Məhkəmə qərarları › İş №2(103)-4506/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4506/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4506/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsini təmin edərək, cavabdeh “xxxx” ASC-dən onun xeyrinə sığorta hadisəsi baş verdiyi an ödəniş qrafiki üzrə ödənilməli olan qalıq məbləğin, yəni 20.831,32 manatın 20% həcmində, yəni 4.166,2 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdə ipoteka yolu ilə ərizəsində göstərdiyi fərdi yaşayış evini almışdır. Sənədləşmə zamanı ipoteka götürən şəxslər üçün həyat sığortası məcburi şərt olduğundan “xxxx” ASC ilə aralarında 13.08.2014-cü il tarixdə 13.08.2017-ci il tarixədək qüvvədə olan sığorta müqaviləsi bağlanmışdır. Müqavilə müddəti başa çatandan sonra 01.08.2024-cü il tarixədək aralarındakı müqavilənin müddəti uzadılmışdır. Sığorta ödənişlərində və ipoteka ödənişlərində tərəfindən gecikmələrə yol verilməmişdir. O, sığorta müqaviləsi müddətində xəstələnmiş və 2018-ci ilin fevral ayında İİ qrup əlil olmuşdur. Aralarındakı müqaviləyə və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın təsdiq edilməsi haqqında AR Maliyyə Nazirliyinin G-21 saylı 23.09.2014-cü il tarixli Qərarına, “Sığorta fəaliyyəti haqqında” AR Qanununa və AR MM-nə əsasən sığorta müqaviləsi dövründə əmək qabilimyyətini itirməyi sığorta hadisəsi hesab edildiyindən sığorta ödənişi ilə bağlı cavabdeh şirkətə müraciət etmişdir. “xxxx” ASC 24.02.2020-ci il tarixli cavab məktubunda aralarındakı sığorta müqaviləsi dövründə onun İİ qurup əlil olmağını, əmək qabiliyyətini itirməyini sığorta hadisəsi hesab etməmiş və sığorta ödənişindən imtina etmişdir. AR MMnin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hissəsinin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Lakin cavabdeh aralarındakı müqavilə üzrə AR MM-nin 897.3-cü maddəsində nəzərdə tutulmuş həddə qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Cavabdehin ona ödəməli olduğu sığorta məbləği AR MM-nin 904.2-ci maddəsində nəzərdə tutulduğu kimi icbari sığorta qanunları ilə müəyyənləşdirilir. Aralarındakı müqaviləyə görə o, İİ qrup müddətli əlil olduğundan sığorta ödənişinin həcmi sığorta hadisəsi baş verdiyi an ödəniş qrafikində ödənilməli olan qalıq məbləğin 20% həcmində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş və tərəflərin qarşılıqlı münasibətlərindən düzgün nəticəyə gəlməyib, həmçinin tərəflər arasındakı müqavilənin şərtinin qanunvericiliyə zidd olmasına əhəmiyyət verməyib açıq-aşkar səhvə yol vermişdir. İşə baxan məhkəmə baş vermiş hadisəni sığorta hadisəsi hesab etməmiş və qətnamədə göstərmişdir: “...sığortaçının sığorta ödəmək öhdəliyi sığorta müqaviləsi ilə sığorta riski kimi müəyyən edilmiş hadisələrin baş verməsi ilə şərtləndirilmişdir, yəni sığortalı yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisələrinin baş verəcəyi təqdirdə sığorta şirkətindən sığorta ödənişini tələb edə bilər”. Həmçinin qətnamədə qeyd olunmuşdur ki, “18.04.2017-ci il tarixli M- Lİ P121774/17 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnamsənə əsasən sığorta ödənişinin sığortalıya ödənilməsinin mümkünlüyü İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqələndirilmişdir. İddiaçının əmək qabiliyyətini itirməsi halı qeyd edilən sığorta müqaviləsinə əsasən sığorta ödənişinin verilməsi ilə təminatlandırılmış hallara aid edilməmişdir.” Bundan başqa, cavabdeh Sığorta şirkətinin sığorta bazarındakı üstün mövqeyindən sui-istifadə edərək, qanuna aşkar zidd olan şərti müqaviyəyə əlavə etməsinə hüquqi qiymət verməyərək, həmin şərti onun ziyanına şərh etmişdir. Lakin nəzərə almamışdır ki, o, ipoteka götürmək üçün mütləq şərt olması səbəbilə həyat sığortası bağlamış, cavabdeh isə bu sahədə peşəkar fəaliyyətlə məşğul olan sığorta şirkətdir. Ona görə də məhkəmənin bu xüsusatla bağlı aşağıdakı mövqeyi ədalətli və qanuni hesab edilə bilməz. Beləki, məhkəmə qeyd etmişdir ki, iddiaçı şəhadətnamədə göstərilən halların gələcəkdə onun vəziyyətini ağırlaşdıra biləcəyini iddia etdiyi şərtlərlə tanış olduğu, bu şərtlər barəsində məlumatı olduğu halda müqaviləni imzalamaqdan imtina etmək hüququndan istifadə etməmiş, müqaviləni imzalamaqla şəhadətnamədə qeyd edilənlərə faktiki olaraq razılığını ifadə etmişdir. İşə baxan məhkəmə mübahisənin həllində səhv etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Cavabdeh “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 4.4.2; 5; 7.1 və 18.1-ci bəndlərini pozmuş, məhkəmə bu pozuntulara qiymət vermədən cavabdehin deyil, yalnız onun vəzifələrini təftiş etmişdir. Məhkəmə nəzərə almamışdır ki, onunla cavabdeh ilə sığorta müqaviləsi əvvəlcə 13.08.2014-cü il tarixdə bağlanmış, həmin müqavilədə AR Maliyyə Nazirliyinin Kollegiyasının Q-21 №li, 23.09.2014-cü il tarixli Qərarının 4.4.2 bəndində göstərildiyi kimi “sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsi təyin olunarsa” şərti sığorta riski kimi nəzərdə tutulmuşdur. Lakin 13.08.2017-ci ildə müqavilənin müddəti uzadıldıqda isə cavabdeh sığortaçı mövcud qanunvericiliyə zidd olaraq, müqavilənin həmin şərtini yalnız əlillik dərəcəsinin bədbəxt hadisənin baş verməsindən asılı olmasını sığorta riski kimi göstərmişdir. Müqavilənin bu şərti AR Maliyyə Nazirliyinin Kollegiyasının Q-21 №li, 23.09.2014-cü il tarixli Qərarının 7.1 bəndinə (sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydalırın şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişiklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.) və aralarındakı 13.08.2017-ci il tarixli Sığorta müqaviləsinə (Qaydaların 5-ci bəndində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla göstərilən halları təminat verir) ziddir. Cavabdehin ona ödəməli olduğu sığorta məbləği AR MM-nin 904.2 maddəsində nəzərdə tutulduğu kimi icbari sığorta qanunları ilə müəyyənləşdirilir. Aralarındakı müqaviləyə görə o, İİ qurup müddətli əlil olduğundan sığorta ödənişinin həcmi sığorta hadisəsi baş verdiyi an ödəniş qrafikində ödənilməli olan qalıq məbləğin 20% həcmində müəyyən edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, sığortaçının sığorta ödəmək öhdəliyi sığorta müqaviləsi ilə sığorta riski kimi müəyyən edilmiş hadisələrin baş verməsi ilə şərtləndirilmişdir, yəni sığortalı yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisələrinin baş verəcəyi təqdirdə sığorta şirkətindən sığorta ödənişini tələb edə bilər və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 833, 899, 903 və 922-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası ƏƏSMN TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 08.02.2018-ci il tarixdə “ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla mühitdə artımla və ya artımsız, hər iki ağciyərin yuxarı paylarında keçirilmiş fibrozkavemoz vərəmin qalıq əlamətləri, vərəm infeksiyası, kaxeksiya” diaqnozu qoyularaq 08.02.2023-cü il tarixədək ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar) təyin edilmişdir.(İ.v. 5). İş materiallarında olan, “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış sığorta ödənişinin verilməsindən imtina barədə 24.02.2020-ci il tarixli məktubdan görünür ki, ona İİ dərəcəli əlillik təyin edilməsi barədə 24.10.2019-cu il tarixli müraciətinə uyğun olaraq təqdim olunmuş sənədlər əsasında tərəflərindən tam və hərtərəfli araşdırma aparılmışdır. Bildirilmişdir ki, şirkət tərəfindən 13.08.2017-ci il tarixli M-Lİ P121774/17 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış və həmin şəhadətnamədə onun üçün aşağıdakı sığorta təminatları təyin edilmişdir: istənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%), İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə, istənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi -1 qrup əlillik. Qeyd olunan İİ təminatda “İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə” halı qeyd edilsə də, təqdim olunan əlillik şəhadətnaməsinə əsasən ona 08.02.2018-ci il tarixdə xəstəlik səbəbindən İİ dərəcəli 5 illik (müddətli) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarf”na əsasən bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran, bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisədir. Yuxarıda qeyd edilənlər, eləcə də “Qaydalar”a uyğun olaraq “xxxx” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. (İ.v. 6). İş materiallarında olan, M-Lİ P167225/14 saylı, 06.09.2012-ci il tarixli “İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən 13.08.2014-cü il tarixdən 13.08.2017-ci il tarixədək 30.000 manat məbləğində sığortalanmışdır. Bədbəxt hadisə və xəstəlik nəticəsində sığortalının ümumi əmək qabiliyyətinin daimi tam və qismən itirilməsi hallarında sığorta ödənişinin verilməsinə təminat vermişdir. Müqavilədə əmək qabiliyyətinin tam itirilməsi üzrə müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirilməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində, qismən itirilmə üzrə ödəniş cədvəlinə əsasən sığortalıya ödəniş ediləcəyi şərti göstərilmişdir. (İ.v. 7). İş materiallarında olan, M-Lİ P121774/17saylı, 18.04.2017-ci il tarixli “İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən 13.08.2017-ci il tarixdən 01.08.2024-cü il tarixədək 22.059,34 manat məbləğində sığortalanmışdır. İstənilən səbəbdən ölüm, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə (20%) bədbəxt hadisə və İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və istənilən səbəbdən əmək qabiliyyətinin daimi tam itirilməsi - bədbəxt hadisə İ qrup əlillik hallarına təminat verilmişdir. (İ.v. 8). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır Həmin Məcəllənin 899.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi yazılı formada: 899.1.1. Tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. Müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. İcbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada bağlanır. Həmin Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarına əsasən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir (1.1). Qaydalara əsasən, sığorta hadisəsi-sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (2.0.11). Kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran - bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə bədbəxt hadisə hesab edilir (2.0.12). Bu Qaydalara əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı sığorta olunanın ölməsi, sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması risklərindən sığorta təminatı verir (4.4). Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır (7.1). Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Belə ki, ƏƏSMN TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsindən göründüyü kimi, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hərbi xidmət zamanı aldığı xəstəliklə əlaqədar 08.02.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. 18.04.2017-ci il tarixli, M-Lİ P121774/17 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin sığortalıya ödənilməsinin mümkünlüyü İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək qabiliyyətini itirməsi halı qeyd edilən sığorta müqaviləsinə əsasən sığorta ödənişinin verilməsi ilə təminatlandırılmış hallara aid edilməməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin şəhadətnamədə göstərilən halların onun vəziyyətinin pisləşləşməsinə əsas olduğu barədə dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, İddiaçı şəhadətnamədə göstərilən halların gələcəkdə onun vəziyyətini ağırlaşdıra biləcəyini iddia etdiyi şərtlərlə tanış olduğu, bu şərtlər barəsində məlumatlı olduğu halda müqaviləni imzalamaqdan imtina etmək hüququndan istifadə etməmiş, müqaviləni imzalamaqla şəhadətnamədə qeyd edilənlərlə faktiki olaraq razılaşdığını ifadə etmişdir. Belə ki, icbari sığortanın şərtlərindən fərqli olaraq, sığorta müqaviləsində şərtlərin müəyyən edilməsi tərəflərin iradə ifadəsindən asılıdır, sığorta ödənişlərinin həyata keçirilməsi və ödənilməsindən imtina əsasları dispozitiv qaydada tərəflər arasındakı müqavilə ilə təsbit edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4994/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar