Məhkəmə qərarları › İş №2(103)-4497/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4497/2022

04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4497/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mirzəyeva İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: cehiz əmlakı, əmlakın qiymətləndirilməsi, əmlaka vurulmuş ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Mirzəyeva İddiaçı nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə Mirzəyeva İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Mirzəyeva İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra İddiaçı Mirzəyeva Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə gəlin köçmüş, onun cehiz əmlakları həmin mənzilə gətirilmiş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə Mirzəyeva İddiaçı ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Mirzəyeva İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin üzərinə cehiz əşyalarının ona qaytarılması vəzifəsi qoyulması və cehiz əşyalarının Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3142-məhəllədə yerləşən 19a saylı evin 65 saylı mənzilindən çıxarılmasının təmin olunması, habelə cavabdehdən ona vurduğu ziyanın əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Mirzəyeva iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə evlənməsinə iki həftə qalmış öz cehizini cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə gətirib yerləşdirmiş, mənzildə onun cehiz əşyalarından başqa heç bir mebel və ya avadanlıq olmamış, xx.xx.2012-ci il tarixdə nikah bağlandıqdan sonra həmin mənzilə köçmüşdür. Mənzilə mətbəx mebeli (1 ədəd - 5500 manat), mətbəx künc mebeli (masa, divan, taburet - 1900 manat), yataq mebeli (12 000 manat), dəhliz mebeli (1000 manat), çıl-çıraq (4 ədəd (850+550+600 manat), xalça (2 ədəd - (550+250)-800 manat), paltaryuyan “LG” markalı (1 ədəd - 780 manat), soyuducu (“LG” markalı - 1 ədəd - 1200 manat), televizor (“LG” markalı - 1 ədəd - 1500 manat), televizor (“Samsunq” markalı - 1 ədəd- 760 manat), qaz sobası (1 ədəd - 314 manat), qaz sobası filtri (1 ədəd - 289 manat), soba (1 ədəd - 468 manat), qabyuyan (“LG” markalı - 1 ədəd - 480 manat), mətbəx rakovini (1 ədəd - 300 manat), mətbəx üçün su kranı (İspanya istehsalı - 1 ədəd - 350 manat), qonaq otağı mebeli (13 000 manat), jalüz (1 ədəd - 190 manat), pərdə (2 ədəd (450+460)-910 manat), yemək servisi (12 person- 2 ədəd - 3600 manat), xrustal qab-qacaq (3000 manat), qab-qaşıq (qazan, stəkan, bıçaq, çəngəl, qaşıq - 3000 manat), 2 növ qazan (hər birindən 8 ədəd – 300 və 250 manat), soyuducu və mikrodalğalı soba üçün 5 ədəd xüsusi qablar (100 manat), 6 ədəd bıçaqlar (60 manat), 2 ədəd çaydan (1 ədəd balaca və 1 ədəd böyük – 60 və 20 manat), 1 ədəd mətbəx və yemək servisi (250 manat), bıçaq, çəngəl, qaşıq (12 nəfərlik, 48 ədəd – 160 manat), 1 ədəd çörəkqabı (15 manat), 1 ədəd yağqabı (10 manat), 1 ədəd süzgəc (5 manat), 6 ədəd plastmas qab (15 manat), 3 ədəd ələk (böyük, orta və balaca – 10 manat), 4 ədəd ləyən (10 manat), 1 ədəd zibilqabı (20 manat), 1 ədəd sabunqabı (10 manat), 12 ədəd su stəkanları (20 manat), 6 ədəd salatqabı (60 manat), 3 ədəd konfetqabı (55 manat), 4 ədəd mürəbbəqabı (80 manat), 12 ədəd balaca mürəbbəqabı (50 manat), 2 ədəd meyvəqabı (30 manat), 12 ədəd çay stəkanları (60 manat), 4 ədəd sini (100 manat), 2 ədəd doğrama taxtası (15 manat), 2 ədəd salfetqabı (20 manat), 2 ədəd qonaq dəsti (hər birində 96 ədəd qab – 2500 manat), bıçaq, qaşıq, çəngəl (hər birinən 12 ədəd), 12 ədəd rumka, 12 ədəd su stəkanı, 12 ədəd salatqabı, 4 ədəd duzqabı (qümüşdən), 2 ədəd salfetqabı, 6 ədəd çay üçün stəkan, 6 ədəd nəlbəki, 12 ədəd mürəbbaqabı (balaca), 4 ədəd mürəbbəqabı (böyük), 6 ədəd konfetqabı, 4 ədəd meyvəqabı, 2 ədəd pirojnaqabı, 6 ədəd limonqabı, 2 ədəd çənqəl (limon üçün, qümüşdən), 2 ədəd çərəz uçun qab, 3 ədəd sini, 12 ədəd bokal, 2 ədəd narşarabqabı, 4 ədəd balış, 4 ədəd yorğan, 1 ədəd döşək, 6 ədəd ədyal, 12 ədəd yataq dəsti, 4 ədəd süfrə, 12 ədəd dəsmal - 2 korobka (hər birində 6 ədəd) mətbəx dəsmalı, 4 ədəd əl üçün dəsmal, 2 ədəd mətbəx üçün süfrə, 2 ədəd pərdə, 2 ədəd jalüz (mətbəx otağı), 4 ədəd xalça (yataq, qonaq və dəhliz otağı) gətirmişdir. Cehiz əşyalarının ümumi dəyəri 58 516 manat təşkil edir. İndiyədək sözügedən ünvanda qeydiyyatdadır, lakin mənzilə yaşayış hüququ məhkəmə qərarı ilə tanınmasına və cehiz əşyalarının orada qalmasına baxmayaraq, cavabdeh onun həmin ünvanda yaşamasına imkan vermir və əşyalarını mənimsəmək məqsədini güdərək müxtəlif bəhanələrlə cehizi qaytarmaqdan imtina edir. 07 may 2021-ci il tarixdə məhkəmə icraçısı tərəflərin iştirakı ilə cehiz əmlakının siyahısını tərtib edərkən müəyyən edilmişdir ki, cavabdeh cehiz əmlakının bir hissəsini mənzildən naməlum yerə aparmış, cehiz əmlakının digər hissəsi isə zədələnmiş, yaxud yararsız vəziyyətə salınmışdır.

5. Birinci instansiya məhkəməsindəki icraat zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, cehiz əşyalarının sayını bilmir, amma həmin əşyalar evdə olmalıdır. 7 il müddətində nikahda olmuşlar, o da əlavə əşyalar almışdır, amma onları mübahisələndirmir. Mübahisələndirdiyi yalnız qonaq və dəhliz mebelidir - iddiaçının gətirdiyi qonaq mebelinin pulunu iddiaçının atasına o vermiş və aldığı mebel yararsız vəziyyətə düşdüyündən onu ataraq yeni qonaq mebeli almışdır. Dəhliz şkafını atası evi təmir etirəndə, yəni nikahdan əvvəl almışdır və həmin mebel iddiaçının cehiz əşyası deyildir. Xalçalardan birini isə iddiaçı özü xarab olduğundan atmışdır.

6. Birinci instansiya məhkəməsindəki icraat dövründə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehə məxsus mənzildə 1 ədəd mətbəx mebeli, masa, divan, taburet, yataq mebeli, 1 ədəd dəhliz mebeli, 3 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 2 ədəd televizor, 1 ədəd plitə, 1 ədəd qaz sobası filtri, 1 ədəd soba, 1 ədəd qabyuyan, 1 ədəd mətbəx çanağı, 1 ədəd mətbəx üçün su kranı, jaluz, 2 ədəd pərdə, sayını müəyyən etmək mümkün olmayan yemək servisi, qabqacaqlar, qazan, qaşıq, çəngəl, bıçaq, stəkan aşkar edilmiş, qonaq otağı mebeli aşkar edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində göstərmişdir ki, iddiaçının dayısıdır. Qonaq və yataq otağı mebelləri Türkiyə Respublikasından Azərbaycana gətiriləndə o, mebelləri Dərnəgüldən karqodan götürmüş və ünvan 1 ünvanına gətirmişdir. Mebellərin quraşdırılmasında işitak etməmişdir. Onlar mebelləri gətirəndə ev təmirdən təzə çıxmışdı. İddiaçı atası İlqarın mebelləri 20 000 ABŞ dollarına aldığını eşitmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3142-ci məhəllədə yerləşən 19a saylı evin 65 saylı mənzilində olan Mirzəyeva İddiaçı məxsus cehiz əşyalarının - 2 növ qazanın (hər birindən 8 ədəd), soyuducu və mikrodalğalı soba üçün 5 ədəd xüsusi qabların, 6 ədəd bıçaqların, 2 ədəd çaydanın (1 ədəd balaca və 1 ədəd böyük, 1 ədəd mətbəx və yemək servisi, bıçaq, çəngəl, qaşıq 12 nəfərlik, 1 ədəd çörəkqabı, 1 ədəd yağqabı, 1 ədəd süzgəc, 6 ədəd plastmas qab, 3 ədəd ələk (böyük, orta və balaca), 4 ədəd ləyənin, 1 ədəd zibilqabının, 1 ədəd sabunqabının, 12 ədəd su stəkanlarının, 6 ədəd salatqabının, 3 ədəd konfetqabının, 4 ədəd mürəbbəqabının, 12 ədəd balaca mürəbbəqabının, 2 ədəd meyvəqabının, 12 ədəd çay stəkanlarının, 4 ədəd sininin, 2 ədəd doğrama taxtasının, 2 ədəd salfetqabının, 1 ədəd paltaryuyanın, 1 ədəd soyuducunun, 2 ədəd televizorun, 1 ədəd plitənin, 1 ədəd aspiratorun, 1 ədəd sobanın, 1 ədəd qabyuyanın, 1 ədəd yataq mebelinin, 1 ədəd mətbəx mebelinin, 1 ədəd dəhliz üçün şkafın, 4 ədəd çılçırağın, 2 ədəd qonaq dəstinin (hər birində 96 ədəd qab), bıçağın, qaşığın, çəngəlin (hər birindən 12 ədəd), 12 ədəd rumkanın, 12 ədəd su stəkanının, 12 ədəd salatqabının, 4 ədəd duzqabının (gümüşdən), 2 ədəd salfetqabının, 6 ədəd çay üçün stəkanın, 6 ədəd nəlbəkinin, 12 ədəd mürəbbaqabının (balaca), 4 ədəd mürəbbəqabının (böyük), 6 ədəd konfetqabının, 4 ədəd meyvəqabının, 2 ədəd pirojnaqabının, 6 ədəd limonqabının, 2 ədəd çənqəlin (limon üçün, qümüşdən), 2 ədəd çərəz uçun qabın, 3 ədəd sininin, 12 ədəd bokalın, 2 ədəd narşarabqabının, 4 ədəd balışın, 4 ədəd yorğanın, 1 ədəd döşəyin, 6 ədəd ədyalın, 12 ədəd yataq dəstinin, 4 ədəd süfrənin, 12 ədəd dəsmalın - 2 korobka (hər birində 6 ədəd) mətbəx dəsmalının, 4 ədəd əl üçün dəsmalın, 2 ədəd mətbəx üçün süfrənin, 2 ədəd pərdənin, 2 ədəd jalüzün (mətbəx otağı), 3 ədəd xalçanın (yataq, qonaq və dəhliz otağı) və 1 ədəd qonaq mebelinin Cavabdeh alınaraq Mirzəyeva İddiaçı geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktla mövcudluğu müəyyən edilən əşyalar cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Bundan başqa, cavabdeh 1 ədəd qonaq mebeli dəstinin pulunun tərəfindən iddiaçının atasına verilməsini, yəni qonaq mebelinin onun tərəfindən alınmasını, eləcə də dəhlizdə olan bir ədəd paltar şkafının nikahdan əvvəl atası tərəfindən alındığını və cehiz əmlakı olmadığını qeyd etsə də, bu halları sübuta yetirə bilməmişdir. İddia tələbi cehiz əşyalarının dəyəri hissəsində və vurulmuş ziyanın ödənilməsi hissəsində yetərincə əsaslandırılmadığından rədd edilməlidir.

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, iddia ərizəsində göstərdiyi bir dəst qonaq mebelinin dəyəri olan 7000 manatın, bir dəst dəhliz mebelinin dəyəri olan 1000 manatın, dövlət rüsumunun əvəzi qismində 72,40 manatın, yəni cəmi 8072,40 manatın Cavabdeh alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, cavabdehin bir dəst qonaq mebelinin və bir dəst dəhliz mebelinin mövcud olmaması barədə dediklərinin nəzərə alınmadığı, mebellər olmadığı halda onların dəyərinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi tələbinin əsassız olaraq təmin edilmədiyi irəli sürülmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Mirzəyeva İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs qətnamənin yalnız bir dəst qonaq, bir dəst dəhliz mebelinə qiymət qoyulmaması ilə bağlı hissəsindən narazıdır və qətnaməni digər hissələrdə mübahisələndirmirlər.

13. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 şikayətin əsassız olduğunu, qonaq mebelinin iddiaçı tərəfindən cehiz olaraq gətirilmədiyini, dəhliz şkafının isə evdə olduğunu, məhkəmənin iddiaçıya qaytarılmasına qərar verdiyi əşyalarla bağlı artıq qətnamənin icra edildiyini bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının həddi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddiaçının qaytarılmasını tələb etdiyi bir dəst qonaq, bir dəst dəhliz mebelinə qiymət qoyulmaması hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnaməni sözügedən hissədə mübahisələndirmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində (mübahisələndirilən hissə üzrə) ləğv edilməklə həmin hissədə də iddia tələbi qismən təmin olunmalıdır.

28. İddiaçının iddiasına görə qiyməti 7000 manat (iddia ərizəsinə dəqiqləşdirmədə bu rəqəm 13 000 manat göstərilsə də, apellyasiya şikayətində 7000 manat qeyd olunmuşdur) olan bir dəst qonaq mebelini və qiyməti 1000 manat olan bir dəst dəhliz mebelini cehiz kimi ər evinə aparmış, münasibətləri pozulduqdan sonra bu əmlaklar ona qaytarılmamışdır.

29. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

30. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür: iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə (miqdarda) və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir; cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir.

31. Cavabdeh 1 ədəd qonaq mebeli dəstinin pulunun özü tərəfindən iddiaçının atasına verildiyini, yəni həmin mebelin özü tərəfindən alındığını, dəhliz mebelinin isə nikahdan əvvəl atası tərəfindən alındığını irəli sürsə də, qətnamənin müvafiq hissəsindən şikayət verməməklə faktiki olaraq iddia tələblərini həmin hissədə etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

32. Bununla belə kollegiya qeyd edir ki, həmin əşyalarının qiyməti ilə bağlı iddiaçının bildirdikləri öz təsdiqini tapmamış, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir ki, sözügedən qonaq dəstinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri təxminən 5200 manat, dəhliz mebelinin qiyməti 700 manat təşkil edə bilər. Buna görə də kollegiyanın qənaətinə görə, həmin əşyalar, mövcud olmadıqları halda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.

33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri Cavabdeh alınıb Mirzəyeva İddiaçı ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə xərci Cavabdeh tutularaq müvafiq hesaba köçürülməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Mirzəyeva İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3011/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni bir dəst qonaq, bir dəst dəhliz mebelinin dəyərinin həmin əşyalar mövcud olmadığı təqdirdə cavabdehdən tutulması tələbinin təmin olunmaması hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. Bir ədəd qonaq dəstinin qiyməti 5200 (beş min iki yüz) manat, bir ədəd dəhliz mebelinin qiyməti 700 (yeddi yüz) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərləri Cavabdeh alınaraq Mirzəyeva İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 72 (yetmiş iki) manat Cavabdeh alınıb Mirzəyeva İddiaçı ödənilsin; iş üzrə keçirilmiş qiymətləndirmənin xərci qismində 150 (yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************, Bank: "xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar