Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4493/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 oğlunun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aylıq hər uşağa 500 manat olmaqla cəmi 1000 manat məbləğində alimentin və uşaqlar üçün 100 manat məbləğində əlavə xərcin azaldılaraq iddiaçıdan hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin və 50 manat məbləğində əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş №2(010)-6275/21) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, alimentin göstərilən məbləğdə tutulmasına həmin vaxt iddiaçı razılıq vermiş, bu səbəbdən də məhkəmə iddia tələbini təmin etmişdir. Həmin vaxtlar iddiaçı aldığı əmək haqqından başqa ümumi maddi vəziyyəti buna yol verdiyindən alimentin göstərilən məbləğdə tutulmasına razılıq vermişdir. 22 iyul 2020-ci il tarixdən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühasib vəzifəsində çalışır və orta aylıq əmək haqqı 375.00 manat təşkil edir. Hazırda iddiaçının əmək haqqından başqa gəliri olmadığından alimenti məhkəmənin müəyyən etdiyi məbləğdə ödəmək iqtidarında deyildir. Belə olduğu təqdirdə gələcəkdə iddiaçının aliment borcu yığılaraq öhdəliyi yaranacağı ehtimalı və bunun da onun məsuliyyətinə səbəb olacağını nəzərə alaraq alimentin məbləğinin azaldılmasına zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin azaldılması və dəyişdirilməsinin hüquqi əsaslarını öz qətnaməsində qeyd etməmişdir. İddiaçının gəlirlərinin aşağı olmasını nəzərə almayıb. Məhkəmə iddiaçının maddi vəziyyətinin dəyişib-dəyişmədiyini nəzərə almamışdır. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Mələk və xx.xx.2016-cı il təvəllüdlü Rövşən analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 manat əlavə xərcin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı 22 iyul 2020-ci il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühasib vəzifəsində çalışır və onun əmək haqqı 375 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı hazırkı işdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iki uşağa görə müəyyən olunmuş alimentin miqdarının azaldılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və iş materiallarına istinadən qeyd etmişdir ki, iddiaçı məhkəməyə alimentin tutulması barədə qətnamənin çıxarıldığı vaxta münasibətdə ailə və ya maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini, dəyişiklik olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.1.1, 112.1-ci və MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı mübahisə üzrə iddiaçı hal-hazırda rəsmi qazancından başqa əlavə gəlirlərinin olmadığının, rəsmi qazancının isə aşağı olduğuna istinad edərək təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və hər uşaq üçün 175 manat, əlavə xərcin isə 50 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, baxılan mübahisə üzrə iddiaçı məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olması barədə zəruri sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmamış uşaqların mənafeyi, onların böyüdükcə artan tələbatı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtləri və cavabdehin iki azyaşlı uşağın daim artan tələbatını təkbaşına ödəyə bilməməsini nəzərə alaraq alimentin azaldılmasına əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini, eləcə də Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının adı çəkilən qərarlarında şərh olunan göstəriş və tövsiyələri nəzərə almışdır. Mübahisələndirilən hissədə (500-175=325) iddianın qiyməti hər uşağa görə bir illik alimentin miqdarı ilə müəyyən olunmaqla 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4493/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4493/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver