-cü maddəsinə istinad edilməklə, əsassız varlanma mövqeyindən yanaşılaraq, həmin pulun cavabdehdən alınıb iddiaçıya verilməsi üçün əsas ola bilməzdi. Çünki apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilənlər gələcəkdə iddiaçı yeni iddia tələbi irəli sürəcəyi təqdirdə həmin tələbin təmin edilərək, pulun hökmən iddiaçıya qaytarılmalı olmasını özündə ehtiva etmir, sadəcə Nəsimi rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qətnaməsi üzrə gəlinmiş nəticənin düzgünlüyünə münasibət bildirilmişdir. Pul tələbi üzrə iddia məsələsinə baxılarkən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində qeyd olunan halın fakt kimi qəbul edilməsi yolverilməzdir. ünvan 4 ünvanında yerləşən 35 saylı mənzil alğı-satqı müqaviləsi bağlanılmaqla və dəyəri cavabdeh tərəfindən ödənilməklə əldə edilmiş və cavabdehin mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, cavabdehlə bağlanılmış müqavilədə əmlakın dəyərinin cavabdeh tərəfindən ödənilməsi qeyd edilmiş və əmlakın qabaqki mülkiyyətçisi ilə aralarında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi qüvvədədir. Hesab edilməlidir ki, cavabdeh tərəfindən alınmış əmlakın alınması müqabilində ödənilmiş pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş onun “xxxx” ASC-də olan hesabında pul vəsaitinin olması, və ya fərqli tarixdə həmin pul vəsaitinin onun tərəfindən çıxarılması barədə arayış yalnız onun pul əldə etməsi halını təsdiq edir və cavabdehin onun hesabına əmlak əldə etmək halını təsdiq edə bilməz. Bundan əlavə iddiaçı iddia tələbində mənzilin əldə edilməsi üçün pul vəsaitinin onun tərəfindən ödənilməsini qeyd etmişdirsə, eyni zamanda pul vəsaitinin necə, nə vaxt və kimə verməsini sübut etməliydi. Eyni zamanda həmin pul vəsaitini kimə və hansı məqsədlə verməsini, həmin münasibətlə bağlı hər hansı bir razılaşmanın olub-olmamasını və ya həmin pul vəsaitinin qaytırlmalı olub-olmamasını əsaslandırmalı və sübut etməliydi. Eyni zamanda məhkəmənin gəldiyi nəticə əgər iddia ərizəsində qeyd edilən hallar öz təsdiqi tapsayı belə (halbuki qeyd edilənlər tamamilə yalnışdır) qanuni hesab edilə bilməzdi. Belə ki, həmin mənzili cavabdehə alıb bağışlamışdırsa onda o hədiyyə hesab olunur ki, onu geri tələb olunmasıda yolverilməz olardı. Əks halda iddiaçı həmin əmlakın və ya onun dəyərinin qaytarılması şərtilə verilməsini sübut etməliydi. Ailə münasibətlərinin pozulduğu ərəfədə iddiaçı tərəfindən sözügedən mənzillə bağlı “yersiz” iddia tələbi irəli sürülmüş və məhkəmə çəkişmələri mövcud olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdilər, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)- 957/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan AN-İ № ******* saylı, 21.07.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 40 saylı mənzil İddiaçı tərəfindən X4 400.000 manat məbləğinə satılmışdır. Həmin alğı-satqı işinin materiallarından görünür ki, Cavabdeh 19.07.2017-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək, İddiaçı nikahdan əvvəl mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 40 saylı mənzili Yusifov Müşfiq Lətif oğluna satılmasına etiraz etməmişdir. İş materiallarında olan 5 saylı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X2 “xxxx” ASC-yə ünvanlandığı 19.07.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyası, Samara vilayəti, Samara şəhəri, Kirov rayonu, Atinskaya küçəsi, ev 102, mənzil 35-də qeydiyyatda olan X7 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930,30 manat vergi məbləğini çıxmaqla 396.069,70 manat verilməsi üçün bankda olan ******************** №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 09.12.2019-cu il tarixli məktubundan görünür ki, notariat kontorunun 19.07.2017-ci il tarixli, 809 №-li məktubuna əsasən alğı-satqı müqaviləsi üzrə 396.069,70 manat vəsait 24.07.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı (AZE ********) 24.07.2017-ci il tarixində “xxxx” ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** №-li cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. İş materiallarından “xxxx” ASC-nin 21 iyun 2021-ci il tarixli, 17108-820 saylı arayışından görünür ki, Bankın müştərisi olan İddiaçı (AA3003925/ASAN2/05.11.2020) adına olan 24.07.2017-ci il tarixində Bankda açılmış AZ10AZRT******************** saylı cari hesaba həmin tarixdə 396.096,70 manat məbləğini təşkil edən vəsait mədaxil olmuşdur. Qeyd olunan vəsait 03.08.2017-ci il tarixdə müştəri tərəfindən verilən sərəncama əsasən hesabdan məxaric olunmuşdur. İş materiallarında olan AN-İ № ******* saylı, 04.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 35 saylı mənzil X5 tərəfindən Cavabdeh 396.000 manat məbləğinə satılmışdır. İş materiallarından X5 ilə Cavabdeh arasında 5 saylı Notariat Kontorunda aparılmış mənzilin alğı-satqı işindən görünür ki, Cavabdeh tərəfindən 396000 manat məbləğində pul notariusun depozit hesabına 03.08.2017-ci ildə köçürülmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4301/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat kontorunda təsdiqlənən alğı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 3, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(006)- 1100/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1100/2020 saylı mülki iş üzrə qəbul etdiyi 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alğı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 3, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 7 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 6 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırkı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçıya bilavasitə mübahisəli mənzil deyil, onun əldə edilməsi üçün sərf olunan pul vəsaiti məxsus olmuşdur. Lakin iddiaçı hazırkı işdə həmin pul vəsaitinin deyil, onun hesabına əldə olunan mənzilin qaytarılması tələbini irəli sürmüşdür. Ona görə də, hazırkı işdə həmin pul vəsaitinin iddiaçıya qaytarılması məsələsi həll oluna bilməz. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İ № 356241 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11.09.2020-ci il tarixdə 216 № ilə qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı nikahdan əvvəl mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən 40 saylı mənzili X4 21.07.2017-ci ildə 400.000 manat məbləğinə satmışdır. Cavabdeh notariat qaydada təsdiq olunmuş ərizə verərək, həmin mənzilin İddiaçı tərəfindən satılmasına etiraz etməmişdir. Həmin məbləğdən 3.930,30 manat vergi məbləğini çıxmaqla 396.069,70 manat məbləğində pul bankda olan ******************** №-li depozit hesabına keçirilmişdir. Alğı-satqı müqaviləsi üzrə 396.069,70 manat vəsait 24.07.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı (AZE ********) 24.07.2017-ci il tarixində “xxxx” ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** №li cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. Qeyd olunan vəsait 03.08.2017-ci il tarixdə İddiaçı tərəfindən verilən sərəncama əsasən hesabdan məxaric olunmuşdur. X5 ilə Cavabdeh arasında 5 saylı Notariat Kontorunda aparılmış alğı-satqı üzrə Cavabdeh tərəfindən 396000 manat məbləğində pul notariusun depozit hesabına 03.08.2017-ci ildə köçürülmüş, alğı-satqı müqaviləsi 04.08.2017-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən “xxxx” ASC-də AZ10AZRT******************** №-li cari hesabda adına olan 396.069,70 manat məbləğində vəsait 03.08.2017-ci ildə məxaric olunmuş, həmin gün Cavabdeh tərəfindən mənzil alınması üçün 396000 manat məbləğində pul notariusun depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdehin adına mənzil alınarkən, tərəflər etibarlı ailə münasibətlərində olmuş, iddiaçı şəxsi mülkiyyətində olan mənzilin satılmasından əldə olunmuş vəsait hesabına cavabdehin adına mənzil alınmışdır. 2020-ci ildə tərəflər arasında etibarlı ailə münasibətləri pozulmuşdur. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağışlamadan irəli gələn hüquq münasibətləri yaranmamış, tərəflər bu münasibətlərə istinad etməmişlər. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbinin hüquqi əsası əsassız varlanma təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-nin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi ilə 1092.1 və 1092.2-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, cavabdehin (varlanmış şəxsin) əldə etdiyi mənzil, iddiaçının (məhrum olanın) nikahdan əvvəl əldə etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə olunmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğu üçün, MPM-nin 82.3-cü maddəyə istinad olunması hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual pozuntu olsa da, bu hal düzgün olan qətnamənin ləğv edilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin cavabdeh X3id hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)- 957/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar