Məhkəmə qərarları › İş №2(103)-4501/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4501/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4501/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: “aliment məbləğinin tam təmin edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1627/2024 saylı, 10 may 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-990/2023 saylı, 17 may 2023- cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 300 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 iddiaçı X2 himayəsində saxlanılması, cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4898/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-990/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməsi, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə hər ay 220 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, yetkinlik yaşına çatmayan övladları onun himayəsində yaşayırlar Ancaq cavabdeh tərəfindən onların saxlanılması üçün ona heç bir maddi yardım göstərilməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1627/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək xx.xx.2024-cü il tarixdən başlayaraq, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli arayış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 06 may 2024-cü il tarixıi məktuba əlavə edilmiş çıxarışdan müəyyən edilir ki, cavabdeh X2 aylıq əmək haqqı 150 manat təşkil edir. Hazırda iddiaçı sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin gəlirləri həmin məbləği ödəmək üçün kifayət etmir və onun başqa gəlirlərinin olması barədə iddia tərəfi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırda sabit pul məbləğində alimentin tutulması cavabdehin hüquqlarının əsaslı şəkildə pozulmasına gətirib çıxara bilər. Məhkəmə iddiaçının əmək haqqının cavabdehdən daha yüksək olmasını; cavabdehin hər hansı daşınar və daşınmaz əmlakının olmamasını, əlavə qazanc mənbəyi əldə etmə imkanının məhdud olmasını nəzərə alaraq hesab edir ki, aliment cavabdehin qazancının və başqa gəlirlərinin hissəsi kimi tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi məbləğdə - yəni 440 manat məbləğində alimentin tutulması ilə bağlı qətnamənin icrası da mümkünsüz olacaqdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə iddiaçının ərizəsində göstərdiklərini əsas götürərək, iş üzrə tam və ətraflı araşdırma aparmadan, övladlarının fikrini nəzərə almadan, maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq uşaqların saxlanılması üçün, arayışda qeyd olunmuş 150 manat əmək haqqının 1/3 hissəsinin qət edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh uzun illərdir ki, müəllimlik fəaliyyəti ilə məşğul olur. Onun hal-hazırda 150 manat məbləğində vəzifə maaşı alması və həmin məbləğlə özünün bildirdiyi kimi, kirayədə yaşayaraq kirayə pulu verməsi, həmin məbləğlə gündəlik yaşayış tələbinin təmin olunması inandırıcı deyil və həqiqəti əks etdirmir. Onda olan məlumata görə cavabdeh əlavə müəllimlik fəaliyyəti ilə məşğul olaraq, repetitor fəaliyyət göstərərək əlavə uşaq hazırlamaqla məşğuldur. Yəni cavabdehin aylıq gəliri sabit pul məbləğini təşkil etmir. Məhkəmə isə əsaslı araşdırma aparmadan, cavabdehin aylıq vəzifə maaşının 2024-cü il üçün yaşayış minimunun (270 manat) yarısını təşkil etdiyini, həmin məbləğlə kirayədə yaşamaq və gündəlik yaşayış tələbatının ödənilməsinin qeyri-mümkünlüyünü nəzərə almadan, iki azyaşlı uşağın yaşaması üçün aylıq cəmi 50 manat məbləğində aliment tutulması barədə qərar qəbul etmişdir. Beləliklə, məhkəmə qətnamə çıxararkən mahiyyətinə varmadan "xxxx" MMC-nin vermiş olduğu arayışı əsas götürərək ona istinad edərək, Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərini kobud surətdə pozmuş, “2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu nəzərə almadan cavabdehin mövqeyindən çıxış edərək əsassız qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 22.2-ci və 22.2.1-ci və 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1 və 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

11.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanun.

«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. “Uşaq hüquqları haqqında” Konvensiya:

Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. “Uşaq hüquqları haqqında” Qanun:

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı mübahisələndirilən hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

24. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, istər sabit pul məbləğində, istərsə də müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.

25. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.

26. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.

27. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

28. Əlbəttə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

29. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki 2,3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

30. Hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının yaxud digər gəlirlərinin daha çox olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti sabit pul məbləğində istəsə də, cavabdeh rəsmi qaydada işlədiyindən məhkəmə qazancının və başqa gəlirlərinin müəyyən hissəsi kimi təmin etmişdir. İddiaçı qətnaməni qanunsuz və əsassız hesab etsə də bu qanunsuzluğun nədən ibarət olduğunu, əsassızlığın isə nədə ifadə olduğunu göstərmir. Başqa sözlə alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsində tutulması qanunsuz və əsassız hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qətnamədə cəmi 50 manatın tutulmasını qət etməmişdir. Məhkəmənin cavabdehin əlavə müəllimlik fəaliyiiyəti ilə məşğul olaraq repititerlik edib-etməməsini araşdırmasına da lüzum olmamışdır. Çünki həqiqətən belə bir fəaliyyəti olduğu və əlavə gəlir əldə etdiyi müəyyən edildiyi halda icra mərhələsində həmin gəlirlər də alimentin tutulması zamanı nəzərə alınacaqdır. Yəni qətnamədə cavabdehin qazancı və başqa gəlirlərinin 1/3 hissəsinin alimentə cəlb edilməsi açıq-aydın göstərilib. Ona görə də qətnamə çıxararkən yalnız "xxxx" MMC-nin vermiş olduğu arayışı əsas götürməsi barədə dəlillər də əsassız hesab edilir.

31. Bununla belə, iddiaçının cavabdehin daha artıq qazancının və başqa gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə, sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.

32. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı zamanı cavabdehin iddiaçı tərəfin tərəfindən təkzib edilməyən izahatlarından bəlli oldu ki, əslində iddiaçının əlavə gəlir yeri(market fəaliyyəti) mövcuddur, apellyasiya şikayəti verməkdə məqsədi isə cavabdehlə olan şəxsi münasibəti ilə əlaqədar olmuşdur. Başqa sözlə, bəlli olur ki, iddiaçı tərəf cavabdeh olan anadan heç də uşaqların mənafeyi baxımından alimentin tam təmin olunmasını deyil, yalnız şəxsi münasibətlərinin gərginləşməsi ilə əlaqədar qarşı tərəfə təsir etmək məqsədi ilə apellyasiya şikayəti verərək alimentin tam təmin olunmaması hissəsini mübahisələndirir. Məhkəmə tərkibinin bu qənaətini Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4898/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılan zaman hazırkı iş üzrə iddiaçının qarşı tərəf olan anadan aliment tələb etməməsi də daha da əsaslı edir. Əlbətdə ki, hüquqdan bu cür sui-istifadə də yolverilməzdir.

33. Təbii ki, apellyasiya instansiyası məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı bu qənaəti kimin üçünsə anlaşılan görünməyə bilər. Lakin bu cür yanaşma tərəflərin qarşılıqlı münasibətləri üzrə, o cümlədən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 ilə bağlı valideyn olaraq hüquqi vəziyyəti ilə bağlı ədalətliliyi təmin etmiş olur.

34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1627/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1627/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar