Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1258/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısı Aparatı nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı mülki iş üzrə Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əizəçi Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi X7 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-93/2021 saylı mülki iş üzrə 18 yanvar 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan, AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. 2.Mülki işin materiallarında olan, Göygöl Rayon Məhkəməsinin 2(066)-732/2020 saylı mülki iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsini surətindən müəyyən olunur ki, X1 Günay Azay qızından 26 yanvar 2020-ci il tarixdə doğulmuş Şəfiqə adlı uşağın atası hesab edilmişdir.
3. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli 650 nömrəli rəyindən görünür ki, 22 aprel 1982-ci il tarixdə anadan olmuş X2 davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XTB-10 F70.1 xəstəliyi keçirməsi və onun psixi qüsurunun nəticəsində öz hərəkətlərinin mənasını tam anlaya və öz hərəkətlərini tam idarə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs oluna bilməsi müəyyən edilmişdir.
4. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 06 sentyabr 2023-cü il tarixli 4063 saylı rəyinə əsasən 22 aprel 1982-ci il tarixdə anadan olmuş X3 yüngül dərəcəli əqli gerilik müəyyən edilməsi, onun psixi cəhətdən özünü idarə etmək iqtidarında olması, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olmaması müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel 1982-ci il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Göygöl Rayon Məhkəməsinin 2(066)-93/2021 saylı mülki iş üzrə 18 yanvar 2021ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) ərizə təmin edilmiş, 22 aprel 1982-ci il tarixdə anadan olmuş X2 hal-hazırda davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XBT-10 F70.1 xəstəliyi keçirdiyindən və psixi vəziyyətdə davamlı yaxşılaşma müşahidə olunmadığından öz hərəkətlərinin mənasını anlaya və öz hərəklərini idarə edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-93/2021 saylı mülki iş üzrə 18 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ərizəçinin iddia qaldırmaqda məqsədi oğlunu fəaliyyət qabiliyyətsiz etdirməklə X2 onunla birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş Şəfiqənin saxlanması üçün təyin edilmiş aliment öhdəliyindən azad etməkdir. Məhkəmə X2 hazırda hansı işlə məşğul olmasını, eyni zamanda xəstəxananın verdiyi rəyin obyektlivliyini araşdırmamışdır. Hesab edir ki, iş üzrə təkrar məhkəmə psixoloji ekspertizası təyin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10 Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X8 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 28.8. ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
14. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
16. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
22. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
23. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
24. Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
25. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır.
32. Belə ki, apellyatorun şikayətinin əsas dəlili işin obyektiv araşdırılması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilməsi olmuşdur.
33. Məhkəmə kollegiyası MPM-in 319-cu maddəsinin tələblərini diqqətdə saxlayıb, xx.xx.1982-ci tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 06 sentyabr 2023-cü il tarixli 4063 saylı rəyinə əsasən 22 aprel 1982-ci il tarixdə anadan olmuş X3 yüngül dərəcəli əqli gerilik müəyyən edilməsi, onun psixi cəhətdən özünü idarə etmək iqtidarında olması, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olmaması müəyyən edilmişdir.
34. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Kollegiya göstərir ki,Azərbaycan Respublikasının MPM-in 319-cu maddəsinin tələblərinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizələrə baxılarkən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
36. İşə baxmış birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmiş, X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin etmədən və ekspert rəyi almadan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Beləliklə, Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-93/2021 saylı mülki iş üzrə 18 yanvar 2021-ci il tarixli qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384.0.2, 385.1.1, 392, 393, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-93/2021 saylı mülki iş üzrə 18 yanvar 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.