Məhkəmə qərarları › İş №2(103)-4495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4495/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4495/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətə həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.2-ci maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. MPM-in 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. MPM-in 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, mövcud qanunvericilik buraxılmış müddətin bərpası haqqındakı ərizəyə məhkəmə iclasında baxılmasını və müvafiq qiymət verilməsini (müddətin bərpa edilməsi və ya bərpasından imtina edilməsi) müəyyən etmişdir. Belə olan halda, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş buraxılmış prosessual müddətin bərpası haqqında ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş buraxılmış prosessual müddətin bərpası haqqında ərizəyə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar