Məhkəmə qərarları › İş №2(103)-4493/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4493/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4493/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X21 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(004)-1872/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-125/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin oğlu X11 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X9 analarının yanında qalması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 011484 saylı Azərbaycan Respublikası “Övladlığa götürmə haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 Şahzadə Şahbala oğlu tərəfindən övladlığa götürülmüşdür. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə Hacıqabul rayon qeydiyyat şöbəsində 06 nömrə ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 249982 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X8 atası Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 630 nömrə ilə qeyd edilmişdir. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-ci il tarixli MŞB/13/2023-00138 nömrəli arayışa əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə X11 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra iddiaçı “Cümşüdli” soyadını qəbul etmişdir. Sözügedən nikah Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X18 doğulmuşdur. X12 babası, hazırkı iş üzrə Cavabdeh tərəfindən övladlığa götürülmuş və uşağın doğum haqqında akt qeydində ata kimi yazılmışdır. Övladlığa götürülmə Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 06 saylı övladlığa götürmə haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin sənədə əsasən hazırkı iş üzrə Cavabdeh X6 Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli 630 saylı doğum haqqında akt qeydində uşağın atası kimi qeydə alınmış, eyni zamanda uşağın doğumu haqqında akt qeydi və şəxsiyyəti təsdiq edən sənəddə uşağın ata adı cavabdehin adı kimi “Şahzadə” qeyd olunmuşdur. İddiaçının cavabdehin oğlu ilə Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-125/2023 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X2 Çinarə Məzahir qızının himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin xx.xx.2016- cı il təvəllüdlü X12 babası tərəfindən övladlığa götürüldüyündən və o, uşağın ehtiyaclarını qarşılamadığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(004)- 1872/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsində olduğundan iddiaçının uşağın saxlanılması üçün aliment tələbi əsaslı hesab edilməlidir. Məhkəmə tərəflərin azyaşlı uşağın mənafelərini, iddia tələbinin həcmini, uşağın əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunun 13, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 76,78, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlinməmişdir. Araşdırma düzgün aparılsa məhkəmə tərəfindən işin hallarına uyğun olaraq maddi hüquq normaları tətbiq edilər və tətbiq edilən normalar iddianın rədd edilməsinə gətirib çıxarardı. Belə ki, vəkili tərəfindən iddiaçının “övladlığa” verilmə halından istifadə etməsi halını nəzərə almağı və bunun üçün qısa müddət verilməsi xahiş edilmişdir. Lakin hakim tərəfindən bu hal nəzərə alınmamışdır. Bu hal nəzərə alınsa idi iddiaçının əsil siması üzə çıxar və 60 yaşlı və xəstə babadan aliment istəməklə öz şəxsi və çirkin niyyətini həyata keçirmək istədiyi ortaya çıxarardı. Bundan başqa iddiaçı X5 niyyəti aşkar şəkildə məlum olmaqla ondan və onun ölümündən sonra aldığı təqaüd, pensiya və s. kimi gəlirlərdən bəhrələnməkdir. Lakin işin natamam, birtərəfli, yəni iddiaçının mövqeindən araşdırılması qərəzli nəticələrə gətirib çıxarmışdır ki, bunun da nəticəsində tətbiqedilməli maddı hüquq norması deyil iddianın tam təmin edilməsi yönündə tətbiq edilmişdir. Hakim tərəfindən onun aliment ödəmək kimi qabiliyyətinin olması, buna hansı halda öhdəliyinin yaranması, onun yaşlı olmağı, işsiz olması, xəstə olması kimi hallar araşdırlmadığı üçün sübut belə edilməmişdir. Məhkəmə tərəfindən onun uşağın formal olaraq atası və bu şəkildə uşağın atası hesab edilməsi qanunvericiliyin də tələblərinə zidd olmaqla ləğv edilməlidir. Valideyin olaraq ona həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirə bilmir. Hansı halda aliment öhdəliyindən yayınması tələbi cavab vermədiyi aşkar ortada olsa da nəticədə aliment öhdəliyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Sübut olaraq məhkəmə iclaslarında sübutlar təqdim etmək imkanlarından məhrum olunmuşlar. Digər tərəfdən övladlığın ləğvi ilə bağlı tələb irəli sürüləcəyi göstərilsə də vəkil tərəfindən verilmiş sorğular əldə edilmədiyindən bu sübutları da təqdim edə bilməmişlər. Bundan başqa mediasiya təklifi və müraciəti edilmişdir ki, həmin nəticələr əldə edilmədiyindən tərəflərindən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin müəyyən olunmuş hallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-125/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin oğlu X11 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X9 analarının yanında qalması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 011484 saylı Azərbaycan Respublikası “Övladlığa götürmə haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 Şahzadə Şahbala oğlu tərəfindən övladlığa götürülmüşdür. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə Hacıqabul rayon qeydiyyat şöbəsində 06 nömrə ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 249982 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X8 atası Cavabdeh qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 630 nömrə ilə qeyd edilmişdir. İddiaçı və cavabdehin oğlu X11 arasında nikah 2(004)-125/2023 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X9 İddiaçı himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli xx.xx.2016-cü il təvəllüdlü X13 babası tərəfindən övladlığa götürüldüyündən və o, uşağın ehtiyaclarını qarşılamadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərmişdir. Cavabdeh iddiaya birinci instansiya məhkəməsində iştirak etməyərək iddiaya mövqeyini bildirməsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı “övladlığa” verilmə halından istifadə etmiş, 60 yaşlı və xəstə babadan aliment istəməklə öz şəxsi və çirkin niyyətini həyata keçirmək istəyi vardır, belə ki, iddiaçının məqsədi babanın ölümündən sonra aldığı təqaüd, pensiya və s. kimi gəlirlərdən bəhrələnməkdir. Məhkəmə tərəfindən onun aliment ödəmək kimi qabiliyyətinin olması, buna hansı halda öhdəliyinin yaranması, onun yaşlı olmağı, işsiz olması, xəstə olması kimi hallar araşdırlmamışdır. İddia babanın uşağın formal olaraq atası və bu şəkildə uşağın atası hesab edilməsi qanunvericiliyin də tələblərinə zidd olmaqla ləğv edilməlidir. Belə ki, valideyin olaraq ona həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirə bilmir. Hansı halda aliment öhdəliyindən yayınması tələbi cavab vermədiyi aşkar ortada olsa da nəticədə aliment öhdəliyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh azyaşlıya münasibətdə bioloji olaraq baba olsa da, rəsmi olaraq statusu uşağın atasıdır və belə olan halda onun azyaşlıya münasibətdə ata vəzifələri vardır ki, birinci instansiya məhkəməsi də yuxarıda qeyd edilən qanunvericilik tələblərini gözləməklə iddianı təmin edərkən, istər azyaşlı uşağın hüquq və mənafeyini, istərsə də valideyn kimi cavabdehi hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası cavabdehin “valideyin olaraq ona həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirə bilməməsi” barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, uşağının təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Tərəflərin faktiki nikahından olan uşaq anası ilə qaldığından, iddiaçı ana kimi öz borclarını yerinə yetirərək uşağın qeydinə qalır və onu saxlayır. Belə olan halda isə cavabdeh ata kimi öz borcunu yerinə yetirərək, uşağın saxlanılmasında iştirak etməlidir. Həmçinin uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır, alimentin tutulması da məhz uşağın mənafeyi üçün atılan addımdır və bu zaman uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment tutularkən tərəflərin azyaşlı uşağın mənafelərini, iddia tələbinin həcmini, uşağın əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməli olmasına dair nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin mənafelərini, eləcə də uşağın əvvəlki təminat səviyyəsini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası işə apellyasiya icraatı qaydasında baxılarkən “övladlığa götürmənin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsi” barədə irəli sürdüyü dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X8 atası kimi Cavabdeh qeyd edilmiş, xx.xx.2019-cu il tarixli 249982 saylı “Doğum haqqında şəhadətnamə” hazırda qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(004)- 1872/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar