Məhkəmə qərarları › İş №2(103)-45/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-45/2023

25.07.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-45/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)-4792/2017 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Maraqlı şəxs2 xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X2, anası Ərizəçidır.

2. Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs2 üçüncü qrup əlilliyi müəyyən olunmuşdur.

3. Elektron məhkəmə informasiya sistemində iddiaçı barəsində olan məlumatlar qrafasından müəyyən olunur ki, Maraqlı şəxs2 ********** nömrəli VÖEN-nə əsasən aktiv vergi ödəyicisidir.

4. Elektron məhkəmə informasiya sistemində iddiaçı barəsində olan məlumatlar qrafasından müəyyən olunur ki, Maraqlı şəxs2 mənzillərin, daşınmaz əmlakın, torpaq sahəsinin alqı-satqısı, bağışlanması, etibarnamələrin təsdiq edilməsi, icra qeydlərinin aparılması, kredit müqavilələri, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi kimi 78 notariat hərəkəti qeydə alınmışdır. Bu notariat hərəkətlərin əksəriyyəti son dövrlərdə aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1980-ci il tarixdə doğulmuş Maraqlı şəxs2 fəaliyyət qabilliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizənin əsaslarına görə, Maraqlı şəxs2 uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkir. Onda kəskin ifadə olunan şəxsiyyət dəyişiklikləri, yaddaş pozğunluğu var. Anar tez-tez baş ağrılarından və qıc olma tutmalarından əziyyət çəkir. Bu vəziyyət ilə əlaqədar çox vaxt öz hərəkətlərini müstəqil şəkildə edə bilmir. Onun daimi olaraq kömək və qayğıya ehtiyacı var, sağlamlığı və psixoloji vəziyyəti yaxşı deyildir.

7. Ambulator Məhkəmə Psixiatrik Eksptertizasının 30 may 2017-ci il tarixli 856 nömrəli rəyindən görünür ki, Maraqlı şəxs2 öz psixi vəziyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də Maraqlı şəxs2 tam fəaliyyət qabiliyəti olmayan şəxs kimi hesab edilməlidir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)- 4792/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara qiymət verərək, hesab etmişdir ki, ərizəçinin övladı olan, xx xxxxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2, 317.3, 320.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

12. Şikayətinin dəlillərinə görə, uzun illərdir onlarla qonşu olan Maraqlı şəxs2 fiziki cəhətdən tam sağlam, əqli və psixi qabiliyyəti normal olan bir şəxs kimi tanıyırlar. Maraqlı şəxs2 əsas borclu kimi banka olan kredit borcunu ödəmək üçün hər cür geniş maddi imkanlara malikdir. Hətta 03 noyabr 2020-ci il tarixdə iddiaçı kimi iştirak etdikləri məhkəmə baxışında hakim Günel Abbasova özü portaldan yoxlama vasitəsilə onun vergi ödəyicisi olmasını, ev alqı-satqısı ilə məşğul olmasını və adına kart hesabının olmasını müəyyən etmişdir. Bu hallar ona əsas verir ki, iş üzrə keçirilmiş 30 may 2017-ci il tarixli ekspert rəyi həqiqəti əks etdirmir. Bu rəy, Maraqlı şəxs2 əsas borclu kimi məsuliyyətdən kənarda qoymaq məqsədinə xidmət etmişdir. Halbuki, o, tam fəaliyyət qabiliyyətli olan şəxsdir və əsas borclu kimi kredit borcunu ödəməyə hər cür əqli, psixi, fiziki imkana malikdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə apellyasiya instansiyasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qərardadına əsasən Maraqlı şəxs2 hər hansı psixi, yaxud sair xəstəlikdən əziyyət çəkməsinin, öz hərəkətlərini dərk və idarə etmək iqtidarında olmasının və fəaliyyət qabiliyyətli olmasının müəyyən edilməsi məqsədilə təkrar ambulator məhkəmə - psixatrik ekspertizası təyin edilmişdir.

15. Maraqlı şəxs2 ekspertə təqdim olunmadığından onun məcburi gətirilməsinə dair icra vərəqəsi göndərilmişdir.

16. “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 05 aprel 2022-ci il tarixli məktubuna əsasən Maraqlı şəxs2 ekspertə təqdim olunmadığından qərardad icra olunmadan geri qaytarılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərardadına əsasən iş üzrə stasionar məhkəmə - psixatrik ekspertizası təyin olunmuş, Maraqlı şəxs2 ekspertə təqdim olunması qəyyumu Ərizəçi, Binəqədi rayon İcra şöbəsinə və Binəqədi rayon Polis idarəsinə həvalə edilmişdir.

18. Bakı şəhəri Binəqədi rayon Polis idarəsi 6-cı Polis bölməsinin 21 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Maraqlı şəxs2 mülki – hüquqi öhdəliklərin icrasından yayındığına görə barəsində axtarış işi açılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərardadına əsasən Maraqlı şəxs2 ekspertə təqdim olunması qəyyumu Ərizəçi, Binəqədi rayon İcra şöbəsinə və Binəqədi rayon Polis idarəsinə həvalə edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 11 aprel 2023-cü il tarixli, 1328 nömrəli məlumatı ilə Maraqlı şəxs2 Mərkəzə təqdim olunmadığından, mülki iş üzrə qərardad icrasız geri qaytarılmışdır.

21. Məhkəmə iclasında maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən qətnamə ləğv edilməli, maraqlarına toxunan şəxslərin apellyasiya şikayəti təmin edilməlidir.

27. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsində şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməli olduğu nəzərdə tutulsa da, ərizə həmin normanın tələbi baxımından əsaslandırılmamış, qeyd olunan hallar şərh edilməmişdir.

28. Birinci instansiya məhkəməsi işə baxarkən Maraqlı şəxs2 öz psixi vəziyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına olmaması barədə Ambulator Məhkəmə Psixiatrik Eksptertizasının 30 may 2017-ci il tarixli 856 nömrəli rəyini almışdır.

29. İş üzrə maraqlarına toxunan şəxslərin mübahisələndirdiyinə görə işə baxan apellyasiya instansiyası məhkəməsi ayrı-ayrı vaxtlarda iş üzrə təkrar ambulator məhkəməpsixiatriya ekspertizası və stasionar məhkəmə-psixiatriya ekspertizası təyin etmiş, lakin hər iki ekspertiza tədqiqatı zamanı Maraqlı şəxs2 təqdim edilməməsi səbəbi ilə ekspertiza aparılmasından imtina edilmişdir.

30. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyil və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

32. Hazırkı iş üzrə Maraqlı şəxs2 ekspertizanın keçirilməsində iştirak etməkdən imtinasını işin digər halları ilə birlikdə qiymətləndirən məhkəmə kollegiyası ekspertiza təyin edilən faktın təsdiq olunmaması qənaətinə gəlir.

33. Belə ki, işin digər hallarından – elektron məhkəmə informasiya sistemindəki iddiaçı barəsində olan məlumatlar qrafasından görünür ki, Maraqlı şəxs2 istər fəaliyyət qabiliyyətsiz hesab olunması barədə qətnamə çıxarılmamışdan əvvəl, istərsə də sonrakı dövrlərdə tam fəaliyyət qabiliyyəti şəxs kimi mənzillərin, daşınmaz əmlakın, torpaq sahəsinin alqı-satqısı, bağışlanması, etibarnamələrin təsdiq edilməsi, kredit müqavilələri, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi kimi hərəkətləri icra etmişdir. Bundan başqa Maraqlı şəxs2 aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır.

34. Göründüyü kimi, işdə olan mötəbər sübutlar Maraqlı şəxs2 tam fəaliyyət qabiliyyətli şəxs olmasını deməyə əsas verir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizənin təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgün olmamışdır.

35. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)- 4792/2017 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)- 4792/2017 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar