Məhkəmə qərarları › İş №2(103)-4508/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4508/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4508/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)-790/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 2000-ci ildə Azərbaycan Respublikası Ali Hərbi Məktəbə daxil olmuş, 2004-cü ildə hərbi məktəbi bitirmiş və həmin tarixdən Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi hərbi xidmətə başlamış və 22 mart 2012-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 27.07.2007-ci il tarixli, 1401 nömrəli arayışına əsasən “hər iki ayağın xroniki məhdud, tez-tez residivləşən ekzeması, natamam remissiya mərhələsində, hər iki bazu oynaqlarının bağ aparatının zəifliyi nəticəsində qeyri-stabilliyi, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozu qoyulmuş və həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiayasının 24.10.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı yuxarıda qeyd olunan xəstəlikləri hərbi xidmət dövründə almışdır. Tibbi-Sosial Ekspert Komissiayasının apardığı müayinələrə əsasən İddiaçı 03 aprel 2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilməklə, həmin əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olduğu göstərilmişdir. İİ qrup əlillik dərəcəsi almağına görə ona sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə etdiyi müraciətə, Şirkət tərəfindən baxılaraq 02 avqust 2018-ci il tarixli, 07-07- 633 nömrəli məktubla ödənişin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinaya səbəb kimi 22.03.2012-ci il tarixdə hərbi xidmətdən təxris olunduğundan 3 il keçdikdən sonra müraciət etməyi göstərilmişdir. Beləliklə, işin faktiki halları ilə mübahisəsiz qaydada İddiaçı hərbi xidmət zamanı yuxarıda qeyd olunan xəstəliklərin alındığı və xəstəliklə əlaqədar olaraq ona ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Belə ki, əlillik dərəcəsinin 3 il müddətində alınmadığı barədə dəlillə əlaqədar bildirirlər ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 24.04.2011-ci il tarixli hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 03 avqust 2016-cı il tarixdə həbsdən azad edilmişdir. Beləliklə, Dövlət Sığorta Kommersiya Şirkətinin əsas gətirdiyi 3 illik müddət İddiaçı tərəfindən üzürlü olaraq buraxılmışdır ki, buna səbəb qeyd etdiyi kimi onun 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi olmuşdur. Belə olduğu halda isə iddia təmin edilməli və cavabdehdən 6.600 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)-790/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)- 790/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilən İİ dərəcəli əlillik hərbi xidmətdən tərxis olunandan 6 il sonra verilmişdir. Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir : ç) hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı, gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: 1-ci dərəcə əlilliyə görə - 80 faiz: 2-ci dərəcə əlilliyə görə - 60 faiz: 3-cü dərəcə əlilliyə görə - 40 faiz. Baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunan aşağıdakı zəruri hallar baş verməlidir: Baş vermiş hadisə hərbi qulluqçunun hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma. kontuziya) alması nəticəsində baş verməlidir. Baş vermiş hadisə nəticəsində hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmalıdır. Yəni, ehtiyata və ya istefaya buraxılmasının səbəbi hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə aldığı xəsarət və ya xəstəlik olmalıdır. Ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma. kontuziya) və ya xəstəliklə əlaqədar sığorta olunana əlillik üç- il müddətində təyin olunmalıdır. Yəni, əliliyinə səbəb olan hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Nəzərinizə çatdırırıq ki, hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərli qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların /asr/c/Zr/rmr/ və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddəi keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin (“Əsasnamə”) 1.9-cu maddəsinə əsasən hərbi-həkim komissiyasının hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Təqdim olunan sənədlərdən də göründüyü kimi keçmiş hərbi qulluqçu İddiaçı əlillik təyin olunarkən, hərbi-həkim komissiyasının qərarı (şəhadətnaməsi və.s.) qüvvədən düşmüşdür. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən 01.06.2016-cı il tarixdə verilmiş EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 24.06.2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 057 saylı, 22.03.2012-ci il tarixli əmrinə əsasən (158-ci maddənin “a” bəndinə - törətdiyi cinayətə görə) Azərbaycan Respublikasının SQ-dən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası tərəfindən tərtib edilmiş 1401 saylı arayışdan görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı xəstəliyini hərbi xidmət dövrünə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 24.10.2016-cı il tarixli, 1055 saylı qərarından görünür ki, İddiaçı “hər iki ayağın xroniki məhdud, teztez residivləşən ekzeması, natamam remissiya mərhələsində. Hər iki bazu oynaqlarının bağ aparatının zəifliyi nəticəsində qeyri-sabitliyi, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyi hərbi xidmət dövründə alınmışdır. X1 çıxarışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 02.08.2018-ci il tarixli, 07- 07-633 nömrəli cavabından görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə təqdim etdiyi sənədlərə baxılaraq bildirirlər ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, 22 mart 2012-ci ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 03 aprel 2018-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə ona İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2 və 14.2.2-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: -2 qrup əlilliyə görə — 60 faiz; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kollegiya hesab edir ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı Bəykişi oğluna sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hadisələri və ödənişləri haqqında 5-ci maddəsinin “ç” bəndinin birinci abzasına əsasən iddiaçı X3 ümumi sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xtdmət dövrundə alması və məhz bunun nəticəsində əlililk dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Həmin normanın məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığı müəyyən olunur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)- 790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar