Məhkəmə qərarları › İş №2(103)-4496/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4496/2020

20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4496/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə vurduğu mənəvi ziyana görə 50000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 20.000 manat mənəvi zərərə görə alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində mənəvi zərərin ödənilməsini tələb etsə də, hər lansı bir mənəvi sarsıntı keçirməsi, şüurunda müəyyən mənfi psixi reaksiya səbəb olması və iztirab keçirməklə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət tirilməsi və s. barədə məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir. İddiaçının iddia ərizəsində mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etməsi, yalnız və yalnız əlavə qazanc əldə etmək məqsədi daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarına istinad edilmişdir. Həmin hökmdən və qərardan da aydın olur ki, cavabdeh İddiaçı ilə xx xxxx 2015-ci il tarixdə kəbin kəsdirərək faktiki ər-arvad münasibətində olmuşdur. Bundan sonra onlar bir neçə ay birgə yaşamış və sonda iddiaçının ailə üzvlərinin ucbatından onların ailələrində sözsöhbətlər yaranmış və yekunda yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Faktiki ər-arvad kimi yaşadıqları dövrdə iddiaçının nöqsanları ucbatından aralarında narazılıqlar olmuş, bu barədə bütün olanlar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündə qeyd edilmişdir. Yəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad etsə də, bu mövqeyini əsaslandırmamışdır. Ona görə də aşağıda qeyd edilənləri də məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlə iddiaçı arasında faktiki ər-arvad münasibəti olmuş, onlar uzun müddət bir yerdə yaşamışdırlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 75/2108 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qəbul edilən zaman isə, bu hallar araşdırılmamış, iddiaçı ilə cavabdehin arasında olan ailə münasibətlərinə hüquqi qiymət verilmədən, cavabdehin törətdiyi əmələ görə onsuzda cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə almadan, əsassız olaraq və tənasübsüz surətdə yüksək miqdarda məvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları-nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmün surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı zor tətbiq etməklə onun iradəsi əleyhinə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər edərək onunla cinsi əlaqədə olub, birgə yaşadıqları müddət ərzində isə onun aşkar surətdə hamilə vəziyyətində olduğunu bilə-bilə onu döyərək və sair zorakı hərəkətlərlə işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirablar verib külli miqdarda əmlak əldə etmək məqsədilə ona zor tətbiq etməklə, eləcə də onun anası X1 və atası X4 zor tətbiq etməklə hədələməklə, sonuncunun əmlakının satışından əldə olunacaq pulu tələb etdiyinə görə Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.6, 149.1, 150.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 133.2.2, 133.2.6-cı maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 10 il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya hesab edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin cinayət əməli törətməsi nəticəsində iddiaçıya məvəzi ziyan vurulmuşdur. Qeyd olunan hal Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar xx xxx 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X6 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hərəkətlərinin mövcud olması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir buna görədə, kollegiya hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən mənəvi ziyan vurulmuşdur. Kollegiya cavabdeh məhkum olmasını və işin digər diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 7.000 manat məbləğində pul vəsaitinin tutulması ədalətlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh dəyişdirilməli, Cavabdeh 7.000 manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-75/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilsin. Cavabdeh 7000 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar