Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4512/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və X3 qarş “pul” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 cavabdehlər Cavabdeh1 və X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizə və ona əlavə edilən sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə ərizəni və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, ərizədə iddiaçı qismində "xxxx" ASC göstərilməli olduğu halda, səhvən "xxxx" ASC-nin nümayəndəsi X5 qeyd olunmuşdur. Bundan əlavə məhkəmə müəyyən edir ki, X2 etibarnamə verən Ramin Məmmədovun iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri olmasını təsdiq edən sənədin və ya "xxxx" ASC-nin qanuni təmsilçisi barədə dövlət reyestrindən çıxarışın surəti iddia ərizəsinə əlavə edilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı "xxxx" ASC Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, e- 2(002)- 1930/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı qismində "xxxx" ASC-nin nümayəndəsinin göstərilməsi iddia ərizəsinin geri qaytarılmasına əsas verən hal deyil. Belə ki, Azərbaycan Respublikası MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə tərəflərnindən iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinin geri qaytarılmasının digər əsası iddia ərizəsinə etibarnaməni imzalamaq səlahiyyəti olan şəxsin, iddiaçı "xxxx"ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədovun səlahiyyətlərini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməməsi ilə bağlıdır. Bununla bağlı bildirir ki, "xxxx" ASC-nin İdarə heyətinin sədrinin cənab Ramin Məmmədov olması "xxxx" ASC-nin rəsmi saytı olan bakisigorta.az saytında göstərilmişdir və həmin sayta girişə heç bir məhdudiyyət yoxdur. Məhkəmə bu halı müəyyən etmək əvəzinə, formal əsaslar göstərməklə iddia ərizəsini geri qaytarmışdır. Bununla yanaşı "xxxx" ASC-yə dair kommersiya qurumunun dövlət reyestrindən çıxarışı şikayətə əlavə edir və çıxarışdan da "xxxx" ASC-nin İdarə heyətinin sədrinin cənab Ramin Məmmədov olduğu müəyyən olunur.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsində qeyd edilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
10. Həmin Məcəllənin 69.1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
11. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
12. Həmin Məcəllənin 69.3-cü maddəsində qeyd edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.
13. Həmin Məcəllənin 284-3.2.2-ci maddəsində qeyd edilir ki, iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir.
14. Həmin Məcəllənin ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. İddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddia ərizəsi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən elektron qaydada imzalanmış, ərizəyə X1 etibarnaməsi əlavə edilmişdir.
19. "xxxx" ASC-nin nümayəndəsi X2 verilmiş etibarnamə "xxxx" ASC-nin İdarə heyətinin sədri Ramin Məmmədov tərəfindən imzalanmış olsa da iş materiallarına onun İdarə Heyətinin sədri olması ilə bağlı sənədlər əlavə edilməmiş, sonradan verilmiş şikayətə əlavə edilmişdir.
20. Digər tərəfdən iddia ərizəsi "xxxx" ASC hüquqlarının pozulması, cavabdehlərdən müştərək qaydada pulun tutularaq iddiaçıya verilməsi ilə bağlı verilmiş olsa da iddia ərizəsində iddiaçı olaraq "xxxx" ASC-nin nümayəndəsi X4 qeyd edilməklə qanunvericiliyin tələbi pozulmuşdur.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1930/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev