Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4509/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi İbrahimova Zöhrə Əli Əşrəf qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 (Bakı şəhəri 43 saylı notariat ofisi və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının Sevda Məmmədovanın qanun üzrə vərəsəsi kimi tanınması, onun tərəfindən miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, 32 saylı DNK-da Cavabdeh1 ilə Vadim Seyfıyev arasında bağlanmış 4Ə-449 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Vadim Seyfıyevin adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, daha sonra tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 40 saylı evin 76-cı mənzilin satılmasından əldə edilmiş 56.000 manat məbləğində puldan vərəsə kimi ona düşən 1/3 payın dəyərinin, yəni 18.660 manatın Cavabdeh1 alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində notariusa müraciət etdiyini, lakin notariat kontoru tərəfindən imtina edildiyini bildirsə də, qeyd olunanlarla bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına rəsmi müraciət etməmiş, həmin müddəti üzrlü və ya üzrsüz səbəblərdən ötürmüşdür. Qanun üzrə vərəsə olsa da, miras əmlaka dair vərəsəlik hüquqlarını rəsmiləşdirmədən və ya vərəsəlik hüquqlarının rəsmiləşdirilməsindən notariat kontorunun imtinasını almadan məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, mirasın qəbulu üçün müəyyən edilmiş 3 aylıq müddəti ötürməkdən əlavə, vərəsəliyin açılmasından hal-hazıra kimi də mirası əmlakın qəbulu üçün notariat kontoruna rəsmi müraciət etməmişdir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən vərəsəlik işinin açılmasından 6 ay keçəndən sonra mirasın qəbulu üçün qanunla müəyyən edilmiş bütün mümkün tələblərin şərtlərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz təqdim edərək, həmçinin bildirmişdir ki, iddiaçı miras qoyan Sevda Əfəndiyevanın ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət etmiş, lakin müraciətindən imtina olunmuşdur. İddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onun və digər vərəsə Esmira Məmmədovanın adını gizlədərək, öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və miras əmlakın bütün kütləsinə sahib olmuşdur. Bundan sonra, o, pozulmuş hüquqlarının bərpası üçün vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə kimi tanınma, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh növbəti dəfə qanun pozuntusuna yol verərək, mülki qanunvericiliyin vicdanlılıq prinsipini pozmuş, məhkəmənin icraatında olan iddaya məhəl qoymadan mübahisəli mənzili xx.xx.2019-cu il tarixdə başqa şəxsə satmışdır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, birinc instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi isə, bildirmişdir ki, İddiaçı, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmişdir. Notriat osifinə bununla bağlı hər hansı ərizəsi daxil olmamışdır. Cavabdeh1, xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət etmiş və ərizəsində miras qoyanın ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Notarius da başqa vərəsələrin olması müəyyən olunmadığı üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh1 şəhadətnamə vermişdir. Odur ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində heç bir qanun pozuntusuna yol verilmədiyindən, şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı, Cavabdeh1 və üçüncü şəxs Esmira Məmmədova miras qoyan Sevda Əfəndiyevanın vərəsələridir və sonuncunun başqa vərəsəsi yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, 76 saylı mənzil xx.xx.2018-ci il tarixdə Sevda Əfəndiyevanın adına qeydiyyata alınmışdır. Sevda Əfəndiyeva, xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh1, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Sevda Əfəndiyevanın bacısı olaraq vərəsəsidir, mərhumun başqa vərəsəsi yoxdur. Həmin gün Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Cavabdeh1 “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş və qeyd olunan mənzil xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh1, mənzili alqı-satqı müaviləsinə əsasən 56.000 manata Cavabdeh2 satmışdır. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, doğum və ölüm haqqında şəhadətnamələr, Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V/80 saylı notariat işinin təsdiq dilmiş surətləri, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, qanun üzrə vərəsə olduğuna, digər vərəsə Cavabdeh1 miras açıldıqdan sonra notariat kontoruna müraciət edərək, başqa vərəsənin olmasını gizlətməklə vərəsəlik şəhadətnaməsi almasına istinad edərək, vərəsə kimi miras əmlakda pay hüququnun tanınmasını və miras əmlakın satılmasından əldə olunan vəsaitin payına uyğun olaraq 1/3 hissəsinin ona verilməsini tələb edir. Cavabdeh isə, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş 3 aylıq, eyni zamanda 6 aylıq müddətin ötürüldüyünü bildirərək, iddiaya etiraz edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə-ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, qanunverici, vərəsənin miras əmlakı qəbul etməsinin yol verilənliyini altı aylıq müddətlə məhdudlaşdırmışdır ki, yalnız həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı işdə İddiaçı bildirir ki, miras qoyanın ölümündən sonra (xx.xx.2019-cu il) Bakı şəhəri 43 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhaətnamənin verilməsini xahiş etmiş, lakin ərizəsindən imtina olunmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı vərəsə kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddəti ötürməmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda, miras açıldığı andan, yəni xx.xx.2019-cu il tarixdən miras kütləsinə daxil olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, 76 saylı mənzil üzərində başqa vərəsələrlə yanaşı İddiaçı da 1/3 pay nisbətində vərəsəlik (mülkiyyət) hüququ olmuşdur. Ona görə də, həmin miras əmlak vərəsələr arasıında bölüşdürülərkən vərəsə kimi iddiaçının daəmlak mənafeyi nəzərə alınmalı idi. Bu səbəbdən Kollegiya vurğulayır ki, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı konstitusion səviyyədə müəyyən edilmiş təminatlar İddiaçı də şamil edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Lakin baxılan işin faktiki hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi, Mülki Məcəllənin 1318-ci və 1322-ci maddələrinin tələblərini pozaraq, miras qoyanın bütün vərəsələrinin axtarılması üçün tədbirlər görmədən və qanunla müəyyən edilmiş altı aylıq müddəti gözləmədən, də yalnız Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsi əsasında həmin gün mübahisəli mənzilə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hal, iddiaçının mənzil üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Odur ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən İddiaçı mirasdakı payı nəzərə alınmadan Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-80 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalıdır. Bu səbəbdən, həmin şəhadətnamə əsasında miras əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Elvira Məmmədvanın adına aparılmış qeydiyyat və həmin qeydiyyatı özündə əks etdirən çıxarış da etibarsızdır. Bununla belə, məhkəmə kollegiyası, Cavabdeh2 vicdanlı alıcı hesab edərək, mübahisəli mənzilin Cavabdeh1 tərəfindən ona özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsini etibarlı əqd hesab edir. Ona görə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində daşınmaz əşyanı reyestr məlumatlarına əsasən əldə edən vicdanlı şəxsin hüquqlarının qorunduğu təsbit olunmuşdur. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Hazırkı işin hallarından görünür ki, mübahisəli mənzilin Cavabdeh2 satılmasına dair müqavilə həmin mənzilin rəsmi reyestrdə Cavabdeh1 adına olması barədə məlumatlar əsasında bağlanmışdır. Alıcı Cavabdeh2 həmin məlumatın həqiqi, yəni Cavabdeh1 mənzili mülkiyyətinə keçirməsinin hüquqi əsası olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlı olmamasını bilmədiyini İddiaçı də mübahisələndirməmişdir. Bu hal ona dəlalət edir ki, hazırkı mülkiyyətçi Cavabdeh2 əşyanın mülkiyyətini əldə edərkən vicdanlı olmuşdur. Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyi, onlara güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Yuxarıda göstərildiyi kimi, əşya üzərində vicdanlı üçüncü şəxsin mülkiyyət hüququ qazanması, ondan öncəki şəxs(lər)in hüququnu itirməsi deməkdir. Bu halda hüququnu itirən şəxs düşdüyü zərərin əvəzinin ona ödənilməsini tələb edə bilər. Baxılan işdə Cavabdeh2 vicdanlı əldə edən şəxs kimi mübahisəli mənzil üzərində mülkiyyət haqqı qazanmış və İddiaçı mənzilə eyni hüququnu itirmişdir. Belə olan halda, İddiaçı düşdüyü zərəri tələb etmək hüququ vardır. Məlum olduğu kimi, iddiaçıya həmin zərər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinin qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı qaydaları pozmaqla İddiaçı miras əmlakda pay hüququnu nəzərə almadan yalnız Cavabdeh1 adına etibarsız şəhadətnamə verilməsi nəticəsində vurulmuşdur. Mülki Məcəllənin 337.5-ci maddəsi əqd etibarsız sayıldığı halda tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir (ikitərəfli restitusiya). Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisəli mənzilin vicdanlı əldə edən Cavabdeh2 alınaraq qaytarılması mümkün olmadığına görə, mənzilin satılması nəticəsində Cavabdeh1 əldə etdiyi pul vəsaitinin (56.000 manat) miras əmlakdakı payına mütənasib olaraq 1/3 hissəsi (18.660 manat) İddiaçı qaytarılmalıdır. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5293/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4509/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4509/2020
19.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver