Məhkəmə qərarları › İş №2(103)-4493/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4493/2025

14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4493/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2050/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-210/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Bakı Nikah Evində xx.xx.2010-cu il tarixdə bağlanmış və 1573 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi və İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı Cavabdeh qzına ödənilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin təyin olunmuş məşğulluqla bağlı, şəxsin ünvanlı dövlət sosial yardım ödənişi barədə, şəxsin təyin olunmuş əlilliklə bağlı, şəxsin özünəməşğulluq proqramı çərçivəsində aktivləri əldə etməsi barədə, şəxsin sosial müvainət və təqaüd alması barədə, şəxsin pensiyaçı olması barədə, şəxsin ünvanlı dövlət sosial yardım alması barədə məlumatları mövcud deyildir.

3. Cavabdeh “Azərbaycan Dillər Universiteti” publik hüquqi şəxsində “müəllim” vəzifəsində işləyir və 405 manat məbləğində əmək haqqı alır.

4. İddiaçı “X7 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “mühəndis, texniki nəzarət üzrə” vəzifəsində işləyir və 10.566,0 manat məbləğində əmək haqqı alır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi səbəbindən alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 2(001)-210/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi tərəfindən qətnamə çıxarılmışdır və cavabdeh qismində ondan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. O, bu günki günə qədər bütün aliment öhdəliklərini icra etmiş, heç bir borcu yoxdur, icra işi bağlanmışdır. Hal-hazırda bir evdə yaşayırlar (uşaqlar və anaları ilə bir yerdə) və onların bütün maddi ehtiyaclarını təmin edir. Lakin boşanma prosesi çox travmalı və psixoloji sarsıntı yaratdığı üçün səhhətində problemlər yaranmışdır. Müalicə alması üçün öz hesabına ödənişsiz məzuniyyət götürməsi üçün iş yerinə müraciət etmişdir. Lakın işəgötürən bu müraciətini qəbul etməmişdir. Ona görə də məcbur olub iş yerindən ayrılmış, müalicə almağa başlamışdır. Onun hal-hazırda heç bir iş yeri yoxdur, heç bir əmək fəaliyyəti yoxdur, heç bir təqaüd və ya müavinət almır. Keçmiş həyat yoldaşı isə ADU universitetində yarım-ştat müəllim kimi işləyir və hal-hazırda 375 manat aylıq maaş alır. O, hal-hazırkı işsizlik vəziyyətinə uyğun olaraq, aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş minimum sabit pul şəklində təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. 2(001)-210/2024 saylı məhkəmə işindən əvvəl mediasiya qaydasında alimentin ödənilməsi forması və məbləği barədə Cavabdeh ilə razılığa gələ bilməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2050/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışlara istinad edərək, mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin təyin olunmuş məşğulluqla bağlı, şəxsin ünvanlı dövlət sosial yardım ödənişi barədə, şəxsin təyin olunmuş əlilliklə bağlı, şəxsin özünəməşğulluq proqramı çərçivəsində aktivləri əldə etməsi barədə, şəxsin sosial müvainət və təqaüd alması barədə, şəxsin pensiyaçı olması barədə, şəxsin ünvanlı dövlət sosial yardım alması barədə məlumatlarının mövcud olmamasına əsaslanaraq, alimentin ləğv edilməsini məhkəmədən xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X7 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texniki nəzarət üzrə mühəndis” vəzifəsində işləyir və 10.566,0 manat məbləğində əmək haqqı alır.

9. Məhkəmə hesab etmişdir ki, alimentin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, alimentin ödənilməsi iddiaçının vəzifəsi olduğundan və iddiaçı alimentin ödənilməsi üçün kifayət qədər qazanca malik olduğundan, cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi alimentin ləğv edilməsi üçün əsas kimi ailə qanunvericiliyində nəzərdə tutulmadığından iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1 və 113.2-ci maddələrinə; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 18 və 27-ci maddələrinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(001)-2050/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bugünki günə qədər bütün aliment öhdəlikərini icra etmişdir, heç bir borcu yoxdur, icra işi bağlanmışdır. Hal-hazırda bir evdə yaşayırlar (uşaqlar və anaları ilə bir yerdə) və onların bütün maddi ehtiyaclarını təmin edir. Lakin bildirmişdir ki, boşanma prosesi çox travmalı və psixoloji sarsıntı yaratdığı üçün səhhətində problemlər yaranmışdır. Müalicə almağı üçün öz hesabına ödənişsiz məzuniyyət götürməyi üçün iş yerinə müraciət etmişdir. Lakın işəgötürən bu müraciətini qəbul etməmişdir. Ona görə də məcbur olub iş yerindən ayrılıb müalicə almağa başlamışdır. Müvafiq tibbi arayış əlavə edilib. Bildirmişdir ki, hal-hazırda heç bir iş yeri yoxdur, heç bir əmək fəaliyyəti yoxdur, heç bir təqaüd və ya müavinət almır. Keçmiş həyat yoldaşı isə ADU universitetində yarım-ştat müəllim kimi işləyir və hal-hazırda 375 manat aylıq maaş alır. Onun hal-hazırki işsizlik vəziyyətinə uyğun olaraq, və Cavabdeh qıznın ciddi psixi problemlərinin olduğunu və ailədə nalayiq hərəkətlər etdiyini nəzərə alaraq aliment ləğv edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsı vermişdir. Lakin məhkəmə e-2(001)-2050/2025 saylı iş üzrə iddianı təmin etməmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və mülki prosessual qanunvericiliyə zidd olduğu üçün ləğv edilməli və iddiası təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, işdə olan hər hansı bir fakta əsaslanmadan məhkəmənin gəldiyi qənaət qanunazidd və əsassızdır. Çünki, o, tutarlı sübutlar (həkim müayinəsi, resept, qəbz, cavabdehin məhkəmə qaydasında özünün etirafı) təqdim edərək bildirmişdir ki, cavabdehin psixi səhhətində ciddi problemlər olduğundan və ailədə nəlayıq hərəkətlər etdiyindən və cavabdehin kifayət qədər gəliri olduğundan aliment ləğv edilməlidir. O, rəsmi hökümət portalından cari arayış təqdim edərək məhkəməyə sübut etmişdir ki, onun heç bir gəliri yoxdur amma könüllü şəkildə uşaqların himayəsinə və qayğısına qalmağa hazırdır. Cavabdeh isə işləyir və 375 manat məbləğində maaş alır. Məhkəmə bu sadalanan faktların heç birisni nəzərə almamış, sübutları kifayət qədər tədqiq etməmiş və araşdırmamışdır. Bunun əsasında da ədalətsiz qərar vermişdir. İddiaçı heç bir gəlirinin olmaması barəsində rəsmi arayışlar təqdim etmişdir. Lakin, məhkəmə heç bir sübut olmadan qeyd etmişdir ki, o, işləyir və 10.566 manat məbləğində maaş alır. Məhkəmə işində olan materiallar arasında belə bir sübut yoxdur. Bu barədə heç bir vəsatət qaldırılmamış və ya sorğu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən yalnız cari işdə təqdim edilən sübutlar nəzərə alınmalıdır, lakin məhkəmə prosessual qanunvericiliyin bu tələbini pozaraq yanlış məlumatları qətnamədə qeyd edərək və bu yanlış məlumatlara istinad edərək ədalətsiz şəkildə iddianı rədd etmişdir. Binəqədi məhkəməsi prosessual qanunvericiliyə zidd olaraq 1 ildən artıq müddətdən əvvəlki tarixdə olan keçmiş məhkəmə məlumatlarına heç bir əsas olmadan özbaşına girib baxmış və orada keçmişdə olan qüvvədən düşmüş köhnə məlumatlara istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın rədd edilməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

20. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

22. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.

25. 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.

26. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcununşəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

27. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında gğstərilmişdir ki, Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

30. 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər

33. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 4 iyul 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-210/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra hər iki uşaq anası Cavabdeh himayəsinə verilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir.

36. Hazırda iddiaçı cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi səbəbindən alimentin ləğv edilməsini xahiş edir. O həmçinin, hal-hazırda bir evdə yaşadıqlarını və uşaqların bütün maddi ehtiyaclarını təmin etdiyini, digər tərəfdən isə səhhətində yaranmış problemlər ilə əlaqədar işdən çıxdığını, hazırda heç yerdə işləmədiyini, heç bir təqaüd və ya müavinət almadığını, cavabdehin isə “ADU” PHŞ-də yarım-ştat müəllim kimi işlədiyini və 375 manat aylıq maaş aldığını qeyd edir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

39. Beləliklə bu kateqoriyadan olan işlərə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

40. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə - aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını və ya aliment ödəməkdən azad edilməsini; əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

41. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsin alimenti ödəmək vəzifəsindən azad edə bilər.

42. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-210/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə uşaqları Cavabdeh himayəsinə verilmişdir. 2(001)- 210/2024 saylı saylı mülki işə baxmış məhkəmə “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə etdiyi məlumatlara əsaslanaraq İddiaçı “X7 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “mühəndis, texniki nəzarət üzrə” vəzifəsində işlədiyini və 10.566,0 manat məbləğində əmək haqqı aldığını nəzərə almış, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulmalı olmasını əsaslı hesab etmişdir.

43. Hazırkı işə baxan birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən təqdim olunmuş arayışlara baxmayaraq “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən onun hazırda da “X7 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “mühəndis, texniki nəzarət üzrə” vəzifəsində işlədiyini və 10.566,0 manat məbləğində əmək haqqı aldığını müəyyən etmişdir.

44. Məhkəmə kollegiyası, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində dəyişikliklərin baş vermədiyini nəzərə alan, bu səbəbdən iddianın əsassız olması barədə nəticəyə gələn birinci instansiya məhkəməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

45. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı hazırda da “X7 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “mühəndis, texniki nəzarət üzrə” vəzifəsində işlədiyi və 10.566,0 manat məbləğində əmək haqqı aldığı müəyyən edilir.

46. İddiaçının hazırda işsiz qalması məlumatları öz təsdiqini tapdığı təqdirdə belə nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yəni iddiaçının heç yerdə işləməmsi, məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması və s. alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmir.

47. Bundan başqa qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Lakin alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür.

48. Hazırki halda da iş materiallarından göründüyü kimi, cavabdeh tərəf, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxs olaraq alimentin sabit məbləğdə tutulmasını nəinki məhkəmədən xahiş etməmiş, hətta verdiyi iddia ərizəsində alimenti qarşı tərəfdən onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmasında israr etmişdir. Uşağın hüquq və mənafelərini ən yaxşı qoruyanın da yanında uşaq olan valideyn olması prezumpsiyası vardır. Belə ki, uşağının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından daha maraqlıdır.

49. Belə olan halda cavabdeh iddiaçının işləməməsini nəzərə alaraq alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulmasının məqsədə müvafiq olmasını, yəni alimentin qeyd olunan formada ödənilməsinin himayəsində qalan yetkinlik yaşına çatmayan uşaqlarının mənafelərinə uyğun olmasını müəyyən edərsə, alimentin tutulması qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.

50. Beləliklə də apellyasiya instansiyası məhkəməsi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra yuxarıda qeyd olunan halların baş verməsinin, iddiaçının cavabdeh və uşaqları bir evdə yaşamalarının müəyyən edilmədiyini, alimentin sabit pul məbləğində tutulmasının uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinin olması ilə şərtləndirildiyini, hazırda isə iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün maddi təminatı ödəmək vəzifəsindən tam azad olunması üçün hər hansı əsas olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2050/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar