Məhkəmə qərarları › İş №2(103)-4487/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4487/2021

08.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4487/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqının verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2499/2020 saylı 02.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqqının verilməsi» tələbinə dair iddiаları təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqqının verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən iddiaçıların razılıqları olmadan sökülmüş ünvan 2-də yerləşən 110 kv.metr evinin əvəzində 100.000 (yüz min) manat kompensasiya ödənilməsi, Cavabdeh2 2017ci ildən bəri hər ay kirayə haqqı olaraq bank kartına ödənilən 500 manat (cəmi 15.000 manat) tutularaq iddiaçılara bərabər qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, böyük oğlu Cavabdeh2 «Pilot Həyat MMC ilə birləşərək onlara qarşı dələduzluq etmişdir. Belə ki, ünvan 2-də yerləşən 110 kv.metrlik evlərinin sökülməsi haqqında 22.03.2017-ci il tarixdə müqavilə bağlanmış, lakin həmin evdə qeydiyyatda olan o, və İddiaçı2 razılığı alınmamışdır. Onların arasında olan razılığa əsasən 2 ədəd mənzil sökülmüş evlərinin yerində tikilən binadan verilməli idi. Sökülmüş 110 kv.m. evlərinin yerində tikilən binadan ümumi sahəsi 50 kv.m. olan mənzil verilib. Əlavə verilmiş digər evlərini dəyər-dəyməzinə satıb pulunu isə mənimsəyiblər. Halbuki, həmin mənzilin satılması qanuni əsaslarla baş versəydi, onun və ailə üzvlərinin notarial qaydada razılığı tələb olunmalı idi. Sökülmüş evinin yerində yeni bina tikilmişdir. Dəfələrlə onların razılıqları olmadan sökülmüş evinə görə kompensasiya verilməsi ilə bağlı müraciət etmişlər. Yalan vəd verərək hüquqlarını pozmaqla davam edirlər. Yeganə çıxış yolu məhkəməyə müraciət edərək kompensasiya tələb edilməsidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdilər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Nəsimi rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı3, cavabdehlər Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın əvvəlki iclasında şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehlər İddiaçı1 və İddiaçı2 dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 143641 nömrəli 12.07.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 7 saylı evin 7 otaqlı 14 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 5 yaşayış otağı Cavabdeh2, 2 yaşayış otağı X1 mülkiyyətindədir. İş üzrə Cavabdeh1 MMC ilə «Mülkiyyətçi» və ya «Kirayəçi» qismində Cavabdeh2 arasında bağlanılmış 22.03.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarında Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlı-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11.08.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında 05.09.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu barədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə məxsus olan 46 kv.m. mənzilin hüquqmüəyyənedici sənədlərində göstərilmiş ümumi sahəsini 15% əlavə etməklə təmirli ümumi 60 kv.m. mənzil «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzillərdən «Mülkiyyətçi»nin və ya «Kirayəçi»nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə 1 otaqlı mənzil üçün 200 manat məbləğində vəsaiti ödəməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 500 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tariədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini və mənzilin yüklülüyünə dair (forma 1) arayışı Cavabdeh2 Əliqəmbər oğlundan tələb etmək öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.11.2017-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 205öz nömrəli reyestr kitabının 30214 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh2 ilə Cavabdeh1 MMC ilə bağlanılmış və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş 18.03.2020-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına və Nəsimi rayon İcra Hakimiyyətinin 17.05.2017-ci il tarixli, 133 saylı Sərəncamına əsasən Cavabdeh1 MMC ilə arasında ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 3 otaq y/s 48 kv.m. hissəsinə dair 22.03.2017-ci Əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Əvəzləşdirmə müqaviləsinə əsasən göstərilən mənzilə görə Cavabdeh2 sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmişdir. Bundan əlavə onun mənzilinin əlavə sənədsiz tikililəri var idi, həmin tikililərə görə isə ona Cavabdeh1 MMC tərəfindən 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər. Həmin məbləğin 50.000 manat hissəsi Cavabdeh2 nağd şəkildə ödənilib. Hal-hazırda isə Cavabdeh1 MMC qarşılıqlı razılaşmaya əsasən ona 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 MMC-ya qarşı bundan sonra heç bir iddiasının və tələbinin olmamasını və gələcəkdə göstərilən mənzilə və onun əlavə tikililərinə dair qeydiyyatda olan şəxslər tərəfindən hər hansı bir iddia yaranarsa bütün məsuliyyəti qanun qarşısında öz üzərinə götürülməsi göstərilmişdir. Cavabdeh1 MMC yuxarıda qeyd olunanlarla bağlı bildirir ki, Cavabdeh2 qarşılıqlı razılaşmaya əsasən ödənilməli olan 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03.09.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 7 saylı evdə 24.07.1992-ci ildən X4, oğlu Cavabdeh2 Əliqəmbər oğlu, oğlu İddiaçı2 Əliqəmbər oğlu, oğlu İddiaçı1 Əliqəmbər oğlu və digər ailə üzvləri ilə birlikdə (cəmi 22 nəfər) qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, 10,11,14 nömrəli mənzillər 005250 №-li 14.06.1993-cü il tarixli order əsasında X3 (6 nəfər ailə tərkibi ilə birlikdə) məxsus olmuşdur. İş materiallarında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 06.06.1994-cü il tarixli 409/185 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, T.Axundov küçəsi, 7 nömrəli evin 7 otaqlı, ümumi sahəsi 170 kv.m., yaşayış sahəsi 110 kv.m. olan 14 nömrəli mənzilinin əvəzsiz olaraq Cavabdeh2 şəxsi mülkiyyət kimi verilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi 7 nömrəli evin 14 saylı mənzilin icarədarı Yəhyayeva (Sayadova) Arifə Mirheydər qızı olmuş və o, həmin mənzildə 6 nəfər ailə tərkibi ilə, yəni özü və 6 nəfər uşaqları ilə, o cümlədən hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 ilə 1993-cü ildə qeydiyyata alınmışdır. 1994-cü ildə Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin mənzil Cavabdeh2 şəxsi mülkiyyətinə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 22.03.2017-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləsinə əsasən Cavabdeh2 kompensasiya ödənilməklə iddiaçıların qeydiyyatda olan mənzili Cavabdeh1 MMC tərəfindən sökülmüşdür. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 18.03.2020-ci il tarixdə öhdəlik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 məxsus olan R.Axundov küçəsində yerləşən 7 saylı evin yaşayış sahəsi 48 kv.m. olan 3 otaqlı 14 saylı mənzilə görə ona sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmiş, həmin mənzilin əlavə sənədsiz tikililərə görə MMC tərəfindən oan 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər, həmin məbləğin 50.000 manat ona nağd şəkildə ödənilmiş, qalan 5.000 manat pulu Cavabdeh1 MMC notariusun depozit hesabı vasitəsi ilə ödəməyi, Cavabdeh2 isə gələcəkdə mənzilə və onun əlavə tikililərə dair qeydiyyatda olan şəxslər tərəfindən hər hansı iddia yaranarsa bütün məsuliyyətin öhdəsinə götürmüşlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlərdən biri olan Cavabdeh1 MMC bu mübahisə ilə bağlı iddiaya cavab verməli olan şəxs deyildir. Yəni subyektiv cavabdehlik daşımır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına və Nəsimi rayon İcra Hakimiyyətinin 17.05.2017-ci il tarixli, 133 saylı Sərəncamına əsasən Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə Cavabdeh2 məxsus olan 3 otaq y/s 48 kv.m. hissəsinə dair 22.03.2017-ci Əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən həmin mənzilə görə Cavabdeh2 sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmişdir. Bundan əlavə Cavabdeh2 özbaşına tikililərə görə Cavabdeh1 MMC tərəfindən 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər. Həmin məbləğin 50.000 manat hissəsi Cavabdeh2 nağd şəkildə ödənilib. Cavabdeh1 MMC qarşılıqlı razılaşmaya əsasən Cavabdeh2 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC mübahisəli mənzili mülkiyyətçiyə kompensasiyanı tam şəkildə ödəyərək öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC iddiaçıların iddiasına cavab verməli olan şəxs olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzil R.Axundov küçəsi, ev 7, mənzil 14 rəsmi sənədlərə əsasən 48 kv m olmuş və onun əvəzinə (istinad olunanəvəzləşdirilmə müqaviləsi) 50 kv m təmirli mənzil verilmişdir. İddiaçıların iddia etdiyi 110 kv m hissə ilə bağlı isə əlavə sahənin heç bir hüquq müəyyənedici sənədi ( çıxarış, order və s) olmamış, lakin Cavabdeh2 onun əvəzinə 55000 manat məbləğ pul ödənilmişdir (istinad olunan- Öhdəlik müqaviləsi). Yəni iddiaçıların mənzil 14-ə aid hissədə heç bir hüquqlarının pozulması aşkar olunmamış, onların mübahisəli mənzilə dair qeydiyyatları olmuş və bu hüquqda aradan qalxmamışdır (yerinə təmirli mənzil verilmişdir) Bu əsasdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi «kompensasiya ödənilməsi» hissəsində də haqlı olaraq təmin edilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 2017-ci il tarixdən hər ay kirayət haqqı olaraq cəmi 15000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, kirayədə qaldıqları ilə bağlı (kirayət müqaviləsi, ödəniş qəbzi) iddiaçılar tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə də tələb əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar